Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:47

«Jurnalistlərin dostu»ndan nə gözləyək? [Video]


-


«İşdən sonra» verilişində prezidentə «Jurnalistlərin dostu» mükafatının təqdimi və bu tədbirdə səslənən, səslənməli olan məsələlər müzakirə edilib.

«Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı prezident İlham Əliyevin jurnalistlərlə görüşünü mühüm hadisə sayır:

«Prezidentlə jurnalistlərin görüşü səmimi bir atmosferdə keçdi. Medianın müxtəlif problemləri jurnalistlər tərəfindən qaldırıldı. Jurnalistika fakültəsinə qəbulda yaradıcılıq imtahanının keçirilməsi, qəzetlərin yayım probleminin aradan qaldırılması, satış imkanlarının artırılması görüşdə səsləndirilən vacib məsələlərdəndir. Bu görüşdə medianın müxtəlif spektrləri təmsil olunurdu…».

Mükafatın prezidentə verilməsi isə Akif Aşırlının fikrincə, gözləniləndir:

«Son illər prezidentin medianın, jurnalistlərin durumunun yaxşılaşdırılması ilə bağlı atdığı addımlar göz önündədir. Jurnalistlərin mənzillə təmin edilməsini xüsusilə vurğulamaq lazımdır. Bu gün Azərbaycan jurnalisti ev almaq iqtidarında deyil və dövlət jurnalistin mənzil problemini çözürsə, bunu təqdir etmək lazımdır. Mükafatın prezidentə verilməsi Azərbaycan jurnalistlərinin seçimidir və bu seçimə hər kəs hörmət etməlidir…».

«MEDİA ELEMENTAR PROBLEMLƏRİNİ DİLƏ GƏTİRƏ BİLMƏDİ»

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev görüşdə jurnalistlərin vacib problemləri dilə gətirmədiklərini deyir:

«Bu tədbir görüş deyildi, prezidentə mükafatı təqdimetmə mərasimi idi. Vilnüs sammiti ərəfəsidir. Bir çox təşkilatlar Azərbaycanda medianın problemləri ilə bağlı müraciətlər etmişdilər. Bu mükafat da sanki həmin təşkilatlara bir cavab idi. Ancaq hər halda tədbir jurnalistlərin əlində bir imkan idi. Mən medianın çox mühüm problemlərinin səslənəcəyini gözləyirdim. Ən əsası medianın iqtisadi problemlərini qabartmaq lazım idi. Ancaq media elementar, real problemlərini dilə gətirə bilmədi…».

«Jurnalistlərin dostu» mükafatının verilməsini Arif Əliyev doğru addım saymır:

«Prezidentə və ya başqa birinə mükafatın verilməsi zərərli və siyasi çəkisi olan bir addımdır. Jurnalistika özü ictimai nəzarət funksiyasını yerinə yetirməlidir. Bu baxımdan, atılan addım doğru yanaşma tərzi deyil…».

«MEDİA DÖRDÜNCÜ HAKİMİYYƏTDİRSƏ, NECƏ BU QƏDƏR ZƏİF OLA BİLƏR?»

Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı da medianın real problemlərinin görüşdə səslənmədiyini deyir:

«Jurnalist həbsləri, döyülən, öldürülən jurnalistlərin işlərinin araşdırılması, Xədicə İsmayılın şəxsi həyatına müdaxilələr və bu kimi başqa problemlər görüşdə müzakirə edilməliydi. Medianın siyasi təsir altında olması da ətraflı açıqlanası məsələlərdəndir. Azərbaycanda medianın fəaliyyəti üçün şərait yoxdur. Normal, müstəqil media şirkəti qurub işlətmək mümkün deyil. Əslində bu, görüş, ya da bir fürsətiydisə, jurnalistlər bu məsələləri qaldırmalı, mümkün cavabı almalıydılar. Niyə jurnalistlər prezidentdən soruşmadılar ki, Azərbaycan mediasına niyə müsahibə vermir? Biz daimi olaraq mediaya qayğıdan danışırıq. Media dördüncü hakimiyyətdirsə, necə bu qədər zəif ola bilər? Özünə hörmət edən jurnalist hökumət başçısına mükafat verməz. Bu, jurnalistin peşə nüfuzunu aşağı salır. Jurnalistikada müəyyən etik hədlər var. Bu hədləri keçəndə medianın peşəkarlığı sual altına düşür…».

Şərhləri göstər

XS
SM
MD
LG