Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:15
-
Dekabrın 11-dən 12-nə keçən gecə Sumqayıtda silahlı toqquşma zamanı 3 nəfər yaralanıb. İlkin xəbərlərdə polislə dini qrup üzvləri arasında qarşıdurma yarandığı deyilsə də, sonradan yayılan açıqlamada atışmada polisin tərəf olmadığı bildirilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, «Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən «Çay evi»ndə ekstremist təmayüllü «xəvarici»lərlə «sələfi» təriqətinə mənsub bir qrup şəxs arasında fikir ayrılığı zəminində münaqişə baş verib. Nəticədə şəhər sakinləri Anar Rəhimov və Elmar Məmmədli bıçaqla yaralanıblar. Daha sonra «Çay evi»nin qarşısında davam etdirilən mübahisədə qumbara və avtomat silahdan istifadə edilib. Bu zaman hadisə iştirakçılarından Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev qəlpə yaraları alıb.

Nazirlik silahlı münaqişənin iştirakçısı olan 5 nəfəri saxlayıb.

«MƏQSƏD XOF YARATMAQDIR»

Ötən il Gəncədə təhlükəsizlik qüvvələri ilə silahlı birləşmə arasında toqquşmada birləşmə rəhbəri Vüqar Padarov öldürülmüşdü. Bundan sonra Milli Təhlükəsizlik Nazirliyi həmin qrup üzvlərini zərərsizləşdirmişdi. Onlar 2012-ci ildə terror aktları planlaşdırmaqda, bir sıra otellərdə və «Eurovision 2012» müsabiqəsinin keçirildiyi «Crystal Hall»da və Dövlət Bayraq Meydanında partlayışlar törətməkdə təqsirli bilinmişdilər. Bu həftə «Eurovision» məhbuslarından bir qrupuna üst-üstə 67 il cəza kəsilib. Mahmud Hacıyev. Foto: faktxeber.com

Mahmud Hacıyev. Foto: faktxeber.com

​Bir neçə il əvvəl yenə Sumqayıtda dini qruplaşmalar arasında qarşıdurma yaranması barədə informasiya yayılmışdı.

Keçmiş polis rəisi, polkovnik Mahmud Hacıyev hüquq-mühafizə orqanlarının bənzər insidentləri şişirtdiyini düşünür:

«Ola bilsin, əvvəllər məhkum edilməyən, cinayətə meylli olmayan, ancaq silah gəzdirən cavanlar hüquq-mühafizə orqanlarına tabe olmadıqlarından atışma baş verir. Məlum olur ki, onların arasında namaz qılan, oruc tutan uşaqlar var. Əllərinə girəvə düşür, yazırlar ki, hüquq-mühafizə orqanlarının keçirdiyi yüksək səviyyəli əməliyyat-axtarış tədbirləri nəticəsində böyük bir radikal islamçı qruplaşma müəyyən edilib və atışma nəticəsində zərərsizləşdirilib».

Mahmud Hacıyevin sözlərinə görə, məqsəd hüquq-mühafizə orqanlarının işləməsi görüntüsünü, eləcə də cəmiyyətdə qorxu-xof yaratmaqdır.

«BU GÜN «AĞAM XAMNEYİ» DEYƏN...»

Milli Məclisin insan hüquqları komitəsinin üzvü Fazil Mustafa ölkədə radikal dini qrupların fəallaşmasından narahatlığa əsas gördüyünü deyir. Fazil Mustafa

Fazil Mustafa

Deputat bu yöndə doğru maarifçilik aparmağın vacibliyini, əks halda problemlərin davam edəcəyini vurğulayır. Fazil Mustafa ölkədə cəhalətin artdığını söyləyir, dini qruplaşmaları nəzarətdə saxlamaqdansa, doğru diaqnoz qoyub problemi çözməyi vacib sayır:

«Məsələn, mən dünən sosial şəbəkədə yayılan bir videoçarxa baxdım. Televiziyada çıxış edən bir qrup meyxanaçı «Ağam Xamneyi» meyxanasını söyləyir, bunu böyük bir auditoriyaya təbliğ edirdilər. Bu adamlar Xamneyiyə ağam deyir, onun qulluğunda hazır olduğunu söyləyir. Bu təbəqəyə etinasız yanaşmaq olmaz. İran Ermənistana dəstək verir. Sabah bunlar Azərbaycanın, yoxsa İranın marağına işləyəcəklər?».

İLLƏRDİR İSTİSMAR OLUNAN TEXNOLOGİYA

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu son vaxtlar məzhəblərarası söhbətlər gündəmə gətirildiyindən, Sumqayıtdakı atışma barədə informasiyanı təsadüfi saymır. Politoloq Məşhədi Dadaş məscidinin imamı Şahin Həsənliyə sui-qəsdlə bağlı Qusarda 2 nəfərin həbsini də bugünkü siyasi kontekstdən izah edir. Ərəstun Oruclu

Ərəstun Oruclu

Onun fikrincə, Azərbaycan bir yolayrıcındadır və geosiyasi seçimini etməlidir, ancaq bu seçimi nə Avropa Birliyinin, nə də Gömrük İttifaqının xeyrinə etmək istəmir. Bu səbəbdən ölkəyə müxtəlif təzyiqlər ola bilər:

«Görünür, hakimiyyət hansısa xoşagəlməz proseslərin baş verə biləcəyini anlayır. İlk növbədə ictimai-siyasi vəziyyət, xüsusən yanacaq qiymətlərini artması, əhalinin yoxsullaşması fonunda. Ola bilər, proses kiminsə tərəfindən fərqli müstəviyə keçirilir. Guya Azərbaycanda məzhəblərarası savaş var, dindarlar fəallaşır. Bu kimi arqumentlər dünya birliyinə təqdim olunur».

Oruclu deyir ki, yeni olmayan bu texnologiya illərdir istismar edilir, ancaq dünya birliyinin onu ciddi qəbul edəcəyi şübhəlidir. Yəni beynəlxalq ictimaiyyət ərəb diktatorlarını devirmiş ən fəal və radikal dini qruplara da dəstək verib. Politoloqun fikrincə, Azərbaycanda siyasiləşmiş dindar qrupların böyük əksəriyyəti hakimiyyətin nəzarətindədir və hakimiyyət onlara təhlükə mənbəyi kimi baxmır.

Şərhləri göstər

XS
SM
MD
LG