Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:33
-
Əhməd Hümbətov indi Şamaxı şəhərində kirayədə qalır- darısqal və şəraitsiz otaqda. Taxtadan necəgəldi düzəldilmiş iki yatacaq və bir masadan başqa həmin otaqda gözə heç nə dəymir. Hətta oturmağa stullar da yoxdur. Bir qıraqdakı köhnə qaz sobası apadi yanar şamı xatırladır. Burada gözə dəyənlər Hüqonun məşhur «Səfillər» romanındakı Madlen baba və Kozetta obrazlarını yada salır...
«HEÇ ƏSİRLƏRLƏ BELƏ DAVRANMAYIBLAR»
Əhməd Hümbətov deyir ki, 11 il həbs cəzasını çəkəndən sonra 2010-cu ildə azadlığa çıxıb. Ölkə prezidentinin məhkumların uyğunlaşmasına dair 2007-ci il fərmanına əsasən, onu 2-ci qrup əlil kimi Şamaxı 1 saylı ixtisaslaşmış ruhi əsəb internatına göndəriblər. Əhməd Hümbətov burada – müdir Mübariz Məmmədovun dövründə hamılıqca etiraz aksiyası keçirdiklərini söyləyir. Dediyinə görə, xəstələrlə qəddar davranır, onlara çatacaq ərzağı talan edirlərmiş. Nəticədə Şamaxının keçmiş icra başçısı və nazirlik Mübariz Məmmədovu vəzifədən uzaqlaşdırıb haqqında cinayət işi açıblar.
BƏS SONRA NƏ OLUB?
Əhməd Hümbətov yeni müdirin – Çingiz Mehrəliyevin 3 ay çox gözəl işlədiyini bildirir, amma sonra durum pisləşir:
Əhməd Hümbətovun yaşadığı ev

Əhməd Hümbətovun yaşadığı ev

«Keçən il buraya 4 yeniyetmə göndərilmişdi – Sərxan ,Ruslan, Oleq və Orxan. Təsəvvür edirsinizmi, 18 yaşlı Orxanı qışın soyuğunda ac-susuz orda-burda o qədər işlətdilər ki, axırda sətəlcəm oldu, müalicə də elətdirmədilər. Beləcə, Orxan öldü. Sərxanla Ruslan da kimsəsiz uşaqlardır, heç bir sənət sahibi deyillər, bağırda-bağırda «azad həyata adaptasiya olmusunuz» deyə-deyə, demək olar, internatdan qovdular. Heç bilmədik hara getdilər, başlarına nələr gəldi. Qəsdən belə edirlər ki, onlar yaşamaq üçün məcbur olub cinayət törətsinlər...»
Redaksiyadan

Bu yazıda səslənən bəzi iddialar yanlış da ola bilər. Həmin iddiaları haqqında söz açılan internatın müdiri və ya digər şəxslər təsdiqləyə və ya dana bilərdilər, amma israrları gözardı etdilər. Yazıda əsas şikayətçi kimi adı gedən Əhməd Hümbətov haqqında danışdığı yerdə yaşayıb. Mövzunun həssaslığını, yəni öz hüquqlarını müdafiə etmək iqtidarında olmayan insanların – ruhi xəstələrin durumundan söz açıldığını nəzərə alıb bu məsələnin üstündən keçmədik. Ümid edirik ki, aidiyyatı orqanlar da bu yazıdan sonra iddialara diqqətlə yanaşacaq və məsələyə aydınlıq gətirəcəklər...
Əhməd Hümbətovun sözlərinə görə, müdir Çingiz Mehrəliyevlə aralarında gərginlik bu səbəbdən yaranıb:
«Heç olmasa, insanların quru çörəyini düz ver də, axı ona da əl qatırsan. Şamaxı camaatı çox gözəl, imanlı camaatdır. And olsun Allaha, tez-tez internata çoxlu nəzir-niyaz gəlirdi- kimsə heyvan kəsib, kimsə ərzaq, kimsə geyim, çoxlu dərman göndərib».
«ANS-in MÜXBİRİ EVİMDƏ ÇƏKİLİŞ APARIB»
«Şəxsən özüm Bakıya gedib Mirşahin müəllimlə görüşdüm. Ancaq heç bir çəkilişi efirə vermədilər, hələ məni borclu da çıxardılar... Allahı unutdular. Bir yetim və kimsəsizə dayaq durmaqdan qaçdılar. Prezident aparatına müraciət etmişdim... Şamaxı icra hakimiyyətindən gəldilər, görüşdük. Onlar da yalançı vədlər verib getdilər. Bütün hüquq-mühafizə orqanları bilir ki, əlimdə inkaredilməz faktlar var. Ancaq deyirlər, biz onları nazirliyə və yaxud daha mötəbər yerlərə ötürə bilmərik».
TƏKLİF: «BİGANƏLƏR BAYRAMI» KEÇİRƏK
Əhməd Hümbətov Şamaxı prokurorunun müavini Mirqasım müəllimin ona «Bu, sənin nəyinə lazımdır? O görüntüləri sil getsin» – dediyini də sözlərinə əlavə edir:
«Prokurorluq qanunlara belə biganə yanaşırsa, daha başqalarına nə ad verək? Bir sözlə, orada 104 xəstənin taleyi ilə maraqlanan yoxdur. Mən inanmıram ki, prezidentimizin bundan xəbəri var... Heç kim bu haqsızlığa susa və biganə qala bilməz».
Əhməd Hümbətov sözlərinə belə davam edir: «Bu görüntülərə baxan ən savadsız adam da görüb dərk edir ki, burada əlillərə, xəstələrə nə zülm edirlər. Mən Azərbaycanın qeyrətli övladlarına üzümü tutub deyirəm: Gəlin bir-birimizə qarşı bu qədər biganə olmayaq. Bizim onlarca milli bayramımız var. Təklif edirəm ki, ildə bir dəfə də «Biganəlik Bayramı» keçirək. Bəlkə onda ayılıb bir birimizə kömək edərik. Hər ay 12-13 min manat ərzağa-zada dövlət tərəfindən pul ayrılır. Anbara baxsaq görərik ki, bir il bundan qabaq alınmış qoyun əti var. Onu da saxlayırlar ki, qəflətən komissiya gələndə «hər şey qaydasındadır» desinlər. Bəyəm xəstələrə mal əti, toyuq əti, yumurta, digər ərzaq nəzərdə tutulmayıb? Axı heç anbarda olanı da bişirib vermirlər. Xəstəxanaya getməli olan şəxslərdən geri qayıtdıqdan sonra həkimlər pul istəyir deyə, pensiya kartları alınır».
“Şamaxıda baş verənlər heç də Xocalı qırğınından az dəhşətli deyil”
O sözlərinə davam edir:
«Mən üzümü tutub deyirəm: Çingiz, Astaradan olan Seyidəli kişini unutma. Onun ahı səni tutacaq, çünki onu – əsayla yeriyən yaşlı kişini işçilər hündür pilləkəndən itələyərək yıxıb-öldürdülər.
Səlim Müslümovun yeni nazir təyin olunmasına çox sevindim. Səlim müəllim seyid nəslindəndir və hesab edirəm ki, o bu məsələləri bilmir. Bilən kimi də tədbir görəcək. Mən Səlim müəllimə müraciət edirəm: Səlim müəllim, məni beş dəqiqəliyə qəbul edin ki, dərdimi və əsl həqiqətləri sizə çatdırım. Allah haqqı, Şamaxıda baş verənlər heç də Xocalı qırğınından az dəhşətli deyil. Qəbul edin, əlimdəki faktlara baxın, əgər mən yalan deyirəmsə, qanun qarşısında, vicdanım qarşısında, kişilik qarşısında cavab verməyə hazıram”.
ŞAMAXI İCRA BAŞÇISININ MÜAVİNİ GÖRÜŞDƏN İMTİNA ETDİ
Azadlıqradiosunun müxbiri məsələ ilə bağlı Şamaxı rayon icra başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Ağamustafa Vahidovla görüşmək istədi. O, AzadlıqRadiosuna müsahibə verməyəcəyini bildirdi. Amma şikayətçini qəbul edə biləcəyini söylədi. Belə də oldu. Əhməd Hümbətov qəbula getdi, amma bir neçə dəqiqəyə də geri qayıtdı. Müavin yalnız bunu demişdi ki, siz daxili nizam-intizam qaydalarını pozduğunuza görə müəssisədən kənarlaşdırılmısınız. Vəssalam.
İCRA HAKİMİYYƏTİNİN QARŞISINDA YAXINLAŞAN ŞƏXS
Azadlıqradiosunun müxbiri icra hakimiyyəti binasının yanında dayanıb müavinlə görüşə getmiş Əhməd Hümbətovu gözləyərkən, orada çalışan məmurlardan biri gəlişin məqsədini bilincə və adının hallandırılmaması şərtilə bunları dedi:
«Çingiz Mehrəliyev yüksək şəkildə himayə olunan şəxsdir, çünki hər ay «haqqını» həm rayon rəhbərliyinə, həm də nazirlikdəki çevrəsinə çatdırır».
Həmin şəxs onu da bildirdi ki, rayonda ən ucuz qul əməyinə ehtiyacı olan adamlar internata üz tuturlar. Bir çox məmurlar da xəstələri şəxsi təsərrüfatlarında qul kimi çalışdırır. Həmin şəxs bunu da vurğuladı ki, icra başçısının müavini Ağamusa Vahidovun həyat yoldaşı sözügedən internatda məsul vəzifədə çalışır.
İNTERNATA DA XƏBƏRDARLIQ EDİLMİŞDİ
AzadlıqRadiosunun müxbiri və daha sonra Əhməd Hümbətovun icra hakimiyyətində olması Çingiz Mehrəliyevə bildirilmişdi. Mühafizəçi əvvəlcə «müdir yerindədir» desə də, bir daha gedib-gələndən sonra cavabını dəyişdi: «Müdir Bakıya nazirliyə gedib və tapşırıb ki, mənsiz heç kimi içəri buraxmayın. Ondan başqa heç kimin jurnalisti qəbul etmək səlahiyyəti çatmır»
Çingiz Mehrəliyevin hər iki mobil telefon nömrəsinə zənglər də cavabsız qaldı. Sonradan adının açıqlanmasını istəməyən qaynaqlardan məlum oldu ki, Çingiz Mehrəliyev iş yerindəymiş...
Bununla belə məsələnin həssaslığını nəzərə alaraq qarşı tərəflərin mövqeyini hər zaman verməyə hazırıq.
XS
SM
MD
LG