Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:44

Tolstoyun arvadının günahı nə idi?


Fyokla Tolstaya
Fyokla Tolstaya
-
«Tolstoyun ömür yoldaşı Sofya Andreyevadan film çəkmək arzusundayam».

Bu sözləri Rusiyanın həftəlik «Liza» populyar qadın jurnalına müsahibəsində
ünlü yazıçı Lev Tolstoyun nəticəsi Fyokla Tolstaya səsləndirib.

SOFYA ANDREYEVNANIN GÜNAHI NƏDİR?

Onun dediyinə görə, uzun müddət, ən çox da sovetlər dönəmində bu xanım barədə heç də yaxşı danışmayıblar:

«O vaxt hesab edirdilər ki, Puşkin özü də elə uğurlu evlilik qurmayıb. Tolstoyun ömür yoldaşını da həmişə anlamayıblar. Xatirimdədir, məktəbdə müəllimlər deyərdilər ki, məhz xanımıyla anlaşılmazlıq Lev Tolstoyun evdən getməsinə səbəb olub… Amma bu çox üzdən baxışdır, əslində Sofya Andreyevna çox yaxşı qadın olub. Tolstoy öz qanunlarıyla yaşayan bənzərsiz şəxsiyyətdir. Haradasa biz onu başa düşməyə bilərik, amma bu qadın o adamla bir yerdə yaşayıb və necə yaşayıb—bunları bilmək maraqlı olardı. 1892-ci ildə Lev Tolstoya ərə gedərkən arzuları, gözləntiləri, ümidləri necə idi? O vaxt təsəvvür edə bilərdimi ki, 1919-cu ildə--həyatının sonunda onu nələr gözləyir? Öz malikanəsində, demək olar ki, tam müflis olmuş bir vəziyyətdə, övladlarının hətta Rusiyadan sürgün edildiyi bir vaxtda o nə düşünürdü?».

«TOLSTOYLAR BARƏDƏ SONSUZ FİLMLƏR ÇƏKMƏK OLAR»

Şöhrətli soyadın daşıyıcısı olan Fyokla Tolstaya bu il «Tolstoylar» adlanan səkkizhissəli sənədli film çəkib:

«Tolstoylar barədə sonsuz filmlər çəkmək olar. Çünki bu soyad dövlət üçün çox şey edən verimli soyad olub. Məsələn, qraf Dmitri Andreyeviç Tolstoy maarif naziri, Dmitri İvanoviç Tolstoy «Ermitaj»ın direktoru, rəssam Fyodor Petroviç Tolstoy Rəssamlıq Akademiyasının vitse-prezidenti olub. Konkret bizim ailədən danışsaq, Lev Tolstoyun İlya Andreyeviç adlı bir maraqlı nəvəsi olub. O, dünyada ilk dəfə okeanarium yaradıb. Həmin okeanarium indi də Floridadadır».

«TOLSTOYLAR DÜNYAYA SƏPƏLƏNİB»
Tolstoyun həyat yoldaşı Sofya Tolstaya (qızı Aleksandra ilə)
Tolstoyun həyat yoldaşı Sofya Tolstaya (qızı Aleksandra ilə)

Fyokla Tolstaya dünyaya səpələnən Tolstoylarla həmişə bağlantılar qurduğunu deyib:

«Yaşadıqları ölkələrdə oluramsa, mütləq onlarla görüşürəm. Əgər kimsə Moskvaya gəlirsə, mənə bildirir. Bütün bu görüşlər, əlbəttə ki, Yasnaya Polyanada (Tolstoyun Tula vilayətinin Şyokinski rayonundakı malikanəsi) düzənlənən «Tolstoy axşamları»nın sayəsində başlanıb. Get-gedə bu rəsmi görüşlər qeyri-rəsmi xarakter alıb. Yeri gəlmişkən, ilk Amerika səfərimi xatırladım. O vaxt «Böyük sülalələr» telefilminin çəkilişi üçün Amerikanın ucqarlarını dolaşırdıq. Yad ölkədə çox darıxırdım və Moskvaya dönmək istəyirdim. Elə ki, Nyu-York yaxınlığında yaşayan Maşa xalamın evinin kandarına ayaq basdım, özümü evimizdəki kimi hiss elədim. Qohumlara olan sevgim, onların yaşadığı ölkəni sevməkdə də yardımçım olur…».

«VƏTƏNSEVƏRLİK…QANLA ÖTÜRÜLÜR»

Fyokla Tolstaya vətənsevərliyin ona qanla keçdiyini bildirir:

«Atam xaricdə doğulub. Amma vətəninə qayıdıb. Bu, onun əzəli arzusu olub. Babam və qardaşı da belə davranıblar. Onların hamısı kommunizmin düşməni idi. Əslində, bu köç heç bir siyasi məqsəd güdmürdü. Fikrimcə, belə hisslər irsən ötürülür--mən əsl vətənsevərliyin güclü peyvəndini nəzərdə tuturam!».

«BÜTÜN TOLSTOYLAR KİMİ MƏN DƏ TƏBİƏTİ SEVİRƏM»

Xanım Tolstaya bu şöhrətli nəslin bəzi özəlliyini daşıdığını da dilə gətirib:

«Böyük yazıçının birbaşa varisi olmaq həm şərəf, həm də məsuliyyətdir. Mən də, bütün Tolstoylar kimi, təbiəti sevirəm… Moskvanın havasından fasiləsiz əsəb damır. Ona görə də, bir az vaxt qazanan kimi harasa şəhərkənarına gedirəm—çox vaxt da öz bağ evimizə. Orada qonaq qarşılamağı çox sevirəm. Gələn qonaqlarla bağda fırlanır və həyatın dadını çıxarırıq».

Populyar jurnalist Fyokla Tolstaya 1971-ci ildə Moskvada doğulub. MDU-nun filologiya fakültəsini və Moskva Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsini bitirib. Bir neçə xarici dil bilir. Filmlərdə çəkilib. Uzun müddət radioda və televiziyada çalışıb, populyar verilişlər aparıb. İndi «Ostankino» Radio-Televiziya İnstitutunda dərs deyir.

Tolstoy xanımı ilə

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG