Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:42
-
22 noyabr medianın icmalı

Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev azadlığa çıxandan sonra ilk dəfə oğlu Yusiflə görüşüb.

Bu haqda “Media forum” saytına Fərhad Əliyevin yaxınları bildiriblər. Məlumata görə, görüş Böyük Britaniyanın London şəhərində baş tutub. Fərhad Əliyev Londona xanımı ilə birlikdə gedib.

2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fərhad Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyevlə birlikdə 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Yaxınlarının “Media forum”a dediyinə görə, Fərhad Əliyevin oğlu Yusif London İqtisadiyyat Məktəbində təhsil alır, bu məktəbdə isə təhsil intensiv keçirildiyi üçün sabiq nazir azadlığa çıxandan sonra oğlu Bakıya gələ bilməyib, ona görə də Fərhad Əliyev övladını görmək üçün Londona getməli olub.

Ailənin Bakıya nə vaxt dönəcəyi haqda “Media forum”a məlumat verilməyib.

HÖKUMƏT QİYMƏT ARTIMI “MƏŞQİ EDİR”

“Bizim Yol” qəzeti yazır ki, məmurların bahalaşma ilə bağlı ziddiyyətli açıqlamaları əhalini yeni qiymətlərə hazırlamaq məqsədi daşıyır.

“İlin sonunda kommunal xidmətlərin bahalaşacağına şübhə yoxdur”, - bu sözlər maliyyə naziri Samir Şərifova aiddir. Nazir dəqiq vaxtı göstərməsə də, bu təşəbbüsün "Azərenerji", "Azərsu" və "Azəriqaz" müəssisələrindən gəldiyini deyib.

Samir Şərifov

Samir Şərifov

Bu fikirdən sonra Tarif (Qiymət) Şurası açıqlama verdi ki, hazırda tariflərin artırılması ilə bağlı Şurada heç bir məsələ müzakirə olunmur.

2014-cü ilin dövlət büdcəsindən büdcə təşkilatlarına kommunal xərclərin və yanacaq-sürtkü materiallarının haqqının ödənilməsi üçün 2013-cü ilə nisbətən 85 faizə yaxın çox vəsait - 641 milyon manat yönəlməsi nəzərdə tutulub. Yanacaq-sürtkü matreriallarının alınması üçün büdcə təşkilatlarına ayrılan vəsait 39,5 faiz çoxdur.

"Hökumətin borcu insanların gəlirlərini infilyasiyanın artım tempindən üstün tənzimləməkdir" . İqtisadçı-ekspert Rövşən Ağayev deyir ki, qiymət artımının ailələrə təsirinin nə qədər olacağını indi demək çətindir:

"Çünki Maliyyə Nazirliyi, Milli Məclisin sosial siyasət komitəsinin rəhbəri Hadı Rəcəbli qiymət artımı olacağını gizlətmir. Tarif Şurası bunu təkzib etsə də. İndiki situasiyada deyə bilərik ki, doğurdan da gəlirlərin çox kiçik faizinin əvəzində kommunal xidmətlərin daha yüksək faizlə artacağının ifadə olunması ona gətirib çıxaracaq ki, insanlar nəinki hökumətin onlara verdiyi pulla kifayətlənəcək, hətta onlar kommunal xidmətləri ödəmək üçün öz ciblərindən də vəsait verəcəklər”.

VETERAN YAP-ÇI PARTİYA RƏHBƏRLİYİNİ BİABIR ETDİ

"Azadlıq" qəzeti yazır ki, “YAP-ın qurucularından olmuş Maksim Musayev bildirir ki, partiyanın indiki rəhbərliyi yanlış siyasət yürüdür və hazır “kökə” tapmış adamlar özlərini reklam etməklə məşğuldular:

“YAP-ı çətin günlərdə, əziyyətlə yaradanlar bizlər olmuşuq. İndi isə partiya qurucuları partiyanın qaynar həyatından uzaqlaşdırılıb və Heydər Əliyevə sədaqətli olmuş şəxslərin fəaliyyəti məhdudlaşdırılır. Sonradan YAP-a gələnlər ”nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım" misalına uyğun adamlardı”.

Televizoru açıb görürəm ki, YAP-ın yaranmasından Siyavuş Novruzov, Mübariz Qurbanlı, Eldar İbrahimov danışır. YAP-ı yaradanları kənarda qoyub, televizordan sui-istifadə etmək insana yaraşan hal deyil. Özü də deyirlər ki, bu adamlar professordur. Bunlar yalnız özlərini reklam edirlər. YAP-dan istifadə edib professor, doktor olurlar, sahibkara çevrilirlər. YAP nərdivanından istifadə edib pillə-pillə qalxırlar”.

“PROSESLƏR QARŞIDURMAYA GƏTİRİB ÇIXARMIŞDI”

“Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə AXC - Müsavat cütlüyünün hakimiyyəti Azərbaycanın müstəqilliyini təhlükə altında qoymuş, baş verən siyasi proseslər qarşıdurmaya və vətəndaş müharibəsinə gətirib çıxarmışdır”.

Vasif Talıbov

Vasif Talıbov

“Qafqazinfo” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bunu YAP-ın yaradılmasının 21-ci ildönümü ilə bağlı muxtar respublikada keçirilən tədbirdə deyib.

V. Talıbov bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatında gərgin proseslərin getdiyi bir dövrdə yaranıb.

“Müxalifət partiyası kimi fəaliyyətə başlayan YAP hakimiyyət uğrunda deyil, Azərbaycanı məhvə sürükləyən, müstəqilliyimizi təhlükə altına salan uğursuz siyasətə qarşı mübarizə aparmışdır. Ulu öndər xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə YAP müxalifət partiyasından iqtidar partiyasına çevrilmişdir”.

GƏNCƏ 2016-CI İLİN "AVROPA GƏNCLƏR PAYTAXTI" SEÇİLİB

Trend agentliyinin məlumatına görə, bu barədə Avropa Gənclər Forumunun (European Youth Forum) rəsmi saytı xəbər verir.

Avropa Gənclər Forumunun prezidenti Peter Matyaşiç bildirib:

Gəncə

Gəncə

"Biz Gəncəni ciddi, müxtəlif təkliflərinə görə və gənclərin iştirakı, təhsil, məşğulluq kimi məsələlərin həllinə sadiq olduğu üçün təbrik edirik".

Gəncə Vilnüs (Litva), Varna (Bolqarıstan), Qaluey (İrlandiya), La-laquna və Badajoz (hər ikisi İspaniya) kimi şəhərləri geridə qoyaraq qalib olub.

"Avropa gənclər paytaxtı" titulu bir il müddətinə verilir. Bu müddət ərzində həmin şəhərə gənclər üçün mədəni, idman, ictimai və siyasi tədbirlər keçirmək imkanı yaradılır.

ƏHALİNİN GƏLİRLƏRİ KEÇƏN İLƏ NİSBƏTƏN 7,7 FAİZ ARTIB

“Azərbaycan” qəzeti yazır ki, 10 ay ərzində bir nəfərə düşən gəlir 3130,1 manat, yaxud orta hesabla ayda 313 manat olub. Ümumilikdə bu dövr ərzində ölkə əhalisi tərəfindən 29,1 milyard manat gəlir əldə edilib. Bu da keçən ilin eyni vaxtında olduğundan 7,7 faiz çoxdur.

Gəlirlərin 68 faizi son istehlak xərclərinə, 9 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. 21,3 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 26,5 milyard manat həcmində və ya əvvəlki ildəkindən 7,6 faiz çox vəsait qalıb.

“QƏBƏLƏ RLS-İN AZƏRBAYCANA TƏHVİL VERİLMƏSİ İLƏ BAĞLI HEÇ BİR PROBLEM YOXDUR”

Rusiyanın Qəbələ Radiolakasiya Stansiyasını Azərbaycana təhvil verməsi ilə bağlı bütün cari məsələlər, demək olar ki, həll edilib.

Turan agentliyinin məlumatına görə, bunu müdafiə naziri Zakir Həsənov Moskvada MDB iştirakçısı olan dövlətlərin Müdafiə Nazirləri Şurasının 65-ci iclası çərçivəsində rusiyalı həmkarı Sergey Şoyqu ilə keçirdiyi görüşdə bildirib.

“Qəbələ RLS-in, demək olar ki, təhvil verildiyini bilirəm, məndə olan məlumata görə, orada problem yoxdur. Bütün cari məsələlər həll edilir və ya demək olar ki, həll edilib”, deyə Həsənov bildirib.

O, Azərbaycan və Rusiya hərbi idarələri arasında digər ikitərəfli əməkdaşlıq məsələlərinin də bu gün həll ediləcəyindən əmin olduğunu bildirib. Bu zaman Azərbaycan naziri qeyd edib ki, iki ölkə arasında tarixən formalaşmış münasibətlər davam və inkişaf etdirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG