Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:56

«Azadlıq» məhkəməyə müraciət edib


"Azadlıq" qəzetinin redaksiyası
"Azadlıq" qəzetinin redaksiyası
-
26 noyabr medianın icmalı

“Azadlıq” qəzetinin 26 noyabr buraxılışında, qəzet rəhbərliyinin onlara kəsilən 65 min manat cərimənin hissə-hissə ödənilməsi üçün Yasamal Rayon Məhkəməsinə müraciət etdiyi bildirilib. Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyevin sözlərinə görə, qəzetin durumu ağır olaraq qalır:

"Yardım marafonundan toplanan məbləğin 14 min manatı "Azərbaycan" nəşriyyatına ödənilib. Amma 12 min manat borcumuz qalır".


2016-2019-CU İLLƏRDƏ XƏBƏR AGENTLİKLƏRİNİN DÜNYA KONQRESİNƏ AZƏRTAC SƏDRLİK EDƏCƏK

Bu qərar beynəlxalq media qurumlarının qatıldığı Xəbər agentliklərinin IV qurultayında qəbul olunub.

Xəbəri “Yeni Azərbaycan” qəzeti verib

“RUSİYANIN AZƏRBAYCANA TƏZYİQLƏRİ ARTACAQ”

Ekspert Elxan Şahinoğlu “Yeni Müsavat”ın 26 noyabr buraxılışına müsahibəsində belə deyib:

Elxan Şahinoğlu
Elxan Şahinoğlu
“Bu həftə Vilnüsdə Avropa Birliyinin sammiti keçiriləcək. Orada assosiativ anlaşmalar imzalanacaq. Amma Azərbaycan bu anlaşmaları imzalamır. Eyni zamanda Azərbaycan Rusiyanın sürəkli təbliğ etdiyi Gömrük İttifaqına da daxil olmaq istəmir. Buna görə də Rusiya Azərbaycana təzyiqləri artıracaq.

Rusiyada hakimiyyətdə olan qüvvələr belə düşünürlər ki, Azərbaycan Gömrük İttifaqına daxil olmağa tərəddüd edir və təzyiqləri artırmaq yolu ilə ölkəmizi bu ittifaqa daxil etməyə məcbur etmək mümkündür. Ukraynada baş verənlər bizim ölkəmizin durumunu daha da ağırlaşdıracaq”.

Politoloq düşünür ki, prezidentin media kapitanları ilə görüşdə “bizim siyasi baxışlarımız fərqli ola bilər, hamımız Azərbaycanın inkişafını istəyirik, Azərbaycan bizim hamımızın vətənidir” sözlərini səsləndirməsi təsadüfi deyil.

“Azərbaycan hakimiyyətinə hərtərəfli təzyiqlərin artması ölkə prezidentini tək öz hakimiyyətinə deyil, xalqın böyük əksəriyyətinin dəstəyini almağa hesablanmış addımlar atmağa sövq edir”.

“MƏN ƏVƏZ ZEYNALLININ AZAD OLUNMASINI İSTƏYİRƏM”

Sabiq millət vəkili Gülətəkin Hacıbəyli “Bizim yol” qəzetinə müsahibəsində Azərbaycanın üzləşdiyi problemlər, Milli Şuranın daxilində gedən müzakirələrlə bağlı sualları cavablandırıb:

Gültəkin Hacıyeva
Gültəkin Hacıyeva
- Dövlət başçısı İlham Əliyev baş redaktorlarla görüşdə müxalifətə mesaj olaraq bildirib ki, iqtidar-müxalifət münasibətləri daxildə dialoq yoluyla həll olunmalıdır. Bu açıqlamanın tərcüməsi o deyilmi ki, müxalifət Qərblə yox, yaxud Avropaya şikayət etməli yox, hakimiyyətlə bir masa arxasında oturmalıdır?

-Bu gün heç bir günahı olmayanlar həbsdədir, dünya siyasi praktikasının analoqu olmayan hadisələr baş verir. Tofiq Yaqublu və İlqar Məmmədov hadisələr sakitləşəndən sonra İsmayıllıda olsalar da, onları iğtişaşların təşkilatçısı kimi həbsdə saxlayırlar.

10 min manat rüşvət tələb etmə ittihamıyla Əvəz Zeynallı həbsdə saxlanılır, ancaq məhkəmədə iddianı qaldıran xanım audio yazı olduğunu desə də, təsdiqlənmədi. Bu tərəfdən ortalıqda video çəkilişlər var və prokurorluq Gülər Əhmədovanın Elşad Abdullayevdən pul aldığını təsdiqləyir, ona cəza tələb edir.

Gülər Əhmədovaya da ağır cəza verilməsini istəmirəm. Lakin mən Əvəz Zeynallının azad olunmasını istəyirəm. Jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimliyə qarşı baş verənlərə isə ad tapmaqda çətinlik çəkirəm. Deyək ki, Pərviz qatı terrorçudur və 11 sentyabr hadisələrini o təşkil edib. Axı Pərvizin 5 yaşlı qızı Zeynəb niyə yaşına uyğun olmayan iztirablar yaşamalıdır? Bu baxımdan belə vəziyyət olduğu halda hansı dialoqdan danışa bilərik?!

…XEYİR SONRADAN ZİYANLA ƏVƏZLƏNƏCƏK…

Vüqar Bayramov
Vüqar Bayramov
“Azərbaycan Gömrük İttifaqı yarananda bu quruma üzv olardısa, ölkəmizin illik ümumi daxili məhsulu (ÜDM) 1,66 faiz artardı.”

İqtisadçı ekspert Vüqar Bayramovun mediaforum.az saytına verdiyi açıqlamasında deyilir:

“Bu artıma daha çox Azərbaycan biznesinin ixrac imkanlarının genişlənməsi təkan verərdi. Bu baxımdan iqtisadi modellər Azərbaycanın ittifaqa üzvlüyünün qısamüddətli dövr üçün iqtisadi fayda verə biləcəyini göstərir. Bununla belə, orta və uzunmüddətli dövrdə Azərbaycan iqtisadiyyatı ittifaqa üzvlükdən gəlir əldə etməyəcək və qısamüddətli dövrdə götürülən xeyir sonradan ziyanla əvəzlənəcək.”

BAKIDA AZƏRBAYCAN-ABŞ BİZNES-FORUMU KEÇİRİLİB


AzərTac xəbər verir ki, noyabrın 25-də keçirilən forumda hər iki tərəfdən kimya, energetika, alternativ və bərpaolunan enerji sahələrini əhatə edən 70-ə yaxın iş adamı qatılıb. Forum ABŞ-ın Türkiyədə fəaliyyət göstərən şirkətlərinin Azərbaycanda ticarət missiyası çərçivəsində keçirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG