Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:21

Şirvandakı əlil ailələri dərdlərinə birgə çarə axtarmağa qərar verdi


Şirvan rayonu, əlil ailələrin görüşü
Şirvan rayonu, əlil ailələrin görüşü
-
ŞİRVANDAKI ƏLİL AİLƏLƏRİ DƏRDLƏRİNƏ BİRGƏ ÇARƏ AXTARMAĞA QƏRAR VERDİ...

Dekabrın 8-də Şirvan şəhərində yaşayan əmək pensiyası almaq hüququ olmayan, ümumi xəstəlik səbəbindən 1-ci qrup əlil olanlar və onların ailə üzvləri üzləşdikləri problemləri müzakirə etmək üçün bir araya gəliblər. Vətəndaş Nəzarəti Şəbəkəsinin təşəbbüsü ilə keçirilən toplantıya yerli sakinlərlə yanaşı, Şirvan şəhərində məskunlaşan məcburi köçkünlər də qoşulmuşdu. Dəvət edilmələrinə baxmayaraq, yerli icra hakimiyyəti və əlaqədar dövlət orqanlarının nümayəndələrindən heç kəs tədbirdə iştirak etmirdi.

AzadlıqRadiosuna danışan əlillər və onların ailə üzvləri çoxsaylı problemlərindən söz açdılar.

“BU, NECƏ ƏLİLƏ HÖRMƏTDİR Kİ...”

Həyat yoldaşı gözdən əlil olan Gülnaz Yusifova 2010-cu ildə baş verən təbii fəlakətdən sonra yaşayış şəraitlərinin daha dözülməz olduğunu bildirdi:

“”Barak”da yaşayırıq. Seldən sonra döşəmə çürüyüb. Nəvəmin iki dəfə qıçı sınıb. Neçə dəfə komissiya gəlib baxıb, amma bir nəticəsi olmayıb. 5 ildir ki, gəlinimi qeydiyyata götürüb, ona şəxsiyyət vəsiqəsi vermirlər. Bu, necə əlilə hörmətdir ki, ilin-günün bu vaxtı çöllərdə qalmışıq?!”

Təranə Cəfərova
Təranə Cəfərova
“QULLUQÇUYA DA HAQQ ÖDƏNİLMƏLİDİR”

Şirvan şəhər sakini Təranə Cəfərova:

“Qayınatamın hər iki gözü görmür. Mən ona baxdığımdan işləyə bilmirəm. Belə xəstəyə qulluq göstərən adama da haqq ödənilməlidir.

“HƏLƏ BİR DƏFƏ DƏ OLSUN QAPIDAN İÇƏRİ GİRİB SORUŞAN OLMAYIB Kİ,...?”

1993-cü ildən Şirvandakı “Kür” mehmanxanasında məskunlaşan məcburi köçkün Şəmayil Hüseynova da əlil ailələrinə biganə münasibətdən gileyləndi:

“Divarlar əyilib, tavan başımıza uçur. Suyumuz gəlmir, qazımız yanmır, ocağımız yoxdur. Nə ərim var, nə oğlum var, yanımda olan qızım da xəstədir. Bəlkə əlli dəfə Bakıya yazmışam, buradakılara da demişəm. Hələ bir dəfə də olsun qapıdan içəri girib soruşan olmayıb ki, sən nə təhərsən, necəsən, nə alırsan, nə yeyirsən, nə cür yaşayırsan? Pensiyadan başqa bizim güman yerimiz yoxdur, o da ehtiyacımızı tam ödəmir.”

“BACIMIN MÜALİCƏSİNƏ KÖMƏK EDİN!”

Şirvan sakini Aynur Cəfərova yataq xəstəsi olan 18 yaşlı bacısının müalicəsinə kömək istəyir:

“O insan bilmir çöl-bayır necədir, işıq üzü görmür, iki tərəfli iflicdir. “Barak”da yaşayırıq, amma heç şəraitli evdə də gözümüz yoxdur. İstəyirik onun müalicəsinə kömək edələr. 67 manat müavinətdən başqa yardım göstərilmir.”

Vaqif Yusifov
Vaqif Yusifov
“YALAN DANIŞMAĞIN ÖZÜ BİR CİNAYƏTDİR”

Şirvan şəhər sakini Vaqif Yusifovu həyəcansız dinləmək mümkün deyil:

“Mən Şirvan şəhərində ən yaxşı ustalardan biri olmuşam, 25 il tikintidə xarrat işləmişəm. 7 ildir ki, mənim gözüm görmür. 10 ildir ki, evimin tikintisi yarımçıq qalıb. Dəfələrlə həm özüm, həm də yoldaşım Şirvan şəhəri üzrə icra başçısının və deputatın qəbulunda olmuşuq, hər dəfə söz verilib ki, komissiya göndərəcəyik, gəlib yaşayış şəraitinizə baxılacaq. Heç kəs gəlməyib. Yalan danışmağın özü bir cinayətdir. Mənim evimin döşəməsi yoxdur, pəncərələrimin şüşəsi yoxdur, yuyunmağa belə şəraitim yoxdur. Yoldaşım işləmir, hərbi xidmət keçmiş 2 oğlum, 1 qızım var, heç biri işləmir. Xahiş edirəm övladlarıma iş verin, yarımçıq qalan evimi tikmək üçün material verin,...!”

“NƏZİR, FİTRƏ İLƏ DOLANIRIQ”

Tədbirin keçirildiyi yer- “Aytac” şadlıq evi Şirvan şəhərindəki “Kür” mehmanxanasının lap yaxınlığında yerləşir. Gənc bir xanım həmin mehmanxanada məskunlaşdıqlarını, baldızının əlil olduğunu bildirdi və xahiş etdi ki, onların yaşadığı yerə baş çəkim.

Dilənən əlil ailəsi
Dilənən əlil ailəsi
Binanın giriş qapısı önündə yerə palaz sərilmiş, orta yaşlı bir qadın xəstə qızla onun üstündə oturmuşdu. Cəbrayıl rayonunun Hasanlı kəndinin sakini Sona Mustafayeva deyir:

“Qızım 27 ildir ki, xəstədir. Ayaq üstə dura bilmədiyindən kürəyimizdə gəzdiririk. Verilən 67 manat müavinət heç dava-dərmana çatmır, camaatın verdiyi nəzir, fitrə ilə dolanırıq. Məskunlaşdığımız yerdə vaxtilə işıq idarəsi olub. 1-ci qrup əlil beton döşəmənin üzərində yatır.”

MÜRACİƏTİ 200 NƏFƏRƏDƏK ADAM İMZALADI

​Tədbirin sonunda əmək pensiyası almaq hüququ olmayan 1-ci qrup əlillər və onların ailə üzvləri adından prezidentə, Milli Məclisə, Heydər Əliyev Fonduna birgə müraciət qəbul edildi. Müraciətə 200 nəfərədək əlil ailəsi üzvü imza atdı.

1-Cİ QRUP ƏLİLLƏR VƏ ONLARA ÖDƏNİLƏN MÜAVİNƏT

1-ci qrup anadangəlmə əlillər əqli və ya fiziki qüsurla dunyaya göz açmış, həyat fəaliyyəti məhdud, özünəxidmət, hərəkət, ünsiyyət, öz davranışına nəzarət, habelə əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyəti və imkanından məhrum insanlardırlar. Onların əksəriyyəti yataq xəstələridir.

Azərbaycan Respublikası prezidentinin 29 avqust 2013-cü il tarixli Fərmanına əsasən “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verən əlilliyə görə müavinət 1-ci qrup əlillər üçün ayda 67 manat müəyyən edilib.

Müqayisə üçün deyək k, 2013-cü ildə yaşayış minimumunun məbləği 116 manat, ehtiyac meyarı isə 93 manat qəbul edilib. 2014-cü ilin büdcə zərfində bu rəqəmlər müvafiq olaraq 125 və 100 manat civarındadır.

“ƏLİLİN XƏRCİ SAĞLAM ADAMDAN ÇOX ÇIXIR”

Şirvan Vətəndaş Nəzarəti Şəbəkəsinin əlaqələndiricisi Kazım Kazımlı bildirir ki, 1-ci qrup əlillərin xərcləri sağlam həmyaşıdlarınkından az deyil:

Kazım Kazımlı
Kazım Kazımlı
“2001-ci ildə güzəştlər ləğv ediləndən sonra əlillər də, digər vətəndaşlar kimi, kommunal, nəqliyyat və sair xidmətlərin haqqını ödəyir. Anadangəlmə əlillərin bədən ölçüləri əksər hallarda qeyri-proporsional olduğundan, geyim əşyaları da fərdi qaydada hazırlanır ki, bu da əlavə xərcdir. Onlar sanitar əşyalardan istifadə edirlər ki, buna da əlavə vəsait tələb olunur.

Bütün bu xərclərdən sonra əlilin qidalanmasına çox az pul qalır. Həqiqət budur ki, onlar normal qidalana bilmir, aclıq keçirirlər. Bu, dini baxımdan günah, insani baxımdan qəddarlıq, dövlətçilik baxımından vətəndaşa biganə münasibətdir.”

Kazım Kazımlı hesab edir ki, 1-ci qrup əlillərin müavinətləri heç olmasa ölkə üzrə yaşayış munimumu həddində olmalıdır.

QULLUQ EDƏN DƏ ƏLİLİN HESABINA YAŞAYIR

Vətəndaş cəmiyyəti təmsilçisi diqqəti əlil ailələrinin üzləşdiyi başqa bir problemə- evdə əlilə qulluq edən şəxsin sosial müdafiədən kənarda qalmasına çəkir:

“Bir qayda olaraq əlilə, yaxın qohumu- ailə üzvülərindən biri qulluq edir. Həmin şəxs təhsilinə, ixtisasına uyğun işləyə, digər vətəndaşlar kimi, normal həyat yaşaya bilmir. Qulluq edənə haqq ödənilmədiyindən, faktiki olaraq o da əlilin 67 manat müavinəti hesabına yaşayır. Üstəlik başqa yerdə işləmədiyindən, bu şəxs iş stajı əldə etmir, sonuncu isə onu, qocalığını təmin edəcək əmək pensiyası almaqdan məhrum edir.”

ƏLİLƏ QULLUQ ƏMƏK STAJI SAYILIR, AMMA...

Ekspert hesab edir ki, əlilə qulluqla bağlı qanunvericilikdəki bəzi müddəalar da anlaşılmazlıq doğurur:

Əlil ailələrinin imzası
Əlil ailələrinin imzası
“ “Əmək pensiyaları haqqında” Qanunun 19.2.2.1 maddəsində yazılıb: “1-ci qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün- yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə olunur.” “Əliliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 45-ci maddəsində bildirilir ki, qohumluq münasibətindən asılı olmayaraq 1-ci qrup əlilə (əlillik səbəbindən asılı olmayaraq) qulluq edən şəxsin bu qulluq müddəti onun ümumi əmək stajına daxil edilir. İstər-istəməz sual doğur: əlilə qulluq rəsmləşdirilməyirsə, əmək stajı necə hesablana bilər?”
XS
SM
MD
LG