Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:02

"Azərbaycan tam korrupsiyalaşıb" - Məşhur alman yazarı doğulduğu Bakıda


Soldan ikinci Olqa Qryaznova, soldan birinci Azərbaycan şairi Rasim Qaraca, Bakı, 3 dekabr 2013
Soldan ikinci Olqa Qryaznova, soldan birinci Azərbaycan şairi Rasim Qaraca, Bakı, 3 dekabr 2013
-

“Azərbaycandakı rejim əvvəlindən bəri, elə indi də korrupsiyalaşmış rejimdir, tam korrupsiyalaşmış”.


Bu günlərdə “Bakitab” kitab evində Bakı doğumlu alman yazarı Olqa Qrayznova ilə görüş keçirildi.

O, Azərbaycana Almaniyanın “Höte” İnstitutunun dəvəti ilə, öz kitabının tanıdılması və qiraəti məqsədi ilə gəlmişdi.

28 yaşlı Olqa Qryaznova Almaniyada çox məşhurdur. Uşaq yaşlarında ailəsi ilə birgə Almaniyaya köçmüş yazar kitab bazarını qeyri-adi adı ilə seçilən “Rus – tozağacını sevən kəsdir” (“Der Russe ist einer, der Birken liebt”) adlı bestselleri ilə silkələyib.

Kitab 2012-ci ildə satışa çıxdıqdan az sonra alman ədəbi cameəsində geniş səs-küyə səbəb olub.

Qısa zamanda Olqaya üç nüfuzlu kitab mükafatı qazandırıb. Onu tərifləyənlərlə bərabər xeyli sayda tənqid edənlər də olub. Olqanın dediyinə görə, həmin roman üzərində Almaniyaya gələndən 14 il sonra işləməyə başlayıb.

Hal-hazırda Almaniyada mühacir ədəbiyyatı olduqca maraqla qarşılanır. Burda mühacir ədəbiyyatının Sevgi Özdamar və Melina Nadj Abonji kimi görkəmli nümayəndələri var. Bu tip ədəbiyyat o qədər çox yayılıb ki, artıq onları ədəbiyyatda xüsusi ənənə hesab edirlər və bəziləri düşünür ki, bəlkə də alman ədəbiyyatının gələcəyi məhz bu əsərlərdən asılıdır.

Buna görə də Olqa kitab boyu uşaqlıqda Bakıda keçirdiyi günlərindən bəhs edir, onun sözlərinə görə, ailəsinin Bakıya gəlmə tarixi 6-7 nəsil bundan əvvələ dayanır və valideynləri Azərbaycan dilini yaxşı bilirlər.

Soldan birinci Olqa Qryaznova, soldan ikinci Azərbaycan şairi Rasim Qaraca
Soldan birinci Olqa Qryaznova, soldan ikinci Azərbaycan şairi Rasim Qaraca

Kitabın baş qəhramanı Mariya Koqan Olqanın özü kimi Azərbaycanda doğulub Almaniyaya köç edən mühacir olsa da, müəllif bu kitabın avtobioqrafik olmadığını deyir.

Mariyadan fərqli olaraq Olqa Qryaznova müharibə nəticəsində psixoloji travmalar alıb Mərkəzi Avropaya köç etməyib. Olqa 1996-cı ildə 11 yaşındaykən ailəsi ilə birlikdə (atası hüquqşünas,
Olga Gryaznowa Almaniya, 2012. Foto: Stephan Röhl
Olga Gryaznowa Almaniya, 2012. Foto: Stephan Röhl
anası musiqi müəlliməsidir) qaçqın statusu alaraq Almaniyaya köçüb.

Almaniyaya gəldikdən iki gün sonra Olqa almanca heç bir kəlmə belə bilmədən artıq alman məktəbində oxumağa başlayıb, 2010-cu ildə isə o, Leypsiqdə Ədəbiyyat institutunu bitirib.

Olqanın Azərbaycana qayıtması düz 17 il sonra Avroviziya Mahnı Müsabiqəsi zamanı gerçəkləşib.

O, müsabiqə zamanı alman mətbuatında Azərbaycandakı insan hüquqlarının pis vəziyyətindən, ölkədəki rüşvətin miqyasından danışıb.

Verdiyi müsahibələrin birində o deyir: “Azərbaycandakı rejim əvvəlindən bəri, elə indi də korrupsiyalaşmış rejimdir, tam korrupsiyalaşmış”.

Başqa bir müsahibəsində o, Azərbaycan haqqında deyir: “Gəlin unutmayaq ki, bu ölkənin yerləşdiyi region özünəməxsusdur, burda bircə demokratik ölkə də yoxdur. Azərbaycan Rusiya, Ermənistan, İran, Gürcüstanla əhatə olunub. Bu ölkələrin heç biri sabit demokratik sistemi ilə öyünə bilməz. Azərbaycanda isə yalançı sabitlik hökm sürür. Axı bu ölkənin Ermənistanla ərazi problemi hələ də həll olunmayıb. Əlbəttə, Azərbaycandakı insan haqları pozuntusunu qabartmaq olduqca vacibdir, amma bununla belə ümumilikdə regiondakı vəziyyəti də unutmaq olmaz. İstənilən halda, bu ərazidə yaxın zamanlarda insan hüquqlarının normallaşacağını gözləmək olmaz”.

“Rus – tozağacını sevən kəsdir” romanının ilk cümlələri əsərin qəhrəmanı Mariya Koqanın yuxusunun təsviri ilə başlayır: “Bu günün açılmasını heç istəməzdin. Mən hələ bir az da uzanıb yatmaq istərdim, amma...”

Amma elə növbəti cümlələrdən Mariyanın ətrafındakı aləm dəyişməyə, canlanmağa başlayır. “Böyük pəncərəmizdən yataq otağımıza göyərti satanın və taqqıldayan tramvayın səsi dolur”.

Bu hələ romanın başlanğıcıdır. Romanda hadisələr dərinləşdikcə dərinləşir, hətta müasir dövr və yaxın keçmişimizdəki səs-küylü hadisələrin pərdə arxasına işıq salınır. Post-sovet ölkəsində müharibələr alovlanır və bu ilk növbədə Dağlıq Qarabağda ermənilər və azərbaycanlıların bir-birinə qarşı amansız mübarizəsi ilə başlayır.

Daha sonra mühacir kimliyinin verdiyi ilk ağrılardan söhbət gedir. Kimsəsizlik və gənc nəslin mühacirətdə qazandığı acı təcrübələri danışılır, burda nə qloballaşma, nə iqtisadi yeniliklər yada salınmır, ancaq gündəlik həyatdan səhifələr bir-birinin ardınca üzümüzə açılır. Mühacirətdən sonra Mariyanın həyatında cürbəcür ölkələrdən gəlmiş, cürbəcür millətlərə məxsus dostlar ortaya çıxır. Onun tənha həyatı rənglənməyə başlayır. Sanki, Paris, Frankfurt, Beyrut, Tel-Əviv və Nyu-York bir-biri ilə bir qapı uzaqlığındadır, bəzənsə mühacirlər bir-biri ilə bir xarici pasportun çevrilən səhifələrində danışırlar.

Maşa danışır: “Mən Azərbaycanda doğulmuşam – deyə dilləndim. – Ora uzaqdadır. – Xeyr elə də uzaq deyil. – Axı bu müsəlman ölkəsidir. Sən müsəlmansan? – Xeyr. – Xristiansan?..”
XS
SM
MD
LG