Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:34

27 yaşlı qızın əlil arabasında bitməyən «uşaqlıq» ömrü


Serebral iflicdən əziyyət çəkən Ülkər Kazımova

Serebral iflicdən əziyyət çəkən Ülkər Kazımova

-
İmişli şəhərində ən dəbdəbəli toy şənlikləri, ən möhtəşəm yığıncaqlar geniş salonları və müasir texnoloji avadanlıqları olan “Kral” şadlıq sarayında keçirilir. Bu yığıncaqlarda iştirak edənlər ötüb keçdikləri dar dalanın kənarındakı barının arxasında yaşayan bir qızın qəmli taleyindən xəbərsiz olur...

“ÜRƏYİMƏ DAMMIŞDI Kİ, MƏNƏ GÖRƏ KİMSƏ GƏLƏCƏK”

Serebral iflicdən əziyyət çəkən Ülkər Kazımova

Serebral iflicdən əziyyət çəkən Ülkər Kazımova

Taxta qapını döyür və qarşıma çıxan bir oğlan uşağından Ülkəri soruşuram. Uşaq qaçıb evdəkilərə xəbər edir və az keçməmiş geri qayıdıb məni həyətə dəvət edir.
Böyüklü, kiçikli hamı bayıra çıxır. Üzlərdə təəccüb var. Bunun səbəbini bir azdan biləcəyəm- demə hələ indiyədək Ülkərə görə bu qapını döyən, bu həyətə ayaq basan olmayıb. Əlil arabasında olan qızın sevinci yerə-göyə sığmır:

“Ürəyimə dammışdı ki, mənə görə, kimsə gələcək.”

“DƏRDİNƏ BU ÖLKƏDƏ ƏLAC TAPILMADI”

Ülkər Kazımova serebral iflicin qalıq əlamətləri xəstəliyindən əziyyət çəkir. 3 aylığından başlayaraq respublikanın müxtəlif səhiyyə müəssisələrində müayinə olunub, davamlı olaraq müalicəyə cəlb edilib. Amma ötən 26 il ərzində göstərilən bütün cəhdlərə baxmayaraq, Ülkərin sağlamlığının bərpası mümkün olmayıb.

Ülkər üçün qəzetdə verilən elan

Ülkər üçün qəzetdə verilən elan

Ülkərin xalası Afət Kazımova deyir ki, əgər xəstə vaxtında xarici ölkələrin birinə aparılsaydı, bəlkə də dərdinə əlac tapılardı:

“O vaxt həkimlər bizə Almaniyaya aparmağı məsləhət bilmişdi. Buna imkanımız olmadı. Ülkərin adına bankda hesab açdıq, yerli qəzetdə elan verdik, kömək edən olmadı. O vaxt dövlət zəif, əhali kasıb idi - kimdə pul vardı ki? Bəlkə yenə də gec deyil...”

“BU, MƏNƏM!”

Ülkərin gəlinciklə şəkli

Ülkərin gəlinciklə şəkli

Ailə üzvlərinin deməsinə görə, Ülkərin özünəməxsus musiqi duyumu var, olduqca həssasdır, təmizkardır. Çətinliklə də olsa, yeməyi özü yeyir. Kəsik-kəsik danışır, qığıltılı səsi var. Onu həyəcanlandırmaq olmaz- yoxsa özünə nəzarəti itirir.

Ülkərlə bağlı sənədlər it-bata düşməsin deyə onu dəmir qutuda saxlayırlar. Qutudan bir yığın möhürlü-ştamplı kağız çıxır: müayinələrin nəticəsi, epikrizlər, məktublar...

Ülkərə maraqlı gələn müxtəlif illərdə çəkdirdiyi şəkillərdir. Əlini arabasının söykənəcəyindən götürüb, şəkildə anasının qucağında, ya gəlinciyi ilə birgə olan, üzündən bəxtəvərlik yağan qızcığaz üzərinə qoyub deyir: “bu mənəm.”

ƏLİL QIZ SİÇOVULLARIN ÜZƏ ÇIXDIĞI, RÜTUBƏTLİ EVDƏ YAŞAYIR

Ümumi xəstəliklə I qrup əlil üçün dövlət hər ay 67 manat müavinət ödəyir. Afət Kazımova bildirir ki, gördükləri elə budur:

Ülkərin əlillik vəsiqəsi

Ülkərin əlillik vəsiqəsi

“Azərbaycan orqanları, təşkilatları, vəzifəli şəxslərindən heç biri indiyədək bu qızla maraqlanmayıb, yaşadığı evin qapısını döyməyib.”

Əlilin mənzil şəraiti də acınacaqlıdır. 2010-cu ildə baş verən sel və daşqınlardan sonra həyətdə olan tikililərdən biri uçub və hazırda 12 nəfər adam bir evə sığınıb. Ailə üzvləri deyir ki, evin döşəmə taxtaları aralanıb, qırxayaq, siçovul üzə çıxır, otaqlarda rütubət var.

DAHA ÇOX UŞAQLARLA ÜNSİYYƏTDƏ OLUR


Ülkər Kazımova

Ülkər Kazımova

Hər tərəfi bağlı olan həyət Ülkər üçün darıxdırıcıdır. O da cəmiyyət içərisində olmaq istəyir. Havalar xoş olanda onu əlil arabasında şəhər istirahət parkına aparırlar. Tanımadığı adamlar bəxtsiz qıza sayğı ilə yanaşır- kimi tum alır, kim ayran. Keyfini xəbər alanlara gülümsər üzlə cavab verir, onlara dua edir. Amma 27 yaşlı Ülkər yaşıdlarına qaynayıb-qarışa bilmir, daha çox kiçik yaşlı uşaqlarla ünsiyyətdə olur.

Şərhləri göstər

XS
SM
MD
LG