Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:37

Bir gün Xınalıqda...


Xınalıq kəndi
Xınalıq kəndi
-
- Neynirsən ay nənə?
- Xara tikirəm, bala...
- O nədir elə?
- Peyin ehtiyatı... Qışda yanacağımızdı...

Dəniz səviyyəsindən 2350 metr hündürlükdə yerləşən Xınalıq kəndi... Dağın başına doğru yolu dörd təkərin üstündə qət etmək asan iş deyil. Kiçik səhv səni sıldırım qayalardan alıb üzüaşağı yuvarladar. İllah da, çiskinli, dumanlı bir gündə...

Xınalıq, Gülsüm nənə
Xınalıq, Gülsüm nənə
İns-cinsin gözə dəymədiyi yollarla kəndin içərisinə doğru irəliləyirik. Qarşımıza ilk çıxan Gülsüm nənədir. Peyini qalağı yapmaqla məşğuldur. Deyir, qışqabağı vacib işlərdən biridir bu - yanacaq tədarükü.

- Odunumuz yox, qazımız yox.
- Bu nədən hazırlanır?
- Qoyun peyinindən.
- Yaşayışınız necədir?
- Nə deyim ay bala, səhərdən axşamadək işimizin adı budur – qoyun saxla, mal saxla, ot gətir, su apar...

****

“Bu kəndin dəqiq tarixini bilən yoxdur. Öz dilimiz var – Xınalıq dili. Evdə o dildə danışırıq. Uşaqlarımıza da bu dildə dərsliklər çap olunur”.

Bunu isə kəndin ortasında yolunu kəsdiyimiz Rafiq dayı deyir.

- Xınalıq dilində neçə hərf var, dayı?

- 35, ya 36...

(Başqa bir sakin) 47 hərf var...

Rafiq dayı: - 47-dir? (Gülür)... Vallah, mən dəqiq bilmirəm, bizim bir yazıçımız vardı, Rəhim müəllim... Rəhmətə getdi. O rəhmətlik yaxşı bilərdi belə şeyləri.

Qarşımıza çıxan növbəti kənd sakini Xalid dayıdır. Başımızın üzərindəki dolmuş, qara buludları göstərib bizi leysandan xilas etmək üçün tələsik evinə çəkib aparır.

Kasıbyana, səliqəli qonaq otağında Xınalıq haqqında eşidib - bildiklərini simiclik etmədən “açıb-tökür”.

- Nədən danışım bala? Adət-ənənə deyəndə ki, götürək elə qız cehizini. Əvvəllər qıza görə xırda-para başlıq alarmışlar. İndi başlıq böyüyüb, böyüyüb, hədəqədən çıxıb. Tək o yox, çox köhnə adətlər bir-bir aradan çıxıb. Xınalıqda 60 yaşlarında adam oturan yerin 15-20 metrliyindən 30-35 yaşlı adam keçməzmiş. İndi ağsaqqallar qırılıb qurtarıb, 35-40 yaşlılar özlərini ağsaqqal hesab edir kənddə.

KƏNDİN ƏN UZUNÖMÜRLÜSÜ

Xalid dayı deyir, kəndin ən uzunömürlüsü 93 yaşlı İbrahim kişidir:

Xalid dayı
Xalid dayı
- Ancaq əvvəllər kişilər olub ki, 110, 115, 130-a qədər ömür sürüblər. Getdikcə ömürlər də qısalır...

Müsahibim insan ömrünün qısalmasını qidalarda, havada görür. Deyir, şəhərin süni qidası və havası dağın başına da gəlib çıxıb. İndi kənddə yanağından qan daman tapmaq çətindir.

O VAXT QƏBİLƏLƏR İDİ...

“O vaxtlar Xınalıqda adam öldürmək, qəsd eləmək olmayıb. O vaxt qəbilə adlandırardılar, indi mafiya deyirlər. Eyni qanın daşıyıcılarına aiddirhaaa, əmoğlu, əminəvəsi... qəbiləyə bunlar aid idi. Bir hüzr, çətinlik düşəndə hamısı bir yerə yığılırdılar.”

Xınalığın üç hissəsi var – yuxarı baş, orta, kəndin ayağı. Hərəsinin də özünün məhəllələri var. O məhəllələrdə həmin varislər xeyir-şər işlərində bir-birlərinə əl tutublar. İndi o adətlər yoxa çıxıb...

XINALIĞIN EHSAN SÜFRƏLƏRİ...


“O vaxt hüzr yerində süfrəyə banan qoymazdılar, oğul...

- Burda da var elə şeylər?

- Ay oğul, qaça bilməzsən ki bundan... Hər yerdə varsa, gec-tez bura da gəlib çıxmalıydı. Ehsan süfrəsində alma, armud, üzüm, gavalı, gilas, nar... Halva, şəkərbura... Xınalıqda ehsan süfrələrində belə şeylər olmazdı.

- Əvvəllər necə olardı ehsan süfrələri?

- Hər adambaşına onun yeyə biləcəyi qədər bozbaş çəkib qoyardılar. Böyründə də iki tikə çörək...

KEÇMİŞİN AYAQ, YORĞAN SÖHBƏTİ...

Samovar necə yaranıb bilirsən? O vaxt samovar yox idi ki... Materialı çuğundan olan avtafa vardı. Onda su qaynadıb içiblər. Çay içməzlərmiş Xınalıqda. Camaat su içib, ayran içib. Camaat ehsan süfrəsində bir kasa bozbaşını yeyib, bir “kuruşka” ayranını içib, “Allah qəbul eləsin” deyib durub gedib. Toylarımız da elə... Böyük, təmtəraqlı ziyafət məclisləri kimi keçməyib ki, hansı ki, kasıbların gücü çatan deyil.

Xınalığın varlıları da olub, ancaq onların da məclisi kasıbın qurduğu məclis kimi keçib. Bunun üçün institut qurtarmaq lazım deyil, bala. Başa düşmək ayrı şeydir. İndikilər deyir, filankləsin qəbri qara mərmərdəndir, mənimki də ondan olsun. O vaxtlar belə şeylər yox idi.

KƏNDDƏ TİBBİ XİDMƏT: DÜNƏN, BU GÜN

“Yaxın vaxtlara qədər həkim əlac edənəcən xəstə əldən gedərdi, aparıb basdırardıq. İndi çox şükür, kənddə “ambulans”dır nədir, o var, həkim var, şəfqət bacısı var, laboratoriya var...

Xəstəni qoyurlar maşına, təcili aparırlar düz rayon xəstəxanasına. Ordakı ağxalatlılara deyirlər, qardaş, götürün, sizin üçün xəstə gətirmişik, yavaşca da qulaqlarına pıçıldayırlar ki, yaxşı pulu var bunun (Gülür).

***

Kasıbyana, səliqəli evin qapısından çölə boylananda Xınalığın üzərindəki qara buludlar daha da sıxlaşmışdılar. Xalid dayı israrla qalmağımızı istəyirdi:

“Bu dağdan necə enəcəksiz a bala? Yollar bir azdan sürüşkən olacaq. Vallah, indi yağış başlayacaq, belə vaxtda bu dağdan üzü aşağı heç “Niva” da enə bilmir”.

Öyrənirik ki, Xınalığa yağış tökdüsə, ən azı bir həftə dağın başında qalırsan... Ətəyinə enmək müşkülə dönür. Deməli, yağışı qabaqlayıb aradan çıxmaq lazımdır.

XINALIQ SAKİNLƏRİ ÜMİD EDİRLƏR

Xınalıq tarixi bilinməyən qədim kənddir. Çox adət-ənələri ortadan çıxsa da, qədimdən ona yol-yoldaşı olan problemlər hələ də ortalıqdadır. Onlar hökumətdən qaz, işıq, müasir məktəb, bağça, bir sözlə, şəhərdə yeni nə varsa, ondan istəyirlər. Bir də qonağın özü ilə xeyir-bərəkət gətirəcəyinə inanırlar. Ümidlərini dağın ətəyindən gələn qonaqların qədəmlərinə bağlayırlar:

“İnşallah ayağınız düşərli olar, problemlərimiz həllini tapar”, deyirlər.
XS
SM
MD
LG