Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:11

-

"OxuZalı"nda ən çox oxunan


Hər bir monqol əsgəri düşmən ordusuna 3-4 ox atırdı, beləcə düşmən əsgərləri üzərinə birdən-birə ox yağışı yağmağa başlayırdı, on minlərlə, yüz minlərlə ox.

Bu oxlar az qala bütün zirehli geyimləri deşirdi...



Kiminçünsə o, görkəmli dövlət xadimi, böyük sərkərdə, fəxr ediləsi fateh, kiminçünsə qəddar işğalçıdır.

Məsələn, ərəb tarixçisi İbn əl-Əsir monqol yürüşləri haqda yazırdı ki, "Əgər kimsə desə ki, Allah Adəmi yaradandan bəri yer üzü belə fəlakət görməyib, haqlı olardı".

Hətta Makedoniyalı İsgəndər də imperiyasını belə sürətlə genişləndirə bilməmişdi, monqol orduları isə ildırım sürətilə yürüyür, irili-xırdalı dövlətləri bir-birinin ardınca diz çökdürürdü.

Bəziləri Çingiz xanın qeyri-adi xüsusiyyətləri, sərkərdə istedadından danışmağı xoşlayır. Amma monqollar Çingiz xan öləndən sonra da qələbələr çalmaqda davam edirdilər.

Çingiz xanın xəyali portreti

Çingiz xanın xəyali portreti


Müasir tarixçilərin çoxu bu uğurları monqol ordularının taktika və strategiyası, dəmir nizam-intizamı, silahları ilə bağlayırlar.

OX YAĞIŞI

Roma papasının monqol xanının sarayına göndərdiyi səfir, rahib, alim Plano Karpininin vəzifələrindən biri də monqol ordusunun sirlərini öyrənmək idi.

Karpini monqol ordusu haqda ətraflı hesabatında onu da yazırdı ki, hər bir döyüşçünün iki, yaxud üç yayı, həmçinin oxla dolu 3 oxdanı var: "Onlar döyüşə dərhal girmirlər, əvvəlcə düşmənin əsgərlərini və atlarını oxa tutur, öldürür, yaralayır, daha sonra zəifləmiş düşmənlə döyüşə atılırlar".

Hər bir monqol əsgəri düşmən ordusuna 3-4 ox atırdı, beləcə düşmən əsgərləri üzərinə birdən-birə ox yağışı yağmağa başlayırdı, on minlərlə, yüz minlərlə ox. Bu oxlar az qala bütün zirehli geyimləri deşirdi. Buna görə də hətta nisbətən az sayda monqol qoşunları ilə döyüşə girən ordular da böyük itkilər verirdi. (Monqol yürüşlərinə qədər Asiyada, Avropada yalnız çox böyük ordular üz-üzə gələndə bu qədər ölən olurdu). Monqol qoşunları, geri çəkiləndə də təhlükəli idi, çünki süvarilər at belində geri çevrilib, arxalarınca dabanbasdı gələn düşmənə ox ata bilirdilər.

Monqollardan Avropanın başdan-ayağa polad zirehə bürünmüş cəngavərləri də çəkinirdi.

"Deyilənə görə onlar oxu başqa xalqlardan daha uzağa ata bilirlər", - 1240-ci ildə macar rahibi Yulian yazırdı - "qılınc və nizələrlə vuruşmaqda isə, şayiələrə görə, nisbətən zəifdirlər".

OX NƏ OX...

Monqol əsgərləri ox atır

Monqol əsgərləri ox atır


12-ci əsrdə düzəldilən monqol oxu özündən əvvəl geniş istifadə edilən hun oxlarından kiçik idi. Bu, onun at üstündə istifadəsini asanlaşdırır və hədəfi daha dəqiq nişan almağa imkan verirdi. Monqol süvarisi dəqiqədə 10-12 ox ata bilirdi. Bəzi tarixçilər monqolların bu yeniliyini 20-ci əsrdə avtomatik silahın hərb sənətində etdiyi çevrilişlə müqayisə edirlər. Bundan başqa, əgər, məsələn, ingilis oxu o dövrdə 220 metr uzaqlığa uçurdusa, monqol oxunda bu göstərici 320 metr idi. Üstəlik də yayın dartılma qüvvəsi böyük idi, bu da oxun həm zirehli geyimi deşməsini, həm də düşmən atlarını məhv etməsini asanlaşdırırdı. Monqol oxundan istifadə etmək asan deyildi. Döyüşçünün qolları çox güclü olmalı idi. Roma papasının monqol sarayına göndərdiyi səfir Karpini onu da yazırdı ki, monqollar uşaqlara ox atmağı 3 yaşından öyrədirlər - uşaq böyüdükcə tədricən oxun ölçüsünü artırmaqla. Beləcə, yetkinlik yaşına çatanda onların əzələləri artıq xüsusi formaya düşür və oxdan peşəkarcasına istifadə etməyə imkan verirdi. Buna görə də monqol oxu hətta qənimət kimi düşmən əlinə keçəndə də ondan istifadə etmək çətin olurdu.

ALMANIYA TƏŞVİŞ İÇİNDƏ...

1241-ci ildə Batu xanın ordusu Leqnits şəhəri yaxınlığında polyak və alman qoşunları ilə üz-üzə gəlir. Monqolların yağdırdığı ox yağışından "gün tutulur", oxlar düşmənin 40 min əsgərini yerə sərir.

İki gün sonra isə monqollar Şayo çayı yaxınlığında macar kralı 4-cü Belanın 60 minlik ordusu ilə üzə-üzə gəlirlər. Amma birbaşa kontaktdan yayınırlar. Macar cəngavərlərini hər tərəfdən oxa tuturlar, zirehli geyimlərin də kömək etmədiyi cəngavərlərin aqoniyası 6 gün davam edir. Çox az adam qaçıb canını qurtara bilir. Məğlub olan Bela Almaniyaya qaçır. Almaniya təşviş içində monqolların gəlişini gözləyir. Qərbi Avropanı yalnız möcüzə xilas edir. Uzaq monqol çöllərində "Böyük xaqan", yəni Uqedey (Çingiz xanın oğlu) vəfat edir. Batu xan ordusunu da götürüb geriyə yollanır - hakimiyyət uğrunda mübarizə aparmağa...

Tarixçi Sergey Nefedovun Rusiyanın "Novıy mir" jurnalındakı məqaləsi əsasında oxuzali.az

Monqol imperiyası, 1259

Monqol imperiyası, 1259

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG