Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:05

Milli Şuranın yeni mərhələsi başlayır


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-
5 dekabr medianın icmalı


“MİLLİ ŞURANIN YENİ MƏRHƏLƏSİ BAŞLAYIR”

“Milli Şuranı qərarını məmnuniyyətlə qəbul edib razı olduğumu söylədim. Başqa dostlarıma da təşəkkür etdim və Cəmil müəllimə sədr seçilməsi münasibətilə təbrikimi bildirdim. Mənə elə gəlir ki, Milli Şuranın yeni mərhələsi başlayır. Var qüvvəmizlə Milli Şuranın işində iştirak etməliyik”.

Bunu “Azadlıq” qəzetinə müsahibəsində Milli Şuranın fəxri sədri, kinorejissor Rüstəm İbrahimbəyov deyib.

“Müsavat başqanı İsa Qəmbərin sessiyada verdiyi “əgər Rüstəm İbrahimbəyov fəxri sədr seçilsə, Müsavat partiyası Milli Şurada təmsilçilik məsələsinə yenidən baxacaq” bəyanatına kinorejissor belə münasibət bildirib:

“Bu, onların öz işləridir və işlərinə qarışmıram”. Rüstəm İbrahimbəyov ölkədə yanacağın qaldırılmasına da münasibətini bildirib: “Milli Şura son sessiyasında bu barədə bəyanat yayımlayıb. Bu bəyanatın müəlliflərindən biri də mənəm. Mən də yanacağın bahalaşmasının əleyhinəyəm və öz narazılığımı bildirmişəm”.

SON İKİ AYDA DƏM QAZINDAN ZƏHƏRLƏNMƏLƏRLƏ BAĞLI 200-Ə YAXIN ÇAĞIRIŞ OLUB

Son iki ay ərzində dəm qazından zəhərlənmələrlə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 192 çağırış daxil olub. 143 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Zemfira Vahidova bildirib.

Baş həkimin sözlərinə görə, bu ilin oktyabr ayında dəm qazından zəhərlənmə ilə bağlı stansiyaya 65 müraciət daxil olub. Onlardan 50 nəfəri xəstəxanaya yerləşdirilib.

Noyabr ayında isə 127 zəhərlənmə qeydə alınıb. 93 nəfər xəstəxanaya yerləşdirilib.


İŞIQ, QAZ, SU DA BAHALAŞACAQ

Bunu “Yeni Müsavat” qəzetinə müsahibəsində iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.

Qubad İbadoğlu
Qubad İbadoğlu
Q. İbadoğlu deyib ki, bahalaşma davamlı müşahidə ediləcək, eyni zamanda inflyasiya əhalinin gəlirlərinin dəyərsizləşməsini və xərcləri çoxalmasını şərtləndirəcək.

Onun sözlərinə görə, təbii qazın əhaliyə satış qiyməti 1 kubmetr üçün 10 qəpikdən 15 qəpiyə (50 faiz artım), elektrik enerjisini 1 kv/saatının qiymətinin 6 qəpikdən 10 qəpiyə (66 faiz artım), 1 kub metr suyun qiyməti 30 qəpikdən 50 qəpiyə (40 faiz) çatdırılması mümkündür:

“Büdcədən bu xidmətlər üzrə ödənişlərin artımının analizinə əsasən bahalaşmanın həddi müəyyənləşib. Ona görə də ”bahalaşma olmayacaq" deyib insanları sakitləşdirənlərin büdcə layihəsini bir az diqqətlə oxuması məsləhətdir".


RAFİQ TAĞININ QARDAŞI: “ÜMİDİMİZİ PREZİDENTƏ BAĞLAMIŞIQ”

Mərhum yazıçı-publisist Rafiq Tağının qardaşı İlqar Tağıyev “Media forum” saytına bildirib ki, onlar prezidentə müraciət etdiklərinə görə cavab gözləyirlər. İndiki məqamda prokurorluğa getməyi mənasız sayırlar.

“Gedib bunları təkrarlamağın nə mənası var? Gedəcəyik prokurorluğa, eyni şeyi deyəcəklər. Başımızın altına yastıq qoymaqla məşğuldurlar. Guya bilmirlər iradlarımız nədir, hansı vəsatətlərimiz var. Bunların hamısını əzbər bilirlər. İşə barmaqarası baxmağa başlayıblar, axıra kimi də belə etmək fikrində olduqları görünür.

Biz prezidentə müraciət etmişik, prezidentdən də cavab gözləyirik. Əgər bizi dövlət başçısı ilə görüşə çağırmasalar, bir aydan sonra təkrar müraciət edəcəyik. İstintaq iki il ərzində ortaya heç bir fakt qoymayıb. Ümidimizi prezidentə bağlamışıq”.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda bıçaqlanıb, dörd gün sonra müalicə olunduğu xəstəxanada vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.

UŞAQLARIN GÖZÜ QARŞISINDA QƏTL EDİLƏN ANALAR

“Bizim Yol” qəzeti yazır ki, Azərbaycanda qadınlara qarşı zorakılıqlar az qala cinayət sayılmır.

Qəzet yazır ki, bu il başa çatmamış 98 qadın intihar edib. Evdə öldürülən qadınların sayı isə 83 olub.

“Statistika göstərir ki, qadınlar evdə öldürülür, döyülür, psixoloji və cinsi zorakılığa, o cümlədən təqibə məruz qalırlar. Bu gün qanun olsa belə qoruması olmayan qadınların fonunda işlər çox ləng aparılır. Elə bəlkə də işləri sürətləndirmək üçün QHT-lər və bəzi dövlət qurumları “Qadın zorakılıqlarına yox deyək!” adı altında 16 günlük silsilə tədbirlərə başlayıblar”.


ARDNŞ PREZİDENTİ: “BENZİNİN QİYMƏTİNİN ARTIRILMASI NORMALDIR”


Rövnəq Abdullayev
Rövnəq Abdullayev
“Qafqazinfo” nun xəbərinə görə bunu jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

R. Abdullayev deyib ki, 2007-ci ildən qiymətlər dəyişməyib və indi bu proses normal haldır. Bu dövlət büdcəsinə daxilolmaların artırılmasına öz töhfəsini verəcək, sosial yönümlü layihələrin həyata keçirilməsi imkanlarını artıracaq.

"Biz məhsullarımızın keyfiyyətini artırmaqda davam edirik, dizel yanacağı artıq yüksək standartlara uyğundur, benzin üzrə Avro-3 keçməyə imkanlar var," - Abdullayev bildirib.

BİNƏQƏDİNİN İCRA BAŞÇISI 25 YAŞLI QIZI ÖZÜNƏ MÜAVİN TƏYİN ETDİ

Modern.az saytı yazır ki, Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bir neçə gün öncə birinci müavini Qəzənfər Novruzovu tutduğu vəzifədən azad edib.

Dünənki əmri ilə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının baş təlimatçısı Aygün Əliyevanı müavin təyin edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG