Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:00

Leyla Əliyeva: «A kişi, soğandan danış, 80 qəpiyə qalxıb»


Foto: Arxiv. Bakı bazarı

Foto: Arxiv. Bakı bazarı

-
Yanacağın qiyməti artandan sonra bəzi ərzaqlar da bahalaşıb. Artıq kartof, soğan və yağın qiymətlərində fərq hiss olunur.

Hər gün alış-verişə çıxan Bakı sakini Tənzilə Babayeva daha çox yağın və tərəvəzin qiymətində bahalığı hiss edir:

«Ərinmiş yağın, kərə yağının, göyərtinin, kartofun qiymətində bahalaşma var».

Müəllim çalışan Kamal Məmmədovun sözlərinə görə, iki həftə öncəyədək indiki bahalıq yox idi:

«Bu yeni bahalıqdır. Adam, istər-istəməz, hiss edir. Düzdür, hələ çox deyil, ancaq var».

Təqaüdçü ər-arvad Leyla və Rahim Əliyevlər bahalanmanı ən çox aldıqları ərzaqda – kartof və soğanda görüblər:

Rahim Əliyev: – İndi görürük ki, 90 qəpikdən aşağı kartof yoxdur.

Leyla Əliyeva: – A kişi, soğandan danış, 80 qəpiyə qalxıb.

«GÖZLƏNİLƏN ODUR Kİ...»

Yanacağın qiyməti qalxanda iqtisadçılar bunun az sonra bazara da təsir göstərəcəyini deyirdilər. Dekabrın 9-da bir araya gələn iqtisadçılar proqnozların ürəkaçan olmadığını bir daha diqqətə yetirdilər.

İqtisadi Tədqiqatlar Mərkəzini rəhbəri Qubad İbadoğlu artıq bəzi ərzaq məhsullarında bahalaşmanın gözə çarpdığını dedi. Bu, onun fikrincə, ailə büdcəsində ciddi dəyişikliklərə gətirib çıxaracaq:

«Gözlənilən odur ki, yaxın zamanlarda şəhərdaxili və şəhərətrafı nəqliyyatda gedişhaqqı bahalaşacaq. Belə olan halda dəmiryolu və hava nəqliyyatında qiymət artacaq, ümumiyyətlə, daşımaların qiyməti qalxacaq. Buna da, ilk növbədə, ərzaq bazarı reaksiya verəcək».

Qubad İbadoğlu

Qubad İbadoğlu

İQTİSADÇI: «AZƏRBAYCAN VƏTƏNDAŞLARINI İKİRƏQƏMLİ İNFLYASİYA GÖZLƏYİR»

Qubad İbadoğlunun sözlərinə görə, bu illə müqayisədə 2014-cü ilin büdcəsində yanacaq və sürtgü materiallarının alınması üçün büdcə təşkilatlarına ayrılan vəsait 39.5 faiz artıq proqnozlaşdırılıb. Elektrik enerjisi xərcləri 25.5 faiz, təbii qaz xərcləri 18.9 faiz, su xərcləri 26.7 faiz, istilik enerjisi 20.3 faiz çox proqnozlaşdırılıb:

«Bundan çıxış edib demək olar ki, son nəticədə qazın qiyməti təxminən 20-25 faiz, su və elektrik enerjisinin qiyməti 25-30 faiz, istilik enerjisinin qiyməti isə orta hesabla 20 faiz arta bilər».

İqtisadçının fikrincə, enerji və kommunal xərclər bahalanarsa, demək, daha sonra Azərbaycan vətəndaşlarını ikirəqəmli inflyasiya gözləyir.

ŞÜARSIZ AĞ VƏRƏQLƏR

İqtisadçı Məhəmməd Talıblı hökumətin büdcə kəsirini vətəndaşların cibinə girməklə ödədiyini düşünür. Məhəmməd Talıblı

Məhəmməd Talıblı

Ərzağın bahalaşacağının qaçılmaz olduğunu söyləyən iqtisadçı belə vəziyyətdə xidmət sahəsinə ödənişlərin azalacağına diqqət çəkir:

«İndiyədək turizm obyektləri müəyyən rentabelliklə çalışırdısa, bundan sonra o rentabellik xeyli aşağı düşəcək. Çünki insanlar gəlirlərinin əhəmiyyətli hissəsini zəruri məhsullara yönəltməyə məcbur qalacaqlar».

Dekabrın 8-də bir qrup gənc qiymət artımına etiraz olaraq səssiz aksiya keçirib. Əllərində heç bir şüarsız ağ vərəq tutan gənclər bununla cəmiyyətə ağ günə çıxmaq mesajını çatdırmaq istədiklərini bildiriblər.

Polis ağ vərəqləri alaraq aksiyanı dağıdıb.

Tarif Şurası dekabrın 3-dən benzinin qiymətini 30 faiz qaldırıb. Müxalif qüvvələri birləşdirən Milli Şura dekabrın 15-də buna etiraz aksiyası keçirməyi planlaşdırır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG