Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:05

Əsrin şəxsiyyəti, iş adamının ofisində soyğun...


Qüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev
-
NAZİRLƏR DEPUTATLARI SAYMIR?
Deputat Qüdrət Həsənquliyev «moderator.az»a açıqlamasında konkret ad çəkməsə də, bəzi nazirlərin deputatların zənglərinə cavab vermədiyini deyib:

«Yəqin ki, prezident tərəfindən göstəriş olmasa, vəziyyət dəyişməyəcək. Əgər bizim zənglərə cavab verilmirsə, onda hökumət telefonlarını deputatlardan götürmək lazımdır... Deputat statusu haqqında qanunda da qeyd olunub ki, deputat vəzifəli şəxsə müraciət etdikdə təxirə salınmadan qəbul edilməlidir. Qəbul olunmaq nədir, heç zəngimizə də cavab vermirlər. Bu məsələ problem olaraq qalır».
Deputat İlyas İsmayılov “Azadlıq” qəzetinə açıqlamasında bildirib ki, o, nazirləri birbaşa axtarmır: «Mənim onlara işim düşməyib. Vaxtilə Misir Mərdanov nazir olanda zəng edirdim, məni hörmətlə qarşılayırdı. Lazım olan suallara cavab almaq üçün nazirlərə deputat sorğusu göndərirəm».
Digər deputat Zahid Oruc isə deyib ki, on dəfəyə yaxın baş nazir Artur Rəsizadə ilə görüşləri olub. Nazirlər Kabinetinə rəhbərlik edən şəxs kimi, onun qapısı hər zaman parlament üzvlərinə, mühüm vəzifə daşıyan insanlara açıqdır.
QEYSƏRİYYƏ KƏSİYİ ƏMƏLİYYATI, YOXSA NORMAL DOĞUŞ?
Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev AzərTAc-a müsahibəsində deyib ki, Azərbaycanda qeysəriyyə yolu ilə hər il 30 minə yaxın körpə doğulur ki, bu da doğuşların təxminən 20 faizi deməkdir: «Halbuki Dünya Səhiyyə Təşkilatının məlumatına görə, bu rəqəm 15 faizi keçməməlidir. Əslində isə qeysəriyyə əməliyyatına yalnız patoloji hallarda üstünlük verilməlidir».
Professorun fikrincə, bu kimi hallar baş vermirsə, mütləq şəkildə təbii doğuşa üstünlük verilməli və hamiləlik dövründə ana həkim tərəfindən təbii doğuşa hazırlanmalıdır. Çünki qeysəriyyə doğuşu bir əməliyyatdır və bunun da riskləri və fəsadları vardır.
İŞ ADAMININ OFİSİNDƏ SOYĞUN
Dekabrın 7-də Bakıda oğurluq hadisəsi baş verib. Nərimanov rayonu, M.Araz küçəsində yerləşən «Avesta» Konserninə girmiş Əlizamin və Füzuli adlı şəxslər orada xəzinədar işləyən Bakı şəhər sakini Vüqar Babayevi xəncərlə hədələyərək xəzinədə olan 135 min manat pulu götürüb «İnfiniti» markalı avtomobildə hadisə yerindən uzaqlaşıblar.

Arxiv foto
Arxiv foto
Bakı BPİ Dövlət Yol Polisi İdarəsi, Nərimanov RPİ və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmin şirkətin mühafizəçisi və Neftçala rayon sakini Əlizamin Əliyev tutulublar. «Yeni Müsavat» qəzeti araşdırıb ki, oğurluqda iştirak etmiş şəxslər «Avesta» şirkətinin rəhbəri, məşhur iş adamı Hacı İbrahim Nehrəmlinin mühafizə xidmətinin əməkdaşlarıdır. Hacı İbrahim qəzetə açıqlamasında faktı təsdiqləyib və bildirib ki, oğurluğu mühafizə xidmətinin rəhbəri Füzuli Nəbiyevin başçılıq etdiyi dəstə törədib. İş adamı Dubaya ezamiyyətə getmədən öncə Füzulini işdən çıxarmağı tapşırıbmış. «O da dekabrın 7-də ofisə maaş almaq adıyla, 7 nəfərlik bandit dəstəsi ilə gəlib. Beş nəfər aşağıda gözləyib, Füzuli və Əlizamin Əliyev yuxarı qalxıblar. Əlizamin Füzulinin qohumudu, bizim ofisin arxasında yeni tikilən binanın komendatıdır. Onu işə Füzuli düzəldib. Onlar kassirin boğazına xəncər dirəyib, kassadakı 135 min manatı aparıblar. O pul işçilərin maaş idi. Dünən maaş verilməliydi».
ƏSRİN ŞƏXSİYYƏTİ
Heydər Əliyev və Leonid Brezhnev (1982)
Heydər Əliyev və Leonid Brezhnev (1982)
İqtidar qəzetləri keçmiş prezident Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirlərdən yazılar, məqalələr dərc edir. «Azərbaycan» qəzetində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynovanın «Əsrin şəxsiyyəti» adlı məqaləsi yer alıb. Müəllif iddia edir ki, Azərbaycan tarixində qadın probleminin həlli, sistemli şəkildə dövlət səviyyəsinə qaldırılması Heydər Əliyevin adı ilə bağlıdır.
«Hazırda Azərbaycan əhalisinin ümumi sayının 50,3 faizini qadınlar təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi artaraq 28 faizə çatmışdır. Milli Məclisdə qadın deputatların sayı artıb, hazırda ölkə parlamentində qadınların xüsusi çəkisi 16 faizdir. Parlament sədrinin 3 müavinindən biri qadındır. Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 5 dəfə artıb və onların xüsusi çəkisi 26,7 faiz olmuşdur. Bələdiyyə sədrlərinin 17,7 faizi, icra hakimiyyəti başçısının müavinlərindən 35-i qadındır. İnsan hüquqları üzrə müvəkkil (ombudsman) və Konstitusiya Məhkəməsinin sədr müavini qadındır. Nazir müavinlərindən üçü qadındır. Auditorlar Palatasının 3 müavinindən biri, dövlət komitələrindən və dövlət komissiyalarının birinin sədri qadındır».
XS
SM
MD
LG