Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:01

NATO Ukrayna məsələsində öz sözünü dedi


Ukrayna - müxalifətçilər parlamentin rəyasət heyətini zəbt edib, 4 dekabr 2013
Ukrayna - müxalifətçilər parlamentin rəyasət heyətini zəbt edib, 4 dekabr 2013
-

BRÜSSELDƏ VƏ MOSKVADA…

Kiyevdə avrointeqrasiya tərəfdarları hökumət binalarının blokadasını davam etdirdiyi, müxalifətçi deputatlarınsa parlamentin plenar iclas zalında rəyasət heyətini zəbt elədiyi bir vaxtda Ukrayna məsələsi qərbdə - NATO, şərqdə isə Rusiyada müzakirə edilir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “kənar qüvvələr”in Ukraynadakı hadisələrə müdaxiləsini yolverilməz adlandırıb.

O, dekabrın 4-də Brüssel-də NATO ölkələrinin xarici işlər nazirləri ilə görüşündən sonra deyib ki, hərbi alyansın Ukrayna hakimiyyətini etirazçılara qarşı aşırı gücdən istifadəyə görə tənqid etməsinin səbəbini anlamır.

“Rusiya bu hadisələrə Ukraynanın daxili işi kimi baxır. Mən Ukrayna müxalifətinin bu miqyasda aqressiv aksiyalarının səbəbini anlamıram. Ümid edirəm ki, Ukrayna siyasətçiləri ölkə Konstitusiyası çərçivəsində hansısa bir çıxış yolu tapacaqlar. Biz də bunu dəstəkləyirik və başqalarını da hadisələrə müdaxilə etməkdən çəkinməyə çağırırıq”.

“MƏN BÖHRAN GÖRMÜRƏM”

NATO-nun baş katibi Anders Fogh Rasmussen bu görüşdən bir qədər əvvəl Ukraynadakı bütün qüvvələrə müraciət edərək onları zorakılıqdan çəkinməyə, dialoqa getməyə çağırmışdı.

Ukrayna prezidenti Victor Yanukovych Avropa Birliyi ilə sıx əməkdaşlıq haqda assosiasiya sazişinin bağlanmasını ertələyəndən sonra ölkədə kütləvi aksiyalar başlanıb.

Sazişin bağlanmasına qarşı Rusiya da çıxır və Ukraynanı özünün rəhbərlik etdiyi Gömrük İttifaqına qoşmaq istəyir.

Hökumət Kiyevdəki etirazları xüsusi təyinatlı polis vasitəsilə dağıtdığı üçün indi müxalifət tələblərini daha da sərtləşdirib, sazişin bağlanması ilə yanaşı hökumətin istefasını və yeni parlament və prezident seçkilərinin keçirilməsini tələb edir.

Ukraynanın NATO-dakı səfiri İqor Dolqov isə alyansa daxil ölkələrin nazirlərinə deyib ki, ölkədə ümumiyyətlə heç bir böhran görmür.

"Mənim gördüyüm və eşitdiyim odur ki, Ukraynada Avropa Birliyi ilə yaxınlaşmağı dəstəkləyən aksiyalar keçirilir. Elə bizim hökumətin, prezidentin də yeritdiyi xarici siyasəti bu yöndədir.
Mənim gördüyüm odur ki, əhali, xüsusən də gənclər bu prosesin sürətlənməsini, assosiasiya razılaşmasının mümkün qədər tez bağlanmasını istəyir”.

Dekabrın 4-də Rusiyanın baş naziri Dmitri Medvedev Ukrayna baş nazirinin müavini Yuri Boyko ilə Moskvada görüşüb və deyib ki, Kreml Ukraynada “sabitlik və qayda-qanun” görmək istəyir.

Boyko Moskvaya iqtisadi mövzuda danışıqlar üçün gedib, xüsusən də Rusiyanın Ukraynaya satdığı qazın ucuzlaşdırılması üçün.

“LƏYAQƏTLİ ADDIM ATIB İSTEFA VERSİN”
M.Azarov
M.Azarov

Ukraynanın özündə isə baş nazir Mikola Azarov müxalifəti aksiyalara son qoymağa, vəziyyəti daha da gərginləşdirməməyə çağırıb:

"Bəzi siyasi qüvvələr heç bir konstruktiv niyyətləri olmadan küçə etirazlarını qızışdırır, insanları qanunsuz olaraq inzibati binaları zəbt etməyə, küçələri kəsməyə, dövlət orqanlarının işinə mane olmağa çağırırlar. Bu, cinayət əməlidir. Mən küçə etirazlarının üzdəniraq liderlərindən soruşmaq istəyirəm. Bu cinayətlərə görə məsuliyyəti kim daşıyacaq? Onlar insanların arxasında gizlənməməli, cavab verməlidirlər ki, bu cinayət əməllərinə görə məsuliyyəti kim daşıacaq”.

Müxalfət isə kütləvi aksiyaları hökumətin istefasına qədər davam etdirəcəyini deyib.

Keçmiş Ukrayna prezidenti Viktor Yushchenko isə Rusiyanın “Dojd” telekanalına müsahibəsində deyib ki, Azarov “ləyaqətli addım atıb istefaya getməlidir”.
XS
SM
MD
LG