Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:12

Sadələşdirilmiş vizadan qazanc – 25 avro


Sorğu: Avropa ilə yaxınlaşmaq sadə vətəndaşa
nə verə bilər?
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Sorğu: Avropa ilə yaxınlaşmaq sadə vətəndaşa nə verə bilər?

-
«Ümid edirəm ki, bu sənədin imzalanmasından sonra, ən azından, viza rejimi bir xeyli sadələşər, Avropaya getmək asanlaşar. Keçən il Macarıstana turist kimi gəzməyə gedəndə olmazın əziyyət çəkdim. Məndən o qədər sənəd istəmişdilər ki, axırda getməkdən vaz keçəcəkdim».

Bakı sakini Cavid Bağırov deyir ki, keçən yay Macarıstana getmək üçün düz iki gün həmin ölkə səfirliyinin qarşında gecə-gündüz növbə gözləyib. İndi fikirləşir ki, Azərbaycanla Avropa Birliyi arasında sadələşdirilmiş viza rejimi imzalanandan sonra belə əziyyətlər azalar.

Cavidin ümidləri doğrulacaqmı?

«ELƏ DƏ BÖYÜK SADƏLƏŞDİRMƏ DEYİL»

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının fikrincə, sözügedən sənəd sadə vətəndaşların işini sadələşdirməyəcək:

«Təəssüflə qeyd edim ki, sənədlə tanış olarkən, adi vətəndaşlara orda hər hansı xüsusi sadələşdirmələrə rast gəlməmişəm. Azərbaycanın sadə vətəndaşlarına ən çox növbələr əziyyət verir. Məsələn, səfirliklərin qarşısında növbələrin şahidi oluruq. Azərbaycan vətəndaşları günlərlə növbəyə dururlar. Mən gözləyirdim ki, kiçik də olsa, güzəştlərə gediləcək. Ancaq heç bir güzəştə rast gələ bilməmişəm. Yəni, sadələşdirmə elə də böyük sadələşdirmə deyil».

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu da o fikirdədir ki, viza anlaşması qüvvəyə minəndən sonra istənilən Azərbaycan vətəndaşının Avropa ölkələrinə rahat viza alıb gedə biləcəyi təsəvvürü yanlışdır. Ancaq sadə vətəndaşın qazancsız da qalmayacaq:
Ərəstun Oruclu
Ərəstun Oruclu

«Sadə vətəndaşın yeganə qazancı o ola bilər ki, vizanı 60 avroya yox, 35 avroya alacaq. Üç günə yox, iki, ya da bir günə alacaq. Problem viza qiymətinin əvvəlkindən 25 avro ucuz olmasında deyil, ümumiyyətlə vizaalma prosedurunun sıradan bir vətəndaş üçün son dərəcə qəlizliyindədir. Bu, problem qalır və qalacaq da».

«BAXIB GÖTÜRƏCƏYİMİZ ÇOX ŞEYLƏR VAR»

Bakı sakini Teyyub Əmirov vizaların sadələşdirilməsini gələcək üçün önəmli sayır:

«Avropa ölkələri istər təhsil, istər idarəçilik, istərsə başqa sahələr baxımından inkişaf etmiş ölkələrdir. Onlardan baxıb götürəcəyimiz çox şeylər var».

Bakı sakinlərindən Arzu Əliyev fərqli düşünür:

«Bütün bunlar özləri, hökumət nümayəndələri üçündür. Onlar ancaq öz xeyirlərinə çalışırlar. Mənim kimi sadə adamlara bunun heç aidiyyəti yoxdur».

Azərbaycan və Avropa Birliyi arasında sadələşdirilmiş viza rejimi, ən tezi, 2014-cü ilin ikinci yarısında tətbiq olunacaq.
Foto: Arxiv
Foto: Arxiv
Bu rejimin tətbiq olunması üçün digər müşayiətedici addımlar atılmalıdır.

SAZİŞLƏRİ AVROPA PARLAMENTİ VƏ MİLLİ MƏCLİS TƏSDİQLƏMƏLİDİR

Qeyri-leqal miqrantların qaytarılmasına dair öhdəliklər nəzərdə tutan readmissiya haqqında da saziş imzalanması gözlənilir. Avropa Birliyi ilə bağlanacaq həmin sazişin gələn ilin birinci rübündə imzalanması nəzərdə tutulur.

Hər iki sazişi Avropa Parlamenti və Milli Məclis təsdiqləməlidir.

Azərbaycan Şengen zonasına daxil olan, amma Avropa Birliyi üzvü olmayan ölkələrlə – Norveç, İsveçrə, İslandiya və Lixtenşteynlə də sadələşdirilmiş rejim haqqında ayrı-ayrı sazişlər imzalamalıdır.

Sadələşdirilmiş rejim Şengen vizalarının alınması üçün təqdim edilən sənədlərin sayca azaldılmasını, rüsumun 60 avrodan 35 avroya endirilməsini nəzərdə tutacaq.
Bəzi vətəndaşlar – təhsil almağa, müalicəyə, qohumlarına baş çəkməyə gedən şəxslər üçün rüsum ümumiyyətlə ləğv ediləcək.

Diplomatik pasport sahibləri vizasız səfərlər həyata keçirə biləcəklər.
XS
SM
MD
LG