Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:29

Elnarə Tofiqqızının ölümü ilə bağlı müstəqil təhqiqat başlandı


Səməd Vəkilov

Səməd Vəkilov

-

Cərrahiyyə əməliyyatı zamanı həyatını itirən tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı Anar Niftəliyev ölümün səbəblərinin araşdırılması üçün müstəqil təhqiqatın başlandığını bildirib.

Cinayət işində zərərçəkmiş kimi tanınan Anar Niftəliyev bunun üçün vəkil də tutub.

Bundan sonra zərərçəkmişin hüquqlarını Müvəkkil Hüquq Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas Səməd Vəkilov təmsil edəcək.

S.Vəkilov artıq işlə tanışlığa başlayıb və Nəsimi Prokurorluğunda açılan cinayət işini aparan müstəntiqlə görüşüb. Hüquqşünas açıqlamasında bildirdi ki, artıq müdafiə ilə bağlı sənədlər istintaq orqanına təqdim edilib:

“İstintaq qrupunun rəhbəri Ələkbər Rzayevlə görüşdüm. Təfərrüata varmaq istəmirəm. Hələ ilk addımdır. Onu deyə bilərəm ki, baş vermiş cinayət işi ilə bağlı müstəqil tədqiqat aparılacaq və bu barədə ictimaiyyətə intensiv məlumat verəcəyik”.

Qeyd edək ki, zərərçəkmiş Anar Niftəliyev ötən həftə istintaqın hərtərəfli aparılmasına şərait yaradılması üçün Baş prokuror Zakir Qaralova məktub ünvanlayıb. Hüquqşünas artıq cinayət işinin istintaqının Baş prokurorun xüsusi nəzarətində olduğunu deyib.
Elnarə Tofiqqızı

Elnarə Tofiqqızı


Xatırladaq ki, Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızı sentyabrın 20-də “Medi Sina” klinikasında əməliyyat zamanı dünyasını dəyişib. Məhkəmə Tibbi Ekspertiza və Tibbi Anatomiya Birliyində aparılan ekspertizanın ilkin və yekun rəyində onun ölümünə səbəb kimi “nəfəs çatışmazlığı” göstərilib.

A.Niftəliyev həkimlərin səhlənkarlıq etdiyini iddia edir.

“MediSina” Tibb Mərkəzinin baş həkimi Abbas Bağırov isə bir müddət öncə “Media forum” saytına deyib ki, "ölümün səbəbi müəyyənləşdirilir. Rəsmi şəkildə heç nə müəyyənləşmədiyinə görə dəqiq söz deyə bilmərəm".

İttiham edilən həkimlər isə mediaya danışmaqdan imtina edirlər.

Həkimlərin ölümə görə məsuliyyət daşıyıb-daşımadığını istintaq orqanı araşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG