Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:29
-
Müsavat Partiyası Babək rayon təşkilatının sədri Mehdi Niftəliyevi noyabrın 24-də Naxçıvan MTN-nin əməkdaşlarının saxladığı bildirilir. Bu haqda AzadlıqRadiosuna Müsavat Partiyası Naxçıvan MR Təşkilatının sədri Sabir Vəliyev məlumat verib. Onun sözlərinə görə MTN əməkdaşları Mehdi Niftəliyevi narkotik ittihamı ilə həbs ediblər:

“Mehdi Bakıdan qayıdırdı. Yolxərci ucuz başa gəlsin deyə əksər naxçıvanlılar kimi o da hər dəfə İran yolunu seçir. Qardaşına zəng edib ki, yüküm ağırdır, gəl qabağıma. O da gedib Culfa gömrüyünə gözləyib, Mehdidən xəbər çıxmayıb. Telefonlarına da zəng çatmayıb. Sonradan deyiblər ki, Mehdini tutublar.

Bir qədər keçəndən sonra , MTN-in Pərviz adlı müstəntiqi qardaşına zəng edib deyib ki, gömrükdə Mehdinin ayaqqabısının dabanından narkotik tapmışıq. Gəlirik evdə də axtarış edək. Gəl onlara. O da gedib Mehdigilə, MTN əməkdaşları da orada olublar. Bir qədər axtarışdan sonra MTN əməkdaşlarından biri əlində nə isə göstərib deyib ki, həyətinizdən narkotik tapdıq. Saxta, qurama bir oyun qurublar. ”

Sabir Vəliyev deyir ki, rayon təşkilat sədrinin həbsi siyasi sifarişlidir:

“Mehdi nə siqaret çəkirdi, nə də ki, içki içirdi. Həmişə hamını düz yola çəkirdi. Onun narkotik istifadə etməsi mümkünsüzdür. Burada ya siyasi oyun var, ya da ki başqa bir şərdir. Mehdi həmişə haqsızlığa qarşı fəal şəkildə etiraz edirdi”.

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MTN-in müstəntiqi Pərviz Hüseynovla əlaqə saxladıq. O, Mehdi Niftəliyevin saxlanılması ilə bağlı onun vəkili ilə əlaqə saxlamağımızı məsləhət gördü:

“ Xəbərim yoxdur, heç nə deyə bilmərəm. Onun vəkili ilə əlaqə saxlayın”.

Mehdi Niftəliyevin vəkilinin kimliyi isə hələlik onun yaxınlarına məlum deyil. Sabir Vəliyev deyir ki, nə ailəsi, nə də biz hələ ki, ona vəkil tutmamışıq.

Pərviz Hüseynov 2011-ci ildə Naxçıvan MTN-də işgəncə ilə öldürüldüyü bildirilən Turac Zeynalovun müstəntiqi olub.

Şərhləri göstər

XS
SM
MD
LG