Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:45

Qərargahsız partiyaların fəaliyyəti qadağan edilə bilər [Video]


-
Azərbaycanda siyasi partiyalardan baş qərargahları ilə bağlı sənəd tələb olunacaq, əks halda həmin partiyalar qeydiyyata alınmayacaq, yaxud fəaliyyəti ləğv olunacaq.

Milli Məclisdən Azərbaycan mediasına verilən məlumata görə, bununla bağlı «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanunun 5-ci maddəsinə əlavələr təklif olunur.

Təklifə əsasən, hüquqi şəxs statusu almaq istəyən siyasi partiya dövlət qurumlarına partiyanın rəhbər orqanları qərargahının yerləşdiyi yerə dair sənəd də təqdim etməli olacaq. Qərargahın yerləşdiyi yerə dair sənədin – siyasi qurumun hüquqi ünvanını təsdiqləyən sənədin verilməsi məcburi sayılacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Azərbaycanda qərargahı – çalışma ofisi olmayan partiyalar o qədər də çox deyil. Ekspertlərin fikrincə, qərargahı olmayan partiyaların Azərbaycan siyasi mühitində fəaliyyəti elə də hiss olunmur.

«AXCP YENİDƏN HƏDƏFDƏDİR»

Siyasi partiyalardan baş qərargahları ilə bağlı sənəd tələb olunmasına münasibət bildirən Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının fikrincə, qanuna təklif olunan əlavələr birbaşa AXCP-ni susdurmağa hesablanıb: Gözəl Bayramlı

Gözəl Bayramlı


«Qanuna belə bir təklifin parlament müzakirəsinə təqdim olunması bir daha göstərir ki, Azərbaycanda siyasi partiyaların fəaliyyətinə normal şərait yoxdur. Heç kimə sirr deyil ki, bu, birbaşa Xalq Cəbhəsi Partiyasının bağlanmasına hesablanıb».

7 il öncə – 2006-cı ilin noyabrında yerləşdiyi Xaqani, 33 ünvanından çıxarılan AXCP uzun müddət qərargahsız fəaliyyət göstərib. Partiya 2013-cü ilin payızında müqavilə ilə yeni qərargaha - paytaxtın Tələt Şıxəliyev küçəsinə köçüb. Gözəl Bayramlının dediyinə görə, 4 iş otağı və 100 nəfərlik iclas zalından ibarət qərargahın sahibi ilə icarə müqaviləsi imzalanıb:

«Bu ofisin sahibinə də dəfələrlə hakimiyyət təzyiqlər edib ki, partiyamız qərargahdan çıxarılsın, amma bizim aramızda müqavilə var. Təəssüflər olsun ki, hakimiyyət belə addımlar da atır».

«HÜQUQİ MÜSTƏVİDƏ ZORAKILIQ»

«Bu, hüquq zorakılığıdır. Məqsəd siyasi partiyaları məhv etməkdir» – hüquqşünas İntiqam Əliyev belə düşünür. İntiqam Əliyev

İntiqam Əliyev

Onun sözlərinə görə, siyasi partiya və QHT-lərə qarşı repressiya 2003-cü ildən bəri daha da güclənib:

«İstənilən bir qanun, o cümlədən qanunvericiliyə dəyişikliklər ictimai zərurətdən doğmalıdır. Bütün ölkələrdə belədir. Qanun yaradıcılığı prosesi uzun mərhələdir. Azərbaycanda qanunverici hakimiyyət tamamilə icra hakimiyyətinin nəzarəti altındadır. Bu cür qanunlar prezident aparatında hazırlanır və bənzər qanunlara heç bir ehtiyac yoxdur».

Hüquqşünasın fikrincə, belə bir addımın atılması Azərbaycanda avtoritarizmi daha da gücləndirəcək.

«AVROPAYA İNTEQRASİYAYA SÜNİ ƏNGƏL»

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu qanuna əlavələrə dair təklifləri antidemokratik adlandırır. Onun fikrincə, belə layihələr Azərbaycanla Avropa Birliyi arasında münasibətləri pozmağa hesablanıb:
Sərdar Cəlaloğlu

Sərdar Cəlaloğlu


«Qanuna təklif olunan əlavələr Azərbaycanın Avroatlantik məkana inteqrasiyasının qarşısını almağa yönəlib. Son zamanlar Avroatlantik məkana inteqrasiya qaçılmaz olub. Keçmiş sovet respublikaları, özəlliklə «Şərq Tərəfdaşlığı»na daxil ölkələr bu istiqamətdə getməlidir. Hakimiyyət deyir ki, mən Avropaya inteqrasiya edirəm. Amma dövlət qurumları Azərbaycanın Avropayla bütünləşməsinin önünü kəsən antidemokratik qanunlar qəbul edirlər. Azərbaycanda bəzi qüvvələr buna süni əngəllər yaratmaq istəyirlər».

Sərdar Cəlaloğlu deyir ki, partiyaların fəaliyyətini məhdudlaşdıran qanunlar qəbul etməklə Avropa Birliyinin Azərbaycanı öz sıralarına qəbul etməkdən imtinasına şərait yaradırlar.

Adlarının çəkilməsini istəməyən müxtəlif partiya təmsilçiləri təklif gerçəkləşərsə, bu hallardan narahatlıqlarını dilə gətirirlər:

- Mülkiyyətçilər partiyalarla kirayə müqaviləsi bağlamaqdan çəkinəcəklər;
- Fiziki şəxslərlə bağlanan və partiyaların qərargahı kimi istifadəyə yol açan müqavilələr qüvvədən düşəcək;
- Partiyaların sayı süni şəkildə azalacaq.

Azərbaycanda 50-dən çox siyasi partiya var.

Şərhləri göstər

XS
SM
MD
LG