Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:25
-
4 dekabr medianın icmalı

“ÇÖRƏYİN QİYMƏTİ 20 FAİZƏ QƏDƏR ARTA BİLƏR”

“Yanacağın qiymətinin artmasının kənd təsərrüfatı məhsulunun istehsalına birbaşa təsir edəcək”

Bunu “Azadlıq” qəzetinə yanacağın bahalaşmasını təhlil edən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.

“Bu həm istehsal olunan məhsulun bazara daşınmasına, həm də satış qiymətlərinə təsir edəcək. Bu mənada yanacağın qiymətinin bahalaşması kənd təsərrüfatı məhsullarının, o cümlədən çörəyin qiymətində 20 faizə qədər artıma səbəb olacaq. Ola bilsin hökumət bir müddət hər hansı təzyiqlə çörək və çörək məhsullarının qiymətini nisbətən stabil saxlaya bildi. Ancaq bu müvəqqəti xarakter daşıyacaq. Ona görə ki, çörəyin daşınmasında avtomobillərdən istifadə olunur. Bu avtomobillər də yanacaq işlədir. Benzinin qiymətinin qalxması çörəyin maya dəyərinin artmasına gətirib çıxaracaq”.

“İQTİDARIN XALQA GECƏ ZƏRBƏSİ”

“Yeni Müsavat” qəzeti yanacağın bahalaşmasını “iqtidarın xalqa gecə zərbəsi” adlandırır.

“Tarif Şurasının gecəyarı elan etdiyi qərar bir daha göstərdi ki, əslində bu ölkəyə ən real təhlükə mənbəyi hökumət və onun xalqa zidd siyasətini müəyyənləşdirən oliqarx-məmurlardır. Çünki benzinin qiymətinin artırılması məmur-oliqarxların inhisarında olan bütün ərzaq mallarına da dərhal təsir edib və ölkədə total bahalaşma başlayıb. Bu, prezident seçkisi ərəfəsi məvacibləri 10 faiz - yəni 10 manat artırılan vətəndaşlara verilən pulun 50 faizlə geri alınması deməkdir. Bu dəhşətli gerçəkliyi minimal əmək haqqı ilə dolanan (105 manat) hər bir ailə öz büdcəsini hesablayaraq daha aydın bilir artıq. Hazırkı qiymət və vergilər çıxıldıqdan sonra rəsmi elan olunan aylıq orta əmək haqqına 550 litr benzin almaq olar. Vəssalam...”

TARİF ŞURASININ ARTIM ƏSASLANDIRILMASI

“Tarif artımından sonra da benzinin pərakəndə satış qiyməti Azərbaycanda digər MDB ölkələrindən aşağı olacaqdır. Hazırda neft istehsalına görə dünyada 2-ci yerdə olan Rusiyada benzinin qiyməti Azərbaycanla müqayisədə daha yüksəkdir”.
Bunu Trend-ə müsahibəsində Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov deyib.

Arxiv foto

Arxiv foto

“...sonuncu tarif tənzimlənməsi 6 yanvar 2007-ci il tarixində həyata keçirilmişdir. 2007-ci ildə tarif tənzimləməsi aparılarkən xam neftin dünya bazarlarında qiyməti 1 barrel üçün 57 ABŞ dolları təşkil edirdisə, hazırda bu rəqəm 110 ABŞ dolları səviyyəsindədir. Bu dövrdə ölkəmizdə minik avtomoillərinin sayı 617 mindən 959 minədək artmışdır. Son 7 ildə avtomobil benzinləri üzrə ölkədaxili tələbat 800 min tondan 1,3 milyon tona, orta aylıq əməkhaqqı isə 215,8 manatdan 417 manatadək, Ümumi Daxili Məhsulun bir nəfərə düşən həcmi 3,3 min manatdan 5,9 min manatadək yüksəlib”.

İlkin Məcidov yanacaq bahalaşmasının nəqliyyat sektoruna, ərzad və kənd təsərrüfatı məhsullarının bahalaşmasına təsiri olub-olmayacağına da toxunub.

“Tarif dəyişikliyinin ictimai nəqliyyata təsiri də çox azdır. Belə ki, ictimai nəqliyyatda yanacaq xərcinin ümumi gəlirlərdə xüsusi çəkisi təqribən 20% təşkil edir və tarif artımından sonra bu göstərici 26,5% olacaqdır. Həmçinin taksi üzrə gediş haqqında yanacaq xərcinin payı 3% artacaqdır və bu artımlar sahənin rentabelliyi hesabına kompensasiya edilə bilər.

Bu kənd təsərrüfatı məhsullarının istehsalçılarına ciddi təsir göstərməyəcək. Belə ki, bu sahəyə dövlət tərəfindən əvəzsiz yardımlar göstərilir. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına toxum, gübrə, yanacaq dəstəyi ayrılır, onlara güzəştli kreditlər verilir. Kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddır.

Tarif (qiymət) Şurasının dekabrın 2-də benzinin bahalaşması, bəzi rabitə xidmətləri ilə bağlı tariflərin aşağı salınması ilə bağlı qərar qəbul edib. Yanacaq bahalaşması dekabrın 3-dən qüvvəyə minib. Şuranın rabitə xidmətləri ilə bağlı qəbul etdiyi yeni tariflər isə 1 yanvar 2014-cü il tarixdən tətbiq ediləcək.


“YAP AZƏRBAYCAN SİYASİ PALİTRASINDA ALTERNATİVSİZ QÜVVƏDİR”.


“Azərbaycan” qəzetinin yazdığına görə, bunu Yeni Azərbaycan Partiyasının 21-ci ildönümü ilə bağlı tədbirdə Gəncənin icra başçısı Elmar Vəliyev deyib.

“...olduqca çətin bir şəraitdə yaranan YAP-ın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir”.

Qulu Məhərrəmli

Qulu Məhərrəmli

“SOSİAL İMPOTENTLİKLƏ SOSİAL APATİYA BİRLƏŞƏNDƏ...”

“Azərbaycan cəmiyyətində kütləvi psixoz yaranıb”.

Bunu “Bizim yol”a müsahibəsində siyasi icmalçı Qulu Məhərrəmli deyib.
“Amma bu müəyyən mərhələlərdə ya açıq, ya qapalı şəkildə özünü göstərir, yaxud da kollektiv və fərdlər formasında üzə çıxır...”

Qulu Məhərrrəmliyə görə, sosial impotentliklə sosial apatiya birləşəndə millət və onun dəyərləri üçün ciddi təhlükə yaranır.


İRANDA AZƏRBAYCANLI FƏAL HƏBS EDİLİB

“Media forum” saytı İranda Azərbaycan milli fəal İsrafil Sultaniyanın tutulduğunu yazırş

Saytın yazdığına görə, İran kəşfiyyat nazirliyinin (ETTELAAT) əməkdaşları onun dekabrın 1-də həbs ediblər.

Daha sonra İsrafil Sultanyanın iş yerində və mənzilində yoxlama aparılıb, ona məxsus Azərbaycandilli kitablar və bir sıra şəxsi əşyalar götürülüb.

Azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı və hazırda harada saxlandığı bilinmir.

“Dostlarının hüquq müdafiəçilərinə dediklərinə görə, o, məhərrəmliyin tasua günündə ermənilərin işğal etdiyi Qarabağda azərbaycanlılara qarşı törədilən cinayətlər haqda yazılı vərəqələr yaydığına görə tutulduğunu bildiriblər”.

Şərhləri göstər

XS
SM
MD
LG