Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:31
-
50 il bundan əvvəl 1963-cü il noyabrın 22-də vaxt sanki dayandı. «Soyuq müharibə» kəllə-çarxda idi və ABŞ prezidenti John F.Kennedy Texasın Dallas şəhərində indicə qətlə yetirilmişdi.

Bir çox amerikalılar radionu dinləyir və hönkürtü ilə ağlayırdılar. Bir çoxları narahat idilər ki, prezidentə atılmış güllələr ölkə üzərinə hücumun başlanğıcıdır.

46 yaşlı prezident yarım saatın içində keçinmişdi. Lakin bir şahid snayperi görmüş və onun əlamətləri barədə polisə xəbər vermişdi. Növbəti yarım saat ərzində Lee Harvey Oswald onu sorğu-sual etməyə çalışan polis nəfərini güllə ilə vurub öldürmüş və kinoteatrda gizlənmişdi.

24 yaşlı Oswald keçmiş ABŞ dəniz piyadası idi, 1959-cu ildə Sovet İttifaqına qaçaq düşmüş, lakin 1962-ci ildə Birləşmiş Ştatlara qayıtmışdı. O, polisə günahsız olduğunu söyləmiş, lakin laboratoriya analizləri sui-qəsd silahından məhz onun atəş açdığını müəyyən etmişdi.

KƏLƏFİN UCU RUBY İLƏ GETDİ

Lakin iki gün sonra başqa bir şok yaşanacaqdı. Polis onu bir məntəqədən başqasına aparmaq istəyərkən Oswald-ın özünə sui-qəsd edilmişdi. Qatil kriminal aləmlə əlaqələri olan gecə klubu sahibi, 52 yaşlı Jack Ruby idi.

Harvey Oswald

Harvey Oswald

Oswald-ın motivləri nə idi və o təkbaşına mı hərəkət etmişdi? Bu işdə Sovet İttifaqının və ya mütəşəkkil cinayətkarlığın əli var idimi? Ruby ortaya haradan çıxmışdı? Bütün bunlara heç kim tam cavab verə bilməyəcək, çünki kələfin ucu Ruby-nin özü üç il sonra həbsxana xəstəxanasında ağciyər xərçəngindən öləndə itəcəkdi.

Kennedy-nin qətlini bir neçə komissiya araşdırmışdı və onlardan ən sanballısı, hökumətin təşkil etdiyi «Warren komissiyası» 1964-cü ildə yekun qərarını vermişdi: Oswald təkbaşına hərəkət edib. Başqa bir komissiya, ABŞ Konqresinin Sui-Qəsdlər üzrə Seçkili Komitəsi 1978-ci il tarixli qərarında bildirirdi ki, burada qəsd ola bilərdi, lakin Oswald-dan başqa bir şəxsi müəyyən etmək mümkün olmayıb.

Milyonlarla amerikalı üçün bu müəmma bu gün də açıq qalır.

«Associated Press» Agentliyinin bu il keçirdiyi sorğuda rəyi soruşulanların 59 faizi Kennedy-nin təşkil olunmuş qəsdlə öldürüldüyünə inanır.

KENNEDY - ƏN BÖYÜK PREZİDENT

Bu həftə «Gallup»ın keçirdiyi başqa bir rəy sorğusunun nəticələrinə görə, JFK müasir ABŞ prezidentləri arasında nüfuzuna görə birinci olub.

John F. Kennedy Berlində, 26 iyun 1963

John F. Kennedy Berlində, 26 iyun 1963

Sorğuda iştirak edənlərin 74 faizi onu Dwight Eisenhower-dən bu yana ən misilsiz ali baş komandan və prezident adlandırıb.

Həmin rəy sorğusunda Ronald Reagan 61 faizlə ikinci, Bill Clinton isə 55 faizlə ikincidir.

1955-ci ildə doğulmuş amerikalıların 95 faizi prezident Kennedy öldürüləndə harada olduğunu və nə etdiyini dəqiq xatırlayıb.

Müqayisə üçün demək olar ki, 2011-ci ildə rəyi soruşulanların yalnız 71 faizi Osama bin Laden öldürüləndə, harada olduqlarını və nə işlə məşğul olduqlarını xatırlaya bilib.
72 faiz Martin Luther King-in 1968-ci ildəki qətlini yaxşı xatırlayır.

Yaddaş məsələsində hələ ki, ən böyük hadisə ABŞ üzərinə 11 Sentyabr terror basqınıdır.

Amerikalıların 97 faizi həmin günü yaxşı xatırlayır.

Tərcümə etdi: Zülfüqar Rüfətoğlu

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG