Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:08
-

Axır həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur.


Mətləb Ağa


ŞEİRLƏR


***

Bayırda soyuq gecə,
yəni - qaranlıq, hüzün...
saatlar döyəcləyir
yorulmuş ömrümüzü...

dilsiz - ağızsız süküt
danışdırır təkliyi...
ikimizin şəklimiz
yenə məni təkləyir...

elə bil havanın da
üzü dönüb bu axşam...
işıqlar da şəhərdə
nəsə sönüb bu axşam...

...bundan belə fərqi yox,
bilirik mən də, sən də...
...bir azdan işıqları
yanacaq şəhərin də...

***

Kim çəkib bu rəsmini,
harda, nə zaman çəkib?..
kipriyinin ucunda
bir damcı yaş can çəkir....

...səni hardan başlayıb
harayacan çəkiblər...
səni qızdan, qadından
qarıyacan çəkiblər...

...tək bir kəlmə söz donub
bu rəsminin dilində...
dönüb adam olardı
imkan olsa əlində...

...mən də çox gec gəlmişəm,
sən də çox gecikmisən...
...indi bildim, bu rəsmi
bir vaxt özün çəkmisən...

***

Ürək açan heç nə yox;
indi payız, sonra qış...
pəncərəyə çırpılır
gah bir külək, gah yağış...

bir sənsən, bir divarlar,
kiminlə danışasan?!
O da nə vaxtdı yoxdur,
küsəsən, barışasan...

“bu evdimi” - deyirsən,
“ya bir soyuq zirzəmi?..”
divarda bir boz şəkil;
dəniz, liman, bir gəmi...

hər oturub duranda
öz gölgəni görürsən...
nə vaxt yatsan, bir dəniz,
bir də gəmi görürsən...

tər içində oyanıb,
“şükür, şükür” - deyirsən...
“yavaş-yavaş canlanır,
bu boz şəkil” - deyirsən...

***

Çöldə yağışlı hava,
evdə buz kimi külək...
indi ki, gedəcəksən,
götür bir rəsmimi çək...

nə vardısa, topladım,
cəmi - bir xatirədi...
sevinci oldu keçdi,
qəmi - bir xatirədi...

o fağır xatirə də
indi burda üşüyür...
bir üşüyüb qurtarır,
sonra bir də üşüyür...

...bir gün dönüb gələrsən:
“rəsmini gətirmişəm...
...bir də, mənlə gedəndin,
al, səni gətirmişəm...”

***

Sən də yaman gecikdin;
durub payızda gəldin...
kimin əlində soldun?
solub, payızda gəldin...

mənəmi həsr etmisən
üzündəki qırışı?..
hardaydın yaşılında?
sənə payız yaraşır....

şükür, məni tanıdın,
gördün, günün birində...
...sən də bir vaxt varıydın,
öldün günün birində...

...bəlkə qışdan danışaq,
payız da çoxdur sənə...
...əlimdən tut, bilirəm,
yaman soyuqdur sənə...

***

Çox dəyişib bu şəhər,
yolu, parkı, dənizi...
görən, sonuncu dəfə
kim görüb burda bizi?..

...hardasan indi görən,
neyləmisən özünü?
bilirəm, güzgülərdən
gizlədirsən üzünü...

çəkilib bir tərəfdə
özünçün qocalırsan...
hər gecə ağlayırsan,
və hər gün qocalırsan...

-”...zəng də çatmırdı sənə,
harda idin səhərdən?..”
- “səni, məni gəzirdim,
biz olmayan şəhərdə...”

***

Bir sənsən bu qatarda;
sən düşər.., sən düşərsən...
hərdən bezib qapıdan,
pəncərədən düşərsən...

hara getsən də amma,
bilirsən eyni yerdi...
daha nə yaşasan da,
əvvəli-axırı birdi...

günlər boz yastıq kimi
sifətinə qapanır...
həyat bacadan gedər,
bağlasan da qapını...

... bir azdan zəng vurarlar;
“oyan, adam, payızdı...
adımı soruşursan?
Mətləb, adım Payızdı...”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG