Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:53

Adı siyahıdan silinmişlər...


Foto: Arxiv
Foto: Arxiv
-
«Əvvəllər «8-ci kilometr» qəsəbəsindəki bazarın ətrafındakı bir «xruşşovka»da yaşayırdım. Ata evim idi. Satıb həyət evinə köçmək istəyirdim. Dələduz maklerlərin əlinə düşdüm».

Taleh Məcidov deyir, tale elə gətirib ki, bir dələduzluğun qurbanına çevrilərək isti ev-eşiyindən ayrı düşüb. Ata evi bir saxtakarlığın güdazına gedib və onun 2 ildən artıqdır nə yaşamağa daimi yeri, nə də qeydiyyatı var:

«Düzdür, sonralar eşitdim ki, həmin maklerləri başqalarına etdikləri dələduzluqlara görə tutublar, hazırda həbsxanadadırlar. Ancaq mənim evim də, pulum da əlimdən gedib, elə evimin yaxınlığında – bazardakı yük arabalarının üstündə yatıram. Son günlər axşam düşəndə, şaxta iliyimə qədər işləyir. Bu bir tərəfə, mənim heç qeydiyyatım da yoxdur. Havadayam. Sabah başıma bir iş gəlsə, ya da bir cinayət törətsəm, məni necə tapacaqlar? Belə çıxır ki, mən bu ölkədə heç bir siyahıda yoxam?».

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi deyir ki, bu yaxınlarda sosial xidmət haqqında qanun qəbul olunub. Qanunun əsas məqsədlərindən biri daimi yaşayış yeri olmayanların sosial təminatının yaxşılaşdırılmasıdır. Ancaq qanunun tətbiqi üçün hələ ki, mexanizm hazırlanmayıb.

«POLİS BİNASINA QEYDİYYATA DÜŞSÜN»

Vəkil Aqil Layıc isə bildirir ki, Taleh Məcidov həmin nazirliyə müraciət edə bilər. Nazirlik belə şəxsləri siyahıya almaqla onların sosial vəziyyətlərinin yaxşılaşdırılması yönündə tədbirlər görməlidir:

«Əvvəllər tək ahılların dövlət qayğısı nəzərdə tutulurdu. Sonradan isə təkcə ahıllar yox, evi olmayanlar, məişət zorakılığının qurbanları, küçədə yaşayan uşaqlar, həbs müddəti bitmiş və yaşamağa evi olmayan keçmiş məhkumlar da nəzərdə tutulur. Mənzil Məcəlləsində isə xüsusitəyinatlı evlər deyilən bir bölmə var. Bu Məcəlləyə görə, sosial müdafiə məqsədləri üçün ayrılan evlər var. Yaxın vaxtlarda belə evlərin yaradılması nəzərdə tutulur».

Vəkilin dediyinə görə, Taleh Məcidov hazırda küçədə yaşasa da, bu o demək deyil ki, qeydiyyatsız qalmalıdır. Məsələn, «8-ci kilometr bazarı» ətrafında qalırsa, ərazi üzrə Nizami rayon Polis İdarəsinin şəxsiyyət vəsiqəsi və qeydiyyat şöbəsinə müraciət edib polisin inzibati binasının yerləşdiyi ünvana müvəqqəti qeydiyyata düşə bilər.
XS
SM
MD
LG