Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:43

Kiyevdəki nümayişçilərə Qərbdən dəstək


Kiyevdə "Xalqı qırmağı dayandırın" şüarı

Kiyevdə "Xalqı qırmağı dayandırın" şüarı

-
Kiyevin mərkəzi meydanında minlərlə nümayişçi hökumət və dövlət binalarını mühasirəyə alaraq hökumətin istefasını və yeni seçkilər tələb edir.

Baş nazir Mykola Azarov ATƏT Xarici işlər nazirləri şurasının Kiyevdə keçirilən iclasında çıxış edərkən aksiyaçılar arasında ekstremist qüvvələr olduğunu bildirib, eyni zamanda deyib ki, demokratik ölkədə etirazlar normaldır.

Azarov hökumətin vəziyyətə nəzarət etdiyini bildirib : “Hər bir kəs başa düşməlidir ki, ölkənin konstitusiyası və qanunları işləyir. Heç kimə imkan verilməyib ki, bu qanunları pozsun. Qanunu pozan cavab verəcək”.

ATƏT Xarici işlər nazirlərinin görüşündə ABŞ Dövlət katibi John Kerryni əvəz edən Dövlət katibinin köməkçisi Victoria Nuland Ukrayna hökumətini öz xalqının səsini eşitməyə çağırıb. Nuland deyib: "Biz öz gələcəyini Avropa ilə görən, iqtisadiyyata sağlamlıq gətirmək istəyən Ukrayna xalqının yanındayıq".

KİYEV PUL AXTARIR

Bu arada bir sıra Ukrayna rəsmiləri Moskvaya gediblər. Bu barədə məlumat verən Reuters yazır ki, onlar Moskvadan maliyyə köməyi istəyir. Kiyevdə etirazlar davam etdiyi vaxt Ukrayna prezidenti Yanukoviç də Çindədir. Onun da səfərində məqsəd iqtisadi yardım almaqdır. Yanukoviç Çinlə imzaladığı sənədlər barədə bildirib ki, bunlar Ukraynaya 8 milyard dollar investisiya gətirə bilər.

Ancaq bu, gələcək investisiyadır. Ukraynaya pul isə indi lazımdır. Ukraynanın təkcə borclarının faizlərini ödəməyə 17 milyard dollara ehtiyacı var.

Ukraynada etirazların davam etməsi onsuz da tənəzzüldə olan Ukrayna iqtisadiyyatını çökdürə bilər. Milli valyuta hrivnanın məzənnəsini saxlamaq üçün son günlər bazara daima dollar çıxaran Mərkəzi Bankın cəmi 20 milyard dollarlıq valyuta ehtiyatı var, bu da hrivnanın dollara nisbətini saxlamağa kifayət etməyə bilər. Londondakı Commerzbankın eksperti Bantis Reutersə deyir ki, Ukrayna şirkətləri iflasa uğraya bilər.

"AVROPA QAPILARI AÇIQDIR"

Kiyevdə səfərdə olan Almaniyanın xarici işlər naziri Westerwelle etirazaçıların düşərgəsinə gedib və iki müxalifət lideri – keçmiş iqtisadiyyat naziri Arseny Yatsenyuk və keçmiş boksçu Vitaly Klitschko ilə görüşüb.

Almaniyalı nazir etirazçılara tam dəstəyini bildirib: “ Biz Ukraynanın taleyinə biganə deyilik. Biz Avropa dəyərlərini dəstəkləyirik və Avropa Birliyinə qapılar açıqdır. Ukrayna Avropa ilə bir olmalıdır”.

ABŞ Dövlət Katibi John Kerry isə Moldovada deyib ki, ukraynanılar öz talelərini müəyyən etməkdə azad olmalıdırlar.

Rusiyanın xarici işlər naziri Lavrov Brüsseldə mətbuat konfransında tam əks mövqedən çıxış edib və deyib ki, o, etirazçıların aqressivliyini başa düşmür. Lavrov kənar qüvvələri isə qarışmamağa çağırıb.

HÖKUMƏT MANEVR EDİR

Müxalifətin etimadsızlıq təklifindən salamat çıxa bilən Azarov hökuməti indi bildirir ki, Avropaya birləşmək yolundan geri dönməyib, yalnız “fasilə” edib. Tezliklə Azarovun başçılıq etdiyi nümayəndə heyəti Brüsselə gedəcək.

Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Ashtonun sözçüsü Maja Kocijancic deyib: " Avropa Komissiyasının sədri Barroso Ukrayna prezidenti Yanukovichlə telefonla danışıb. Yanukovic xahiş edib ki, Ukrayna nümayəndə heyətini qəbul etsin və assosiasiya sazişinin və azad ticarət sazişinin müxtəlif tərəfləri müzakirə olunsun".

Hökumət və dövlət binalarının qabağına toplaşan yüzlərlə nümayişçilərdən biri – 21 yaşlı tələbə Christina Yavorskaya isə deyir: “Biz bu hökuməti istəmirik. Gənc ukraynalılar Avropaya birləşmək istəyir. Rusiya ilə gələcək yoxdur”.

38 yaşlı Mikhail Skoropad isə hökumətdəkilər haqda sərt danışıb : “Bizim bu quldurları öz ofislərindən qovmaq şansımız var. Nə qədər ki, bu imkanımız var, biz burda qalacağıq”.

Reuters etirazçılar və müxalifət haqda yazır ki, müxalifət sərt mövqeli millətçilərdən tutmuş Avropa liberlalarına qədər geniş spektri əhatə edir. Ancaq onların Yulia Timoshenko kimi xarizmatik lideri deyəsən, çatmır. Bəzi təhlilçilər lider roluna Klitschkonu görür. Ancaq başqa təhlilçilər boks üzrə keçmiş dünya çempionunun siyasi döyüşlərdə təcrübəsiz olduğunu göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG