Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:20
-
«ƏVVƏL 35 MANAT DEYİRDİ, İNDİ 40 MANAT OLACAQ»

«Qabaq 40 litr benzin vururdum maşına, indi 20 vurammıram. O qiymətə də benzin olar?».

Fermer Aydın Cəfərov AzadlıqRadiosuna Göygöldən danışır, deyir, benzin bahalaşandan bəri onu əkin-biçinin dərdi götürüb:

«Camaatın belini qırdı. Heydər Əsədov (kənd təsərrüfatı naziri - A.K.) axşam kombaynın qiymətindən danışır. Day demir ki, kombayn nəyi biçəcək? Nəylə əkəcəyik? Traktor qiyməti əvvəl 35 manata deyirdisə, indi deyəcək 40 manat».

Fermer onlara verilən subsidiyaların qaldırıla biləcəyini də eşidib, amma bunun da işə yaramayacağını düşünür:

«Deyirlər, əkin pulu artıb 50 manat olacaq, toxumun qiyməti də qalxacaq. Stolun arxası deyil e, bu. Zəhməti çöldə gəlib görmək lazımdır. Biz o borcun altından çıxa bilərikmi? Mən 460 hektar yer əkirəm. Tək traktorun yanacağı deyil ki. Hər gün neçə kilometri maşınla gedib-gəlirəm. Hər gün ona yanacaq lazımdır».

EKSPERT: «ÇÖRƏYİN QİYMƏTİNDƏ 20 FAİZ ARTIM PROQNOZLAŞDIRILIR»

Tarif Şurası dekabrın 3-dən benzinin qiymətini 30 faiz qaldırıb. Qurumun katibi İlkin Məcidov Trend-ə müsahibəsində deyib ki, tarif artımından sonra da Azərbaycanda benzinin pərakəndə satış qiyməti digər MDB ölkələrindən aşağı olacaq. O, artımın kənd təsərrüfatı məhsullarının istehsalçılarına ciddi təsir göstərməyəcəyini söyləyir:

«Bu sahəyə dövlət əvəzsiz yardım göstərir. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına toxum, gübrə, yanacaq dəstəyi ayrılır, onlara güzəştli kreditlər verilir. Onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddır».

Foto: Arxiv

Foto: Arxiv

İqtisadçı Vahid Məhərrəmovsa yanacağın bahalaşmasının kənd təsərrüfatı məhsullarının bazara daşınmasına, həm də satış qiymətlərinə, özəlliklə taxıl məhsullarına birbaşa təsir edəcəyini deyir. O, çörəyin qiymətində 20 faiz civarında artım proqnozlaşdırır:

«Yanacağın qiyməti kənd təsərrüfatı məhsullarının – ət, süd, meyvə və tərəvəz istehsalına, onların daşınmasına və tədarükünə təsir göstərəcək... Bizdə yığım prosesi də asan getmir. Pay torpağı pərakəndə olduğu üçün, istehsal olunan məhsulu formalaşdırmaq, bir yerə gətirib qablaşdırmaq lazımdır. Bu iş benzinlə işləyən kiçiktutumlu maşınlarla görülür».

AZƏRBAYCAN, ALMANİYA VƏ RUSİYA FERMERLƏRİNİN FƏRQİ

İqtisadçı Vüqar Bayramov Mediaforum saytına açıqlamasında aqrar sektorda xərc artımlarının qarşısının alınması məqsədilə subsidiyaların məbləğini artırmağı təklif edir. Onun fikrincə, adi kənd təsərrüfatı məhsulları istehsal edənlər üçün subsidiya məbləğini hər hektara 40 manatdan 60 manatadək, strateji məhsullar istehsal edən fermerlər üçünsə 80 manatdan 100 manatadək artırmaq yaxşı olar: Foto: Arxiv

Foto: Arxiv


«Bununla son qiymət artımının aqrar sektora təsirini minimuma endirmək mümkündür».

İqtisadçı Vahid Məhərrəmovun sözlərinə görə, Azərbaycan fermerinə verilən subsidiyalar bütövlükdə rəqabətqabiliyyətli məhsul hazırlamağa imkan vermir. Mütəxəssis fikrini əsaslandırmaq üçün başqa ölkələrin təcrübəsinə üz tutub müqayisə aparır:

«Almaniya kənd təsərrüfatına ildə 19 milyard avro dotasiya ayırır. Demək, adambaşına 250 avro dotasiya düşür. Azərbaycanda bu rəqəm 12 manat civarındadır. Hətta qonşu Rusiyada adambaşına subsidiya 50 manat, yəni bizim təklif etdiyimizdən 5 dəfə çoxdur. Bizim fermerlər həmin subsidiyayla, olsa-olsa, ziyanı qarşılaya, onu bağlaya bilirlər».

İqtisadçı fermerin maya dəyəri yüksələn məhsul istehsalından yayınmasına diqqət çəkərək bildirir ki, bölgələrin hava şəraiti, münbitliyə görə daha ucuz istehsal imkanı, böyük şəhərə yaxınlıq, daşınma xərcləri nəzərə alınmalı və bu yolla subsidiyalar daha dəqiq hesablanmalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG