Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:52

Cəmil Həsənliyə teledebatda çıxışına görə MSK-nın xəbərdarlığına Avropa Məhkəməsində baxıla bilər


Hafiz Həsənov

Hafiz Həsənov

-
Son prezident seçkiləri ilə bağlı Avropa məhkəməsinə 2, BMT İnsan Hüquqları Komissiyasına 4 şikayət hazırlanır. Seçki şikayətlərinin yekunlarına həsr olunmuş tədbirdə «Hüquq və İnkişaf» İctimai Birliyinin rəhbəri Hafiz Həsənov belə deyib.
Onun sözlərinə görə, seçki pozuntuları ilə bağlı bütövlükdə 600-ə yaxın şikayət alıblar:

«Bu şikayətlər əsasında seçki komissiyalarına 172 ərizə göndərilib. Pozuntularla bağlı seçki komissiyalarına və məhkəmələrə 43 şikayət verilib. Təəssüf ki, Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa İnsan Haqları Məhkəməsi prezident seçkiləri ilə bağlı şikayətlərə baxmır. Amma indiki halda biz iki işi Avropa Məhkəməsinə aparmağa hazırlaşırıq. Bu işlər seçkilərdə ifadə və məlumat azadlığının pozulması ilə bağlıdır».

«İNDİ KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ MÜRACİƏT ETMƏYƏ HAZIRLAŞIRIQ»

Hafiz Həsənov bildirir ki, həmin şikayətlərdən biri Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənliyə teledebatda çıxışına görə MSK-nın xəbərdarlığı, digəri namizədlərin əmlak və gəlirlərinin açıqlanmasına dair sorğuların cavablandırılmaması ilə bağlıdır:

«Cəmil Həsənli televiziya debatında indiki prezident və prezidentliyə namizəd İlham Əliyev haqqında tənqidi fikirlər səsləndirmişdi. MSK bu çıxışa görə ona ciddi xəbərdarlıq etmişdi. İTV-də teledebat

İTV-də teledebat

Biz bu işi məhkəmədə mübahisələndirdik. Həmin məsələ, əslində, ifadə azadlığının pozulmasıdır. Bu hal ATƏT-in aralıq hesabatında da İnsan Hüquqları üzrə Konvensiyanın 10-cu maddəsinin pozulması kimi öz əksini tapıb. Digər bir məsələ – namizədlərin əmlak və gəlirlərinin açıqlanması ilə bağlı müraciətləri MSK-nın açıqlamamasıdır. Bununla seçicilərin məlumat almaq hüququ pozulub. Bu iki işə Ali Məhkəmədə baxılıb. İndi Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşırıq».

Hafiz Həsənov «exit-poll» keçirən təşkilatlarla bağlı qaydalarda qanunvericiliyə zidd olan çoxsaylı məqamları da məhkəməyə çıxaracaqlarını deyir:

«Biz bu məsələləri məhkəmədə mübahisələndirmişik. İş Ali Məhkəmədə baxılmaq ərəfəsindədir. Burda da şikayətimiz təmin edilməsə, Konstitusiya Məhkəməsinə üz tutacağıq».

«ƏVVƏLKİ SEÇKİLƏRDƏN FƏRQLİ OLARAQ...»

«Hüquq və İnkişaf» İctimai Birliyi şikayətlərə seçki komissiyalarında və məhkəmələrdə baxılmasının da monitorinqini aparıb:
9 oktyabr seçkiləri

9 oktyabr seçkiləri


«Əvvəlki seçkilərdən fərqli olaraq MSK və məhkəmələr seçki günü baş verən pozuntularla bağlı şikayətləri mahiyyəti üzrə araşdırmaqdan yayınıb. Əvvəlki seçkilərdə, formal da olsa, belə şikayətlərə baxılır və şikayətin təsdiqini tapmadığı bildirilirdi. İndi isə şikayətlər heç araşdırılmayıb. Bu, artıq geriyə addımdır».

Hafiz Həsənovun fikrincə, bununla istər Mərkəzi Seçki Komissiyası, istərsə məhkəmə seçki günü pozuntuların olmasını tam yalanlayır:

«Halbuki əvvəlki seçkilərdə baş verən pozuntular eyni qaydada təkrarlanıb. Amma seçki komissiyaları və məhkəmələr bu şikayətləri araşdırmayıb».

«Hüquq və İnkişaf» İctimai Birliyi seçki şikayətləri ilə bağlı araşdırmaları ABŞ-ın Marşal Fondu, bu ölkənin azərbaycandakı səfirliyi və ATƏT-in Bakı ofisinin dəstəyi ilə aparıb.

Avropa Parlamenti, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Şurası Parlament Assambleyasının daxil olduğu Beynəlxalq Müşahidə Missiyası 9 oktyabr prezident seçkisini tənqid edib. ATƏT seçkinin beynəlxalq standartlara cavab vermədiyini bildirib.

Şərhləri göstər

XS
SM
MD
LG