Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:51

«Qışda vurduqları dam örtükləri yayda əridi»


Foto: Arxiv
Foto: Arxiv
-
«Dedilər ki, küçəboyu bütün damlar eyni örtüklü olmalıdır. Söküb qoydular yerə, əvəzinə tola bənzər dam örtükləri vurdular. Bizim zona yayda çox isti olur. Qışda vurduqları dam örtükləti yayda əridi. Məlum oldu ki, istiyə davam gətirməyən örtüklər imiş. Beləcə dam örtükləri əriyib əyri formaya düşdü. Ardıyca da payız düşdü, yağışlar başladı, o əyri-üyrü dam örtüklərindən evlərimizi su basdı».

Bunları AzadlıqRadiosunun «Qaynar xətt»inə deyən Ucar sakini Mehman Səfərovdur. Yaşadığı küçədəki evlərin dam örtüklərini 2 il əvvəl gəlib dəyişiblər. Babat vəziyyətdə olan dam örtüklərini söküb əvəzinə keyfiyyətsiz, isti-soyuğa davamsız örtüklər vurublar. İndi əziyyətini küçə sakinləri çəkir:

«Mən evimə xərc qoyub yeni təmir etdirmişdim. Dam örtüyünü də yeni dəyişmişdim. Dedilər, bizimlə mübahisəyə girmə, yuxarıdan göstəriş var ki, bütün dam örtükləri dəyişməli, eyni olmalıdır. Başa düşə bilmirəm, mənim evimin dam örtüyünə görə niyə başqası göstəriş verməlidir. Halbuki, başqa küçələrdə elə evlər var ki, dam örtükləri bərbad vəziyyətdədir, yerli icra nümayəndəliyinə, bələdiyyəyə yalvasalar da, əncam çəkən yoxdur. Mənimsə evimin təzə dam örtüyünü zorla söküb yerinə keyfiyyətsizini vurdular. İndi yağışlar yağanda otaqlara edrə düzürük».

İcra hakimiyyəti mərkəzi küçələrdəki dam örtüklərinin dəyişdirilməsini abadlıq işləri ilə əlaqələndirir. Dam örtüklərini hansısa şirkətin dəyişdirdiyini desələr də, adını açıqlamadılar. Ancaq vəd etdilər ki, yaxın vaxtlarda küçədəki evlərin dam örtüklərinə baxış keçirəcəklər, zərurət varsa, onları yeniləri və daha keyfiyyətliləri ilə əvəz edəcəklər.
XS
SM
MD
LG