Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:30

Döyən əllər [Video]


-


Ailədaxili zorakılıqlar haqda «Təmiz Dünya» İctimai Birliyinin sədri Mehriban Zeynalova, psixoloq Azad İsazadə və jurnalist İlhamiyyə Rza danışır.

«KİŞİLƏR QADINLARIN DEYİNMƏYİNİ ZORAKILIQ SAYIR»

Mehriban Zeynalova deyir ki, fiziki zorakılıq daha geniş yayılıb:

«Ailə zorakılığının müxtəlif formaları var. Fiziki, psixoloji, cinsi, iqtisadi zorakılıq ola bilər. Biz daha çox fiziki zorakılıq hallarından xəbər tuta bilirik. Cinsi zorakılıq halları isə əksər hallarda gizlədilir. Erkən nikahlar, selektiv abortlar da zorakılığın geniş yayılmış formalarıdır…».

Mehriban Zeynalovanın fikrincə, kişilər zorakılığa məruz qaldıqlarını çox vaxt gizlədirlər:

«Biz daha çox qadınlara qarşı zorakılıqdan danışırıq. Çünki kişilər zorakılığa məruz qalmaqları barədə adətən danışmırlar. Bu stereotip qırılsa, bəlkə real vəziyyət fərqli ola bilər. Qadınların deyinməyini də kişilər özlərinə zorakılıq hesab edirlər. Bildirirlər ki, bu, onlara kifayət qədər əzab verir. Qadınların intihar səbəbləri arasında zorakılıq var. Ancaq kişilərin intihar səbəbləri araşdırılmayıb. Ola bilsin ki, onların da arasında zorakılıq səbəbindən intihar edənlər var…».

«QADINA QARŞI QADIN CƏMİYYƏTİ DAHA AQRESSİVDİR»

Azad İsazadə qadına olan zorakılığın səbəbini belə izah edir:

«Zorakılıq səbəbləri müxtəlifdir. Bəzən qadın kişidən daha güclüdür. Kişi bunu hiss edir və öz üstünlüyünü göstərmək üçün fiziki zorakılığa əl atır…».

Psixoloq zorakılıqdan şikayət etməyi bacaranları qəhrəman kimi qiymətləndirir:

«Mən zorakılıqla bağlı şikayət edənləri qəhrəman hesab edirəm. Çünki cəmiyyət zorakılığa birmənalı yanaşmır. Bu barədə şikayət edənlərə pis baxılır çox vaxt. Qadına qarşı qadın cəmiyyəti daha aqressivdir. Kişi öz yoldaşını çox vaxt bacısının, anasının ondan şikayətinə görə döyür…».

«AİLƏ ZORAKILIĞININ QURBANLARI SUSMAMALIDIRLAR»

İlhamiyyə Rza deyir ki, ailədə adətən qadınlar zorakılığa məruz qalır:

«İlk növbədə, qadınlar zorakılığa məruz qalır ailədə. Kişilərin zorakılığa məruz qalması haqqında eşitməmişəm. Ancaq istisnalar ola bilər. Tendensiya şəklində qadınlar daha çox əzilir…».

Jurnalist zorakılıq qurbanlarının susmamasını vacib sayır:

«Zorakılığa məruz qalan insanların susmaması üçün cəmiyyətdə müxtəlif aksiyalar keçirmək olar. Biz bu yaxınlarda mətbuatda bir aksiya keçirdik. İmzası tanınan qadınlar öz hekayələrini paylaşdılar. Onlar zorakılığı necə aşdıqlarını yazdılar. Bu addım başqaları üçün də örnək ola bilər. Ancaq belə aksiyalar feminizmə keçməməlidir…».
XS
SM
MD
LG