Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:44

Qarabağ üçün Türkiyə planı? [Video]


-


-
«İşdən sonra» verilişində Türkiyə xarici işlər naziri Ahmet Davutoğlu-nun Ermənistana səfəri və Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən proseslər müzakirə olunub. Mövzuyla bağlı politoloqlar Fikrət Sadıqov, Elxan Şahinoğlu və Fərhad Mehdiyev fikir bildiriblər.

Elxan Şahinoğlu iki rayonun boşaldılması təklifini müsbət hesab etsə də, qəbul ediləcəyinə inanmır:

«Oktyabr ayından başlayaraq Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu Ermənistan istiqamətində xeyli fəallaşıb, müəyyən açıqlamalar verir. Onun Ermənistana səfəri Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasının toplantısında iştirakla bağlı olsa da, hiss olunur ki, Ankara Ermənistanla münasibətləri tənzimləmək üçün bir yol xəritəsi hazırlayıb. Bu xəritə İsveçrədə hazırlanan protokollardan fərqlənir. Bu dəfə Davutoğlu prosesi Azərbaycanla razılaşdıraraq həll etmək istəyir. İki rayonun boşaldılması mövzusu da burdan doğub. Ancaq mən A.Davutoğlu-nun optimizmini bölüşmürəm. Bu məsələdə birinci əngəl Azərbaycan hakimiyyətidir. Çünki Azərbaycan hakimiyyəti beş rayonun azad edilməsini istəyir. İkinci əngəl Ermənistan hakimiyyətidir. Ermənistan prezidenti daxili millətçi qüvvələrdən ehtiyat edir. Üçüncüsü, Rusiya hakimiyyəti iki rayonun boşalmasına seyrçi qalmayacaq. Bütün bunlara baxmayaraq, Ankaranın atdığı addımlar təqdirəlayiqdir. İki rayonun boşaldılması «Madrid planı»nın tədricən işə düşməsinə səbəb ola bilər…».

Fikrət Sadıqov düşünür ki, Rusiyanın marağı problemin həllinə əngəl yaradır:

«Əgər söhbət Türkiyə-Ermənistan münasibətlərindən gedirsə, birinci məsələ sərhədlərin açılması, ikinci məsələ Dağlıq Qarabağ probleminin həllidir. Rusiyanın məsələyə münasibəti fərqlidir. Bir tərəfdən Rusiya istəyir ki, Ermənistan təcrid vəziyyətindən çıxsın. Bunun çıxış yolu isə sərhədlərin açılması, iqtisadiyyatın canlanması, sosial-iqtisadi problemlərin həllidir. Ermənistanı Türkiyə bazarı maraqlandırır. Prosesin şərtlə, torpaqların boşalması yoluyla həll olunması isə Rusiyaya sərf etmir…».

Fərhad Mehdiyev A.Davutoğlu-nun səfərinə qarşı Ermənistanda aksiyaların planlı olduğunu deyir:

«İki il əvvəl sülh protokollarının imzalanması ərəfəsində Ermənistan cəmiyyəti öz etirazını ortaya qoydu. Ermənistan hakimiyyəti sərhədlərin şərtsiz açılmasını istəyir. A.Davutoğlu-nun Ermənistana səfərinə etirazlar Ermənistan hakimiyyətinin sifarişidir. Onlar göstərmək istəyirlər ki, bizim cəmiyyətdə təpki var. Digər tərəfdən, Ermənistan öz qərarlarını özü vermir. Burada Rusiyanın maraqları var. Məncə, ermənilərin bu təklifi qəbul etməsi mümkün deyil. Ermənistan təcriddən çıxsa, Rusiyanın buradakı mövqeyi zəifləyər. Türkiyə-Ermənistan sərhədlərinin şərtsiz açılması Azərbaycanın maraqlarına uyğun deyil. Bu, Ermənistanın, az da olsa, güclənməsinə səbəb olur. Ancaq iki rayon boşaldılsa, Ermənistan işğal faktını təsdiqləyəcək…».
XS
SM
MD
LG