Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:27

Sürücü cərimədən gileylənir, polis «bu, çörək deyil, ət deyil» deyir


DYP
DYP
-
Balakən sakini Bədrəddin Varşayevi Yol Polisi əməkdaşları bu gün – noyabrın 27-də 150 manat cərimə ediblər. Cəriməyə səbəb maşının ön şüşəsidir. Bədrəddin Varşayev deyir ki, bu şüşəni 2 il əvvəl 60 manata alaraq maşınına vurdurub. Günü də yollarda keçir. Bugünədək polis həmin şüşəyə heç fikir verməyib:

«Maşınımın ön şüşəsində bir xətt var. Polislərin dediyinə görə, bu şüşə standarta uyğun deyil. Deyirəm, aparım qaytarım, şəffaf şüşə alım. Deyirlər, yox, 150 manat cərimə ödəməlisən. Mən bu 150 manatı haradan tapım? Heç bir xəbərdarlıqsız cərimə olar? Mən bu cəriməyə etiraz edirəm. Yol polisi protokol yazıb, mən qol çəkməkdən imtina edirəm. Standarta uyğun deyilsə, yararsızdırsa, niyə bu vaxtadək saxlamırdılar?».

Yeri gəlmişkən, Yol Polisi Bədrəddin Varşayevi 2013-cü ilin aprelinədək cərimələsəydi, o, 60 manata aldığı maşın şüşəsinə 50 manat cərimə ödəyəcəkdi. Amma apreldən bəri – İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdən sonra sözügedən şüşəyə görə 150 manat cərimə kəsilir. Standarta uyğun deyilsə, təbii.

YOL POLİSİ: «XƏBƏRDARLIĞA EHTİYAC YOXDUR»

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev də şüşəyə örtük çəkilməsinə görə cəzanın 150 manat olduğunu deyir. Onu da bildirir ki, xəbərdarlığa ehtiyac yoxdur, şüşə standarta uyğun deyilsə, sürücü cərimələnəcək:

«Şüşə standarta uyğun olmalıdır. Standarta uyğun deyilsə, sürücü cərimə olunur. O ki qaldı bu vaxtadək cərimə olunmamağına, ola bilər günün elə bir vaxtında gedib-gəlib ki, şüşənin standartdankənarlığı hiss edilməyib. Şüşənin tutqunluğu yalnız işıqda gözə çarpır. Üstəlik, tutqunluq dərəcəsi gözəyarı ölçülmür, bunu ölçən xüsusi cihaz var. Ölçü cihazı sürücüyə göstərir ki, onun şüşəsinin işıqburaxma qabiliyyəti neçə faizdir.
Foto: Arxiv
Foto: Arxiv
Bu faiz qabaq şüşə üçün 75 faizdən, yan şüşələr üçün 70 faizdən az olarsa, cəza tətbiq edilir».

«CƏRİMƏLƏYƏNDƏ MAAŞIMIZI DA NƏZƏRƏ ALSINLAR»

Cərimələrin artırılması sürücülərin ağrılı yeridir:

- Qanuna əməl etmək lazımdır. Ancaq indiki cərimələr çoxdur.
- Hər şeydə bahalıq, cərimədə də bahalıq?
- Bəzən adi bir şey bəhanə edir, cəriməni sürücünün boynuna qoyurlar...
- Cərimələri tətbiq edəndə, heç olmasa, maaşımızı da nəzərə alsınlar.

İqtisadçı Samir Əliyevin fikrincə, dövlət rüsumları müəyyənləşdiriləndə, adətən, insanların həyat səviyyəsi, gəlirləri nəzərə alınır. Cərimələrlə bağlı vəziyyət başqa cürdür:

«Hökumət nəyə görə cərimələri qaldırır? Birincisi, büdcə gəlirlərini artırmaq üçün. İkincisi, hansısa sahədə cərimələr effekt verməyəndə. Dövlət cərimələri artırmaqla insanları qayda pozuntusundan çəkindirmək istəyir. Ancaq bu da yeganə addım olmamalıdır».

«CƏRİMƏ ƏRZAQ DEYİL»

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin düşüncəsinə görə, cərimə məbləğinin həyat səviyyəsi ilə müqayisəsi doğru deyil:
Kamran Əliyev
Kamran Əliyev

«Orta əməkhaqqının cəriməyə nə dəxli var? Cərimə çörək deyil, ət deyil, başqa ərzaq məhsulu deyil. Burda orta əməkhaqqının 500, ya da 100 manat olmasının nə fərqi? İlk növbədə qanunvericiliyin tələblərinə əməl etmək lazımdır».

Kamran Əliyev deyir ki, Bədrəddin Varşayev, cəriməni 3 iş günü müddətində ödəsə, ona, qanuna görə, 10 faiz güzəşt olunacaq. O, 150 manat yox, 135 manat cərimə ödəyəcək. Cərimə bir ayın içində ödənməsə, düz 3 ay müddətində həmin məbləğin üstünə günə 2 faiz əlavə gələcək. Qərar çıxarılandan keçən 2 ay içərisində cərimə ödənməsə, Bədrəddin Varşayevə məxsus avtomobilin saxlanması barədə qərar veriləcək. Başqa sözlə həmin maşın aşkar olunduğu yerdə onun əlindən alınacaq və o, ta cəriməni ödəyənəcən qaytarılmayacaq. Ödənəndən sonra maşın özünə veriləcək. Cərimə 3 ay müddətinə ödənməsə, 3 aydan sonra sürücünün haqqında inzibati protokol tərtib olunacaq və iş məhkəməyə göndəriləcək. Məhkəmə də onun sürücülük hüququnu 6 aydan 1 ilədək məhdudlaşdıracaq qərar çıxara bilər.
XS
SM
MD
LG