Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:29
-
“Nigar Nərimanbəyovanın rəsmləri insanlara artıq nağıla dönmüş xoş və unudulmaz uşaqlıq illərini xatırladır”

Bu sözləri dekabrın 7-də Parisin MARAİS incəsənət mərkəzinin məşhur Paulia Roza qalereyasında açılan sərginin təşkilatçılarından Stella Kalinina söyləyib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, milad və Yeni İl bayramlarına həsr olunmuş kiçik formatlı rəsm əsərlərindən ibarət sərgidə azərbaycanlı rəssam Nigar Nərimanbəyova da iştirak edir.

Sərgidə Fransa, ABŞ, Yunanıstan, İsrail, Litva və digər ölkələrdən 15 rəssamın əsərləri nümayiş olunur.

Sərgi iştirakçıları Ser Beatris, Vazakas Filippos, Smith Aldi, Lenn Misa, Didur Galina kimi tanınmış rəssamların əsərləri ilə yanaşı N. Nərimanbəyovanın “Uşaqlıq yuxuları” mövzusunda çəkdiyi rəsmlərdən çox təsirləniblər.

Parisdə rəssamlar arasında böyük nüfuzu olan Stella Art İnternational Assosasiyasının təşkil etdiyi sərgidə azərbaycanlı rəssamın əsərləri böyük marağa səbəb olub.

Sərginin açılışında tanınmış rəssamlar, ictimaiyyət nümayəndələri və diaspor təmsilçiləri iştirak ediblər.

Nigar xanım şöhrətli Nərimanbəyovlar nəslindəndir.

O, Toğrul Nərimanbəyovun böyük qardaşı Xalq rəssamı Vidadi Nərimanbəyovun qızıdır.

Onun atası Yaqub-Fərman Cümhuriyyət dövründə xaricə oxumağa göndərilən 100 tələbədən biri olub.

Bolşevik işğalından sonra çoxları kimi Yaqub-Fərman da Vətənə dönməyə ehtiyat edib və təhsil aldığı ölkədə fransız xanımla evlənib.

Vidadi 1926-cı ildə Kannda doğulub.

Ancaq vətən həsrəti üstün gəlib və Yaqub-Fərman sonda vətənə dönməyə qərar verib.

Fərman bəy və xanımı bir qədər sonra həbs olunub sürgün ediliblər.

Bu qayıdışla Azərbaycan 2 ünlü rəssam—Vidadi və Toğrul Nərimanbəyovları qazanıb.

Nigar Nərimanbəyova 1961-ci ildə Bakıda anadan olub.

Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunu, Azərbaycan Rəssamlıq Akademiyasını və Moskvada S.A.Qerasimov adına Rusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib.

O, indiyədək müxtəlif yerli və xarici rəsm sərgilərində iştirak edib.

Azərbaycan Rəssamlar İttifaqının üzvü olan xanım Nərimanbəyova hazırda həm Parisdə, həm də Bakıda yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG