Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:08

Agatha Christie-nin «Şərq ekspresi» yenə yola düşəcək - İstanbuldan Parisə…


«Şərq ekspresində ölüm» filmindən kadr

«Şərq ekspresində ölüm» filmindən kadr

-
Agatha Christie-nin «Şərq ekspresində ölüm» (Murder on the Orient Express) adlı romanı əsasında yenə film çəkiləcək.

Bu dəfə ünlü rejissor Ridley Scott detektivin prodüseri olacaq.

«The Hollywood Reporter» filimin üzərində tanınmış prodüserlər Simon Kinberg -in və Mark Gordon-un da çalışacağını yazıb.

Filmi «Fox» studiyası çəkəcək.

Romanı kino dilinə çevirəcək ssenaristlərin və rejissorun kimliyi hələ bəlli deyil.
Agatha Christie-nin bu romanı ilk dəfə 1934-cü ildə çıxıb.

«Şərq ekspresi» xəfiyyə Hercule Poirot haqqında yazılan silsiləyə daxildir.
1920-ci ildən 1975-ci ilə qədər bu seriyadan 33 roman, 51 hekayə çıxıb.

«Şərq ekspresi»ndə hadisələr İstanbuldan Parisə yol alan bir sərnişin qatarında cərəyan edir.

Xəfiyyə Poirot hərəkət edən qatarın kupesində baş vermiş cinayəti açmağa çalışır.

Bu roman Agatha Christie-nin ən məşhur romanı sayılır.

Roman dəfələrlə ekranlaşdırılıb.

Hətta 2006-cı ildə onun motivləri əsasında kompüter oyunları da çıxıb.

Romandan 1974-cü ildə çəkilən ilk tammetrajlı film 6 nominasiyada «Oscar» alıb.
Filmdə Poirot-u Albert Finney, Greta Ohlsson-u əfsanəvi aktrisa Ingrid Bergman oynayıb.

2001-ci ildə CBS kanalı üçün bu əsər təzədən ekranlaşdırılıb. Poirot rolunu Alfred Molina canlandırıb.

2010-cu ildə «Puaro» adlanan serialın bir filmi də «Şərq ekspresində ölüm» (Murder on the Orient Express) olub.

Bu serialda Poirot-u hamının xatırladığı David Suchet oynayıb.

Dünyada «Şərq ekspresi» adlanan qatar 1883-cü ildə İstanbulla Paris arasında fəaliyyətə başlayıb.

Bu şəxsi kompaniya olan «Orient-Express Hotels»in lüks sinifli qatarı olub.

Onun kupelərində isti-soyuq sulu əlüzyuyan olub.

Qatarda restoran fəaliyyət göstərib.

Zamanının məşhur şəxsiyyətləri bu qatardan istifadə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG