Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:54
-
Naxçıvan bazarlarında balıq qəhətə çəkilib. Bu haqda AzadlıqRadiosuna yerli sakinlər məlumat veriblər. Onların dediyinə görə, artıq bir neçə gündür ki, Araz çayından tutulan balığa bazarlarda rast gəlinmir.

Naxçıvanda əhalinin balığa tələbatını əsasən Araz çayı ödəyir.

Digər kiçik çaylardan və yaxud göllərdən də balıq tutulub bazarlara çıxarılır. Ancaq bu, balığa olan tələbatın yalnız cüzi bir hissəsini ödəyir.

«HƏKİM MƏSLƏHƏT GÖRÜB Kİ, UŞAĞA TEZ-TEZ BALIQ YEDİZDİRƏK»

Naxçıvan sakini Sahib Babayev deyir ki, iki gündür bazarlara ayaq döysə də balıq ala bilmir. O deyir ki, Araz balığı qəhətə çəkildiyindən digər balıqları baha qiymətə belə çətin tapmaq olur:

«Həkim məsləhət görüb ki, uşağa tez-tez balıq yedizdirək. Hər dəfə gəlib rahatca alıb getmişəm. Düzdür, Naxçıvanda balıq da monopoliyadadır. Mən özüm Arazqırağı kəndlərin birində yaşasam da, bizə çaydan balıq tutmağa icazə vermirlər. Naxçıvanda «Balıqçılıq Təsərrüfatı» ASC var, balığı yalnız onlar tuta bilər. Yenə də lazım olduqca bazardan istədiyin qədər ala bilirdin. İndi o da yoxa çıxıb. Deyilənə görə, İran tərəfi icazə vermir balıq tutmağa».

«SƏHƏR DEDİLƏR Kİ, İRAN TƏRƏFİNDƏN...»

Naxçıvanda balıq əsasən Tumbul kəndi yaxınlığında, Araz çayı üzərində yaradılmış süni gölməçədə tutulur. Kənd sakinlərinin bildirdiyinə görə, bir neçə gün öncə Araz çayı tərəfdən güllə səsləri eşidilib. Adının çəkilməsini istəməyən Tumbul kənd sakini deyir ki, həmin güllə səslərindən sonra «Balıqçılıq Təsərrüfatı» ASC gölməçədə balıq tutmağı dayandırıb:

«Hər gün gəlib balıq tuturdular. Bir hissəsini satmaq üçün Bakıya göndərirdilər, bir hissəsini də Naxçıvan bazarlarına. Noyabrın 30-u gecə güllə səsləri eşitdik. Səhər dedilər ki, İran tərəfindən bizim balıqçılara güllə atıblar. Həmin gündən bizimkilər balığa gəlmirlər».

«BİZƏ HEÇ KİM GÜLLƏ ATMAYIB»

Naxçıvan «Balıqçılıq Təsərrüfatı» ASC-dən isə bildirdilər ki, əvvəlki qrafikdə öz işlərinə davam edirlər:

«Kim deyir yalan deyir. Balıq tutulur və bazara çıxarılır. Ola bilər, satış yeri dəyişilib deyə, tapa bilmirlər. Bizə heç kim güllə atmayıb».

Tumbul kəndi Naxçıvan şəhərinin inzibati ərazisinə daxil olduğundan balıqçılara güllə atılması ilə bağlı deyilənlərə şəhər polis idarəsindən də münasibət öyrənmək istədik. İdarədən bu barədə məlumatsız olduqlarını bildirdilər.
XS
SM
MD
LG