Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:15

İrandan kafel gətirən maşınlar 45 gündür Astara gömrüyündə saxlanır...


Saxlanılan maşınların sürücüləri

Saxlanılan maşınların sürücüləri

-
AzadlıqRadiosunda Astara gömrüyündə İrandan Azərbaycana kafel gətirən 15-dək yük maşınının oktyabrın 27-dən saxlanması barədə məlumat gedib. Onda ümid edilirdi ki, müvafiq orqanlar bu məsələyə reaksiya verəcəklər.

Gömrükdə saxlanan maşınların sürücülərinin dediklərinə görə, artıq aradan 2 aya yaxın bir vaxt keçsə də hələ bu barədə tədbir görən yoxdur. Nə gömrük, nə də yerli dövlət orqanları sürücülərin şikayətlərinə baxmaq istəmirlər. Sürücülər Bakıya prezident adminstrasiyasına şikayətə getmək qərarına gəliblər.

Sürücülərdən Astara rayonunun Ərçivan kənd sakini Sahib Zeynalovun sözlərinə görə, neçə ildir ki, keçiddən istifadə edərək yük daşıyırlar. Heç vaxt belə vəziyyətə rast gəlməyiblər:

“BİR ƏLACIMIZ QALIB...”

“Təşkilatlar qalmayıb ki, bu barədə onlara müraciət etməyək. Hamı bizə rədd cavab verir. Mal sahibinin gömrüklə bağlı konfliktinin bizə aidiyyəti yoxdur. Yük vurub gətirmişik, sənədlərimizin hamısı da yerində, hamısı düzdür.

Onun nə problemi var, onluqdur, bizlik deyil. Hərəmiz 6-7 baş ailə dolandırırıq, o maşınla. Qabaqdan qış gəlir, ailəmi nə ilə dolandırmalıyam? Maşınla o ailəni dolandırıram. Bir əlacımız qalıb prezident aparatına gedək. Bizə çarə eləsə, o edəcək.”

Sürücü Vidadi Hüseynov

Sürücü Vidadi Hüseynov

Sürücülər deyir ki, yükləri terminalın həyətində boşaltmaq mümkündür. Çox qəribədir ki, yükləri nə buraxırlar, nə də ki, boşaldırlar. Sürücü Vidadi Hüseynov deyir ki, Astara keçid məntəqəsindən ən çox İran və Rusiyaya məxsus yük maşınlarının sürücüləri istifadə edirlər.

Onun sözlərinə görə, əgər gün ərzində 150 yük maşını gömrükdən keçirsə, onlardan 30-u 40-ı Azərbycanın olur. Həmin ölkələrin yük maşınları üçün heç bir problem olmur. Lakin Azərbaycanın yük maşınlarına həmişə belə problemlər yaradırlar:

“NƏ BİZƏ ŞİRKƏTİN SAHİBİ YİYƏ ÇIXIR, NƏ DƏ GÖMRÜK BİR SÖZ DEYİR”

“Maşınlar qalıb orda. Çörək yoxdur yeməyə. Bu əziz gündə camaat evində ehsan verir, bizim isə çörəyimiz yoxdur. Bir ay yarımdır qalmışıq. Nə bizə şirkətin sahibi yiyə çıxır, nə də gömrük bir söz deyir. Qalmışıq aralıqda. Bilmirik nə edək? 15 maşın, 15 ailəni qoyublar çörəksiz.”

Sürücü Eldar Hüseynov deyir ki, hər gün terminalın qarşısında toplaşırlar. Saatlarla gözləyirlər ki, bəlkə maşınlara yaxın buraxdılar. Lakin günlər keçsə də buna əhəmiyyət verən yoxdur. Sanki heç nə olmayıb:

“Bir ay yarımdır üstündən keçib, yükə sahib duran yoxdur. Hara şikayət eləmişik, heç kim şikayətimizi qəbul eləmir. Özümüz də sürücüyük, heç yerdən qazancımız yoxdur. Maşına baxırıq. Maşın qazanc gətirsə, onunla da ailəmizi saxlayırıq.”

SAHİBKAR NƏ DEYİR?

Saxlanan mallar “Ulduz” firmasına məxsusdur. Kafel yüklənmiş 15-ə yaxın yük maşınının sürücüləri nəqliyyat vasitələrinin onlara verilməsini istəyirlər. Lakin gömrük maşınları buraxmır. Firmanın sahibi Mədət Pənahov deyir ki, yüklə bağlı bütün sənədləri yerindədir. Gömrük rüsumları da ödənilib.

O iddia edir ki, Astara gömrüyü ondan yüksək çinli monopolistlərlə “razılaşmasını” tələb edir. Bu isə sahibkarın sözlərinə görə, o deməkdir ki, yüklərə əlavə pul ödənilməlidir. Sahibkar bunu qanunsuz hesab edir və məhkəməyə müraciət etdiyini deyir. Onun sözlərinə görə, yük maşınlarının gömrükdə saxlanması onun günahı deyil. Sürücülər öz haqlarını gömrükdən tələb etməlidirlər.

Bu məsələyə aydınlıq gətirmək üçün dəfələrlə həm Astara gömrük keçid məntəqəsinə, həm də gömrük komitəsinin mətbuat xidmətinə müraciət etsək də onlardan suallarımıza cavab ala bilmədik.

İCRA HAKİMİYYƏTİ İŞƏ QARIŞMIR...

Astara rayon icra hakimiyyəti başçısının müavini Xanverdi Şirinov isə deyir ki, gömrük onların səlahiyyətlərinə daxil deyil. O deyir ki, gömrükdə saxlanan maşınların sürücüləri Astarada yaşadıqlarına görə bu məsələ ilə maraqlanacaqlar.

Sabiq gömrük işçisi Elman Hüseynov deyir ki, Astara gömrüyünün yük maşınlarını heç bir səbəb göstərmədən saxlaması qanunsuzluqdan başqa bir şey deyil. Onun bildirdiyinə görə, Astara gömrüyündə baş verən qanunsuzluqlar barəsində yuxarı instansiyalara müraciət edib. Hətta bu barədə Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirliklərinə də məktub göndərib.

Üstəlik Azərbaycan Gömrük Komitəsinin sədri Aydın Əliyev Astarada vətəndaşları qəbul edərkən belə hallarla bağlı ona da məlumat verib. Elman Hüseynovun sözlərinə görə, gömrük komitəsindən ona göndərilən cavab məktubunda bildiriblər ki, qaldırdığı məsələlər yoxlanılıb. O, məhkəmələrin də bu barədə düzgün qərar çıxaracaqlarına inanmır.

Sürücülər isə Astara gömrüyündə hələ də gözləyirlər...
XS
SM
MD
LG