Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:17

Polis mitinqçilərin barrikadalarını sökməyə başladı [Canlı]


Kiyev, 9 dekabr 2013
Kiyev, 9 dekabr 2013
-
Son məlumatlara görə, Ukrayna polisi müxalifətin Kiyevdə hökumət binalarına gedən küçələrdə qurduğu barrikadaları sökməyə başlayıb.

Bundan başqa polis hökumət binası qarşısında qurulan çadırları da sökür.

Hələ ki mitinqçilərlə polis arasında ciddi toqquşmalar haqda məlumat yoxdur.

Müxalifət lideri Vitaliy Klischko deyib ki, polis mitinqçilərə qarşı zorakılıq etsə, prezident buna görə "şəxsən məsuliyyət daşıyacaq".

KİYEVDƏN CANLI YAYIM


Ukrayna prezidenti Viktor Yanukovych ölkədəki siyasi böhrandan çıxış yolu tapmaq üçün müxalifətin iştirakı ilə dəyirmi masa keçirilməsinə razılıq verib.

Yanukovych bazar ertəsi yaydığı bəyanatda bildirib ki, o, keçmiş prezident Leonid Kravchuk-un təklif etdiyi dəyirmi masa ideyasını dəstəkləyir və bütün siyasi qüvvələri təmsil edən dialoq qarşılıqlı anlaşma üçün bir platforma ola bilər.

Yanukovych həmçinin çərşənbə axşamı digər iki keçmiş prezident Leonid Kuchma və Viktor Yushchenko ilə görüşəcək ki, “ölkənin üzləşdiyi əsas məsələləri müzakirə etsin”.

Üç həftədir ki, Ukraynada hökumətin Avropa Birliyi ilə assosiasiya sazişi bağlamağı təxirə salmasına, bunun əvəzində Rusiya ilə əməkdaşlığı genişləndirməsinə qarşı kütləvi aksiyalar keçirilir.

2004-cü ilin narıncı inqilabından bəri bu, ölkədə keçirilən ən böyük aksiyalardır.

"ÜÇLÜK" MİTİNQÇİLƏRİ DƏSTƏKLƏYİR

Üç keçmiş prezident Kravchuk, Kuchma və Yushchenko keçən həftə verdikləri bəyanatda avrointeqrasiya tələbilə küçələrə çıxan insanları dəstəklədiklərini bildirmişdilər.
Leninin Kiyevdə uçurulmuş heykəli, 9 dekabr 2013
Leninin Kiyevdə uçurulmuş heykəli, 9 dekabr 2013

Çərşənbə axşamı Avropa Birliyinin xarici əlaqələr komissarı Catherine Ashton böhrandan çıxış yolu tapılmasına kömək üçün Kiyevə gedəcək. Ashton-un sözçüsü Maja Kocijancic deyib ki, hər iki tərəfin nümayəndələri ilə görüş olacaq:

"Öncə, mən bu xəbəri təsdiq edirəm ki, xanım Ashton çərşənbə axşamı və çərşənbə günü Kiyevdə olacaq. Yəni iki günlük səfərlə. O həm iqtidar, həm müxalifət, həm də mülki cəmiyyət təmsilçiləri lə görüşəcək. Səfər haqda yeni məlumatlar olduqca yayacağıq”.

Bu arada isə daxili qoşunlar və xüsusi təyinatlılardan ibarət dəstələr Kiyevdə etirazların keçirildiyi əsas yerlər, o cümlədən Müstəqillik meydanı ətrafında toplanmaqda davam edir.

Aksiyaların keçirildiyi əsas meydana - Müstəqillik meydanına bazar günü yarım milyona yaxın adam toplaşıb.

LENİNİN HEYKƏLİ UÇURULDU

Etirazçılar Rusiyada oktyabr çevilişini törətmiş, sonradan isə ətraf respublikaları işğal edərək SSRİ-ni qurmuş Vladimir Leninin heykəlini uçurublar.
Catherine Ashton
Catherine Ashton

Onlar şəhər meriyasının binasını əldə saxlamaqda və hökumət binaları ətrafında barrikadalar qurmaqda davam edirlər.

UDAR Partiyasının sədri Vitaliy Klischko bazar ertəsi deyib ki, o digər müxalifət liderləri ilə birgə Yanukovych ilə danışıqlar aparmağa hazırdır.

Amma Klitschko həm də insanları kütləvi aksiyalara qatılmaqda davam etməyə çağırıb.

Baxmayaraq ki, bəzi məlumatlara görə polis meydandakı etirazçıları dağıtmağa ikinci cəhdi edə bilər.
XS
SM
MD
LG