Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:42
-
28 noyabr medianın icmalı

AZƏRBAYCANDA İNDİ DAHA GƏNC YAŞDA İNFARKT OLURLAR

Səhiyyə Nazirliyindən Trend agentliyinə bildiriblər ki, keçən il 30 min 6 nəfər qan dövranı xəstəliklərindən vəfat edib. Ötən il 30 və daha yuxarı yaşlı xəstələr arasında 3 min 135 nəfərdə, 18-29 yaşlı xəstələr arasında 59 nəfərdə (onların 14-ü qadın olub) kəskin miokard infarktı baş verib. Eyni dövrdə 30 və daha yuxarı yaşlı 851 xəstədə miokardın təkrar infarktı müşahidə edilib.

Səhiyyə Nazirliyi Cahangir Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da ürək-damar xəstəliklərinin 10-15 il cavanlaşdığını bildirib. 1960-1980-ci illərdə 35-50 yaşlı insanlarda miokard infarktına çox az təsadüf olunurdusa, indi xəstələrin 30-35 faizində həmin xəstəliyə rast gəlmək mümkündür.

İnfarkt kişilərdə daha çox 55-65, qadınlarda 60-70 yaş arasında baş verir.

İPOTEKA KREDİTLƏRİNDƏN CƏMİ 13 MİN AİLƏ FAYDALANIB

Arxiv foto

Arxiv foto

“Bizim Yol” qəzeti yazır ki, bu ilin ortalarında Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov, Gənclər və İdman naziri Azad Rəhimov ipoteka şərtlərinin yüngülləşdirilməsi üçün hökumətə təkliflər verdiklərini açıqlamışdılar. İlin sonunda isə hökumət dəyərləndirib rəy bildirməli idi. Amma hələ ki, səs-soraq yoxdur.

“Kommersiya banklarının təklif etdiyi ipoteka kreditlərinin faiz dərəcələri kifayət qədər yüksəkdir. Ona görə də, banklara elə də böyük axın yoxdur. İpoteka Fondunun kreditləri isə əhalinin əksər təbəqələri üçün əlçatmazdır. Bu səbəbdə 2006-cı ildən bəri cəmi 13 min ailə kreditlərdən bəhrələnə bilib.

Ekspert Samir Əliyev deyir ki, Avropa və Türkiyədə olduğu kimi Azərbaycan da “sosial evlərin” tikintisinə başlamalıdır. Bu haqda artıq qanunvericilik bazası da var: “Mənzil Məcəlləsinə görə, dövlət və bələdiyyələr sosial evlər tikə bilər. Bunun üçün həm şərait, həm də zəmin var. Nə qədər ki, neft gəlirləri var, hökumət bu layihəni həyata keçirməlidir. “Sosial evlər” layihəsi ipotekadan daha əlverişli, əlçatan və hökumət üçün gəlirlidir”.

A.PAŞAZADƏ: “BURADA HANSISA XARİCİ TƏSİR DƏ OLA BİLƏR

“Biz təkcə bu hadisə ilə bağlı yox, terrorun və ekstremizmin istənilən təzahürünü pisləyirik”. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə “Məşədi Dadaş” məscidində terror hazırlığına dair mövqeyini Turan-a şərh edərkən belə deyib.

Allahşükür Paşazadə

Allahşükür Paşazadə

A.Paşazadə bu olayı xoşagəlməz adlandırıb, dini zəmində toqquşma yaratmaq cəhdi kimi dəyərləndirib. Onun fikrincə, bu olay təkcə məzhəblərarası qarşıdurma yaratmaq olayı deyil, bütünlükdə ölkədəki ictimai-siyasi və o cümlədən, dini sabitliyi pozmaq cəhdidir. QMİ sədri bu məsələdə hansısa xarici təsirin ola biləcəyini də istisna etməyib. Tolerantlıq baxımından Azərbaycanın dünyada çox az məkanlardan biri olduğunu deyən A.Paşazadə bu mühitin kimlərisə razı salmamasına diqqət çəkib.

Bu məsələdə hələlik bir çox halların qaranlıq qaldığını deyən QMİ rəhbəri məhkəmə prosesində bir çox məsələlərin üzə çıxacağını və təfərrüatların məlum olacağını söyləyib.


SƏLİM MÜSLÜMOV ƏHALİDƏN KÖMƏK İSTƏDİ

“Azadlıq” qəzeti yazır ki, ünvanlı sosial yardımla bağlı maxinasiyalar barədə qəzetin yazdıqları təsdiqlənir.

“Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətini rəisi Çingiz Əliyev bildirib ki, bu vaxta qədər aparılan təyinatların hamısı dövlət başçısı tərəfindən aztəminatlı ailələrə verilməli olduğu halda, ünvanlı sosial yardımların heç də hamısı həmin kateqoriyadan olan insanlara verilməyib”. Qəzet, xidmət rəisinin ünvanlı sosial yardım alanların, aztəminatlı təbəqəyə aid olmayanların müəyyənləşdirilməsində əhalidən kömək gözlədiyini yazır.

Bakı bulvarı

Bakı bulvarı

BULVAR GENİŞLƏNİR, NƏHƏNG TİKİLİLƏR UÇURULUR

“Yeni Müsavat” qəzeti yazır ki, Milli Park iki istiqamətdən uzadılır. Bayıl və Nobel prospektində yaşayanlar narazıdır.

“Bu ərazi səhra kimi olmalıdır. Demək olar ki, hər yeri şumlamışıq. Şəxsən prezident tapşırıb - bulvarın ərazisi gəlib Zığ yoluna qədər çıxmalıdır “- iş icraçısı belə deyir. Onun sözlərinə görə, vaxtilə burada imkanlı şəxslərə, vəzifəli məmurlara məxsus torpaq sahələri olub:

“Bir hissəsi razı salındı, bəziləri burdan kənarlaşdırıldı. Dövlətin mülkiyyətinə keçirilib bütün layihələr ləğv olundu. Yerinə bulvarın genişlənməsi planı salınıb. Prezident istəyib ki, Bakı bulvarı analoqsuz görünsün. Çoxlu iaşə obyektləri sökmüşük. Çox pis görünürdü”.

Nobel prospektində yaşayan, evi bulvara görə plana düşmüş Kazım Əliyev narazılıq edir:

“Bizə sökülən evlərimizə görə kvadratına cəmi 700-800 manat təklif edirlər. Elə bil dilənçi payıdır. Niyə bu qiymətə evlərimizi əlimizdən alırlar? Mənzil bazarına görə bizə kvadratına 1800-2000 manatdan verilməlidir".


“PREZİDENT NƏYİ UYĞUN BİLSƏ, AZƏRBAYCAN ONA DOĞRU GEDƏCƏK”

Bunu Mediaforum saytına müsahibəsində Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Saytın “Vilnüsdə Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının sammiti keçiriləcək. Digər tərəfdən gündəmdə Gömrük İttifaqı məsələsi də var. Azərbaycan Qərb, ya Rusiya istiqamətində getməlidir” sualına Bahar Muradova belə cavab verib:

“Prezident nəyi uyğun bilsə, Azərbaycan ona doğru gedəcək. Bu günə qədərki siyasət, uyğun və balanslı məsafədə dayanmanın özü düzgün siyasətdir. Azərbaycan istər Avropa qurumları, istərsə də digərləri ilə münasibətlərində hər zaman başlıca maraqları qorumağa üstünlük verir.

Regional və digər miqyaslı məsələlərdə zamanında heç bir ölkə rəhbərinin atmadığı riskli addımları Azərbaycan prezidenti atdı. Bəzi zamanlarda isə balanslı münasibət sərgiləndi. Bütün bunlar onu göstərir ki, heç kəsin qarşısında əvvəlcədən müəyyən olunmuş hamar və düzgün bir yol yoxdur. Hər kəs o yolu öz fəaliyyəti ilə açır. Azərbaycan da öz qarşısındakı maneələri bu şəkildə aşa-aşa irəliləyir və mən inanıram ki, irəlidə ölkəmizi hansısa çaxnaşmalara sürükləyə biləcək hadisələr baş verməyəcək. Biz hədəflərimizə, inteqrasiyaya doğru bütün istiqamətlərdə addımlarımızı düzgün müəyyənləşdirmişik”.

Günün bütün mövzuları

XS
SM
MD
LG