Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:31
-
İsmayıllı rayonunun Tofiq İsmayılov, Məhəmməd Əsədov və Salatın Əsgərova küçələrində yaşayan sakinlər elektrik xətlərinin bərbad olmasından şikayətlənirlər. Həmin məhəllələrə bizdə baş çəkəsi olduq. Bu məhəllələrdə elektrik dirəkləri yolun hərəkət zolağına çox yaxındır, üstəlik xətlər alçaqdan keçir. Hətta elə yerlər var ki, əlini qaldırsan elektrik xəttinə toxunmaq olar.

«DƏFƏLƏRLƏ DEMİŞİK»

Şikayətçi Rəhman Abdullayev deyir ki, bu məhəllələr həyat üçün təhlükəli yerlərdir:

«Elektrik xətləri yola o qədər yaxındır ki, əlini qaldırsan çatar. Dəfələrlə yazılı və şifahi müraciət etmişik. İşıq idarəsinin işçiləri fikirləşmirlər ki, buradan keçən insanları cərəyan məhv edə bilər».

«PUL YIĞMAĞA ELƏ TEZ GƏLİRLƏR»

Rəhman Abdullayev deyir ki, işıq idarəsinin işçiləri vaxt tamam olan kimi dərhal başlarının üstünü kəsib pul tələb edirlər. Ancaq şikayətləri qulaqardına vururlar:

«Deyirlər enerji işlətmisən pulu ver, pulu almamış getmirlər. İyirmi manata görə işığı kəsirlər. Ancaq neçə vaxtdır tələb edirik ki, bu xətlərin vəziyyəti ilə məşğul olun, can çəkirlər. Hər gün uşaqlarımız buradan keçib dərsə və digər yerlərə gedirlər. Ürəyimiz onlarda qalır, görək necə oldular? Küləkli havada ordan keçməyə qorxuruq ki, xətt qırılıb üstümüzə düşəcək. Dəfələrlə xətt qırılıb yola düşüb. Gərək kimsə ölə. Ölən olmasa, baxmayacaqlar».

«QORXURUQ AMMA BAŞQA YOLUMUZ YOXDUR»

Ərazidən keçən məktəbli Qüdrət Umudov deyir ki, şəhər 3 saylı orta məktəbin 6-cı sinif şagirdidir. Hər gün buradan keçməyə məhkumdur:

«Qorxuruq, amma başqa yolumuz yoxdur. Oradan qaça-qaça keçirik ki, birdən üstümüzə düşər. Yolun sol tərəfində dərin su kanalı var və bura bataqlıqdır. Keçən il bura bir uşaq düşmüşdü, az qaldı ölə, böyük kişilər dartıb çıxartdılar».

«BÜTÜN ELEKTRİK XƏTLƏRİ DƏYİŞDİRİLƏCƏK»

Rayon işıq idarəsinin növbətçisi Şöhrət Ramazanov isə deyir ki, xətlər istismar müddətini keçdiyinə görə belə vəziyyət yaranıb:

«Ancaq, bildiyiniz kimi, rayonda elektrik dirəklərinin və xətlərinin yenilənməsi prosesi gedir. Təbii ki, növbə çatanda həmin ərazilərdə də işlər aparılacaq. Rayonda smart-kart sisteminə keçilib və işıq kabellə çəkilir. Bütün rayon ərazisində kənd və qəsəbələr də daxil olmaqla elektrik xətləri dəyişdirilərək yenisi ilə əvəzlənəcək. Bu iş uzun vaxt aparan işdir. Hal-hazırda «AZENKO» şirkəti bu prosesi həyata keçirir. İnşallah, yaxın vaxtlarda hamı bunun canlı şahidi olacaq».

Şərhləri göstər

XS
SM
MD
LG