Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:23
-
«Neçə gündür həyat yoldaşımla və iki azyaşlı uşağımla küçədə gecələyirəm. İmdad istəyirəm. Bizə yazıqları gəlsin».

4 il əvvəl Sulutəpədə ev tikintisinə başlayan və bir neçə ay əvvəl həmin evə yığışan Səlimovlar ailəsi AzadlıqRadiosunun «Qaynar xətt»inə danışırlar. Ailənin başçısı Babək Səlimov deyir, ailə qurduqdan sonra bir müddət ata evində yaşayıblar. Ancaq bir neçə ailənin darısqal ata evinə sığınması söz-söhbət yaradıb. Babək ailəsi ilə evi tərk edərək kirayələrə sığınmalı olub. Uzun illər kirayələrdə yaşaya-yaşaya Sulutəpədə ucuzvarı qiymətə aldığı torpaqda özül atıb, birtəhər ikiotaqlı ev ərsəyə gətirib. Deyir kasıbçılıq, ehtiyac içərisində bu evi 4 ilə tikib:

«Elə vaxtlarımız olub ki, tikinti materiallarını çantalarda ictimai nəqliyyatla daşımışıq. Həyat yoldaşımla boru, taxta alıb avtobusla Sulutəpəyə aparanda yolda sərnişinlər etiraz ediblər, sürücü borularla birlikdə ikimizi də yarı yolda yerə düşürüb. Bu qədər əziyyətlərlə ev tikmişik. Yenicə özümüzü ev sarıdan xoşbəxt hiss etməyə başlayırdıq ki…».

«SULUTƏPƏYƏ ÇATANDA EVİM ŞUMLANMIŞDI»

Babək Səlimov deyir, bu il noyabrın 16-da fəhləlik etdiyi tikintidə iş başında olarkən telefonuna zəng gəlib ki, Dövlət Neft Şirkətinin mühafizəçiləri evini sökürlər:

«Həyat yoldaşımın vəziyyəti ağırlaşıbmış. Qonşular nömrəmi götürüb mənə zəng vurublar ki, a kişi, uşaqları atdılar çölə, evi söküb qoydular yerə. O anda bütün tikili başıma hərləndi. Hündürlükdən yıxılmaqdan özümü zorla saxladım. Sulutəpəyə çatanda evim şumlanmışdı, uşaqlar bir-birlərinə qarışıb ağlaşırdılar. Həyat yoldaşım üçün həkim çağırmışdılar».

Babək Səlimov həyat yoldaşı və iki azyaşlı oğlu ilə bir neçə gündür ki, küçədə qaldığını deyir:

«Heç əşyalarımızı da götürə bilmədik. Günümüzün çox hissəsini küçədə keçiririk. Bakıda elə bir qohum evi də yoxdur ki, sığınaq. Başım neçə gün bu məsələlərə qarışdı. Bir də xəbər tutdum ki, işdən də çıxarılmışam».

MÜLK MƏHKƏMƏ QƏRARI OLMADAN SÖKÜLƏ BİLMƏZ

Dövlət Neft Şirkəti iddia edir ki, Sulutəpədəki torpaqlar neft torpaqları, sökülən evlər isə qanunsuz tikililərdir. Şirkət hesab edir ki, adamlar yerli bələdiyyədən aldıqları saxta sənədlər əsasında şirkətə məxsus torpaqları zəbt ediblər. Evlərin çoxu məhkəmə qərarı olmadan sökülür.

Hüquqşünas Namizəd Səfərov deyir ki, mülk məhkəmə qərarı olmadan sökülə bilməz. Hətta məhkəmə qərarı olsa belə, ərazidəki söküntü işlərində yalnız icra məmurları iştirak edə bilərlər. Məhkəmə qərarının icrası çətinləşsə, icra məmurları icra yerinə polis də dəvət edə bilərlər ki, icra prosesində asayişi qorusun.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG