Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:02

İlk qar köçkünü belə dondurdu...


Foto: Arxiv
Foto: Arxiv
-
Sulutəpə sakini, 2-ci qrup Qarabağ əlili, köçkün Seminarist Şərifov AzadlıqRadiosunun «Qaynar xətt»inə Şağandakı müalicə pansionatından zəng vurub. O, Sulutəpədə yaşayan qızı Ülkər Şərifovanın evinə dünəndən qaz verilişinin dayandırıldığını deyir:

«Sulutəpənin Qaz İstismar Sahəsinin rəisi Arzu Musayev orada yaşayan 10-15 köçkün ailəsinin evinə qaz xətti çəkilməsi üçün onlardan pul yığdı. Hər ailədən 150 manat sayğac üçün, 200 manat xətt üçün aldı. Qonşular kimi mənim qızım da istənilən pulları verdi. Axırda da rəis dedi ki, 50 manatdan da yığın. Qızım etiraz etdi. Bu gün zəng vurub deyir ki, sonuncu dəfə istənilən pulu vermədiyinə görə gəlib qaz xəttini kəsib gediblər. Mən «102»yə zəng vurdum, dedim qaz-istismar sahəsinin rəisinə pul vermədiyimizə görə qaz xəttini kəsiblər. Sağ olsunlar polislər, onlar işə qarışandan sonra gəlib qaz xəttini birləşdirdilər. Ancaq qazın verilişi hələ də bərpa olunmayıb».

Seminarist Şərifov Qaz İstismar Sahəsinin rəisinin şaxtalı-qarlı havada ailəni istiliksiz qoymasını pisləyib:

«Qızımgil bütün gecəni soyuqda qalıblar. Bu, heç bir insanlığa sığmır».

«GEDİB SAYĞAC KARTINI GÖTÜRSÜNLƏR»

Sulutəpə Qaz İstismar Sahəsinin rəisi Arzu Musayev isə deyir ki, Ülkər Şərifovanın yaşadığı ünvana qaz sayğacı dünən axşam quraşdırılıb:

«Xətt birləşdirilib, qazın verilişi də bərpa olunub. Ola bilsin ki, sayğac kartlını idarədən götürməyiblər, gedib götürsünlər, yükləsinlər, istifadə etsinlər. Kart onlara verilibsə, yeni sayğacların kartında ehtiyat istifadə olur. Yəqin, onu istifadə edib bitiriblər. Gedib karta pul yükləməlidirlər ki, qazdan istifadə edə bilsinlər».

Arzu Musayev mənzilin qazsız qalmasını gah bu, gah da başqa səbəblə bağlayır:

«Bir də ki, onlar istəyirlər qaz sayğacı evlərinin yanında olsun. Bu isə təlimata görə, mümkün deyil. Qaz çəkilişi vaxtı onlara bildirilmişdi ki, sayğaclar mənbədə - ana xətdə quraşdırılacaq. Onlar da əvvəl razılaşdılar, indi isə deyirlər ki, yox, gətirin sayğacı evimizin yanında quraşdırın. Bu, mümkün deyil. Çünki ana xətlə onların evinin arasında 250 metr məsafə var. Orda bütün sayğaclar mənbədə quraşdırılıb».

Rəis məsələ ilə bir də maraqlanacağını dedi:

«Ancaq indicə mən bir ailənin yox, qazsın qalmış azı 2000 abonentin problemi ilə məşğulam. İşıq yoxdur, sürücü gətirib maşını çırpıb dirəyə, qaz xəttini sıradan çıxarıb. Bu problem aradan qaldırılsın, başqa problemləri də araşdırarıq».
XS
SM
MD
LG