Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:40

Eriс Rubin: Demokratiya ABŞ-ın Azərbaycanla dialoqunun mühüm hissəsidir


Eric Rubin
Eric Rubin
-
«Demokratiya və insan haqlarına dair dialoq Azərbaycan hökuməti ilə əlaqələrimizin bir hissəsidir. Biz Azərbaycan hökuməti ilə bu dialoqu davam etdirməyi səbirsizliklə gözləyirik».

Bunu ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Eric Rubin dekabrın 5-də Bakıda keçirdiyi brifinqdə deyib.

O bildirib ki, söz və mətbuat azadlığı Azərbaycanla apardıqları dialoqun mühüm hissəsidir:

«Azərbaycan hökuməti ilə bu mövzuda dialoqu davam etdiririk və bundan sonra da davam etdirəcəyik».

ABŞ rəsmisi deyib ki, ötən aylar ərzində Azərbaycanla Ermənistan arasında danışıqların yenidən bərpa olunması ABŞ-ı ruhlandırır:

«Hesab edirik ki, bu faktın özü prosesdə irəliləyişin əldə edilməsi üçün çox vacibdir. İki prezidentin görüşü barədə bəyanatda da bildirmişdik ki, prezidentlərin bu işdə göstərdiyi qətiyyəti, cəsarəti və müdrikliyi alqışlayırıq».

E.Rubin ABŞ-la Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirəcəyini vurğulayıb:

«Xüsusən Əfqanıstandakı missiya başa çatdıqdan sonra Azərbaycan Əfqanıstana və Əfqanıstandan geriyə yüklərin nəqlində önəmli rol oynayacaq. Eyni zamanda Azərbaycan Əfqanıstan hərbçilərinə və təhlükəsizlik qüvvələrinə təlimlər keçə bilər».

E.Rubin Ukraynada baş verənlərə də toxunaraq deyib:

«Ukrayna xalqının öz gələcəyini təmin etməsi vacib prinsipdir. Bu prinsip bütün keçmiş postsovet ölkələrinə aiddir. Ukraynanın siyasi partiyaları ölkənin Avropa seçimini dəstəkləyir. Ölkə prezidenti assosiasiya üzvlüyü ilə bağlı qərar verməkdə fasilə götürüb. ABŞ Avropa Birliyi ilə danışıqları davam etdirir ki, bu fürsət qapısının açıq qalmasını təmin edək».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG