Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:56
-
İqtisadi Tədqiqatlar Mərkəzinin «Azərbaycan dövlət büdcə siyasətinin təhlili: risklər və perspektivlər» araşdırmasında Neft Fondunun qızıla sərmayə qoyuluşu riskli addım sayılıb. Mərkəzin ekspertlərinin fikrincə, qızılın qiymətinin sabit olmaması bu yatırımı riskə atır.

Məsələyə münasibətini bildirən Dövlət Neft Fondu AzadlıqRadiosuna göndərdiyi yazılı açıqlamasında bildirib ki, Fondun vəsaitlərinin 5%-ə qədərinin qızıla yatırılması nəzərdə tutulub. Qurum bildirir ki, bu, 2012-ci ildə prezidentin təsdiqlədiyi «Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)» əsasında həyata keçirilir.

Fondun açıqlamasında belə maliyyə alətinə investisiyaların beynəlxalq təcrübədə, əsasən, iki məqsədlə gerçəkləşdirildiyi göstərilir. Bunlardan biri spekulyativ məqsəddir və qısa və orta müddətlərdə qazanc götürməyi hədəfləyir. Bu zaman qızılın yüksək qiymət dəyişkənliyi nəzərə alınır. Neft Fondu qızıla investisiya yatırarkən başlıca olaraq 2-ci – strateji məqsədi, yəni ehtiyatların yüksək diversifikasiyasının – şaxələnməsinin təmin olunmasını əsas götürür:

«Fondun vəsaitlərinə qızılın əlavə edilməsi məhz strateji xarakter daşıyıb. Adıçəkilən maliyyə alətinə investisiyanın qızıl külçələrin alınması yolu ilə həyata keçirilməsinə başlanıb. Son mərhələdə bu ehtiyatların ölkəyə gətirilməsi və burada saxlanılması nəzərdə tutulub».

Fonddan o da bildirilir ki, planlaşdırıldığına görə, alınması nəzərdə tutulan qızılın ümumi həcmi mərhələli şəkildə, yəni iki il müddətində həftələr üzrə bərabər şəkildə bölüşdürülərək investisiya portfelinə əlavə ediləcək:

«Bu yanaşma zamanı ümumi qızıl ehtiyatlarının alış qiyməti müəyyən zaman anındakı qiymətə deyil, qızılın ikiillik, yəni alındığı dövrün orta qiymətinə bərabər olacaqdır. Nəticədə bu, qiymət dəyişkənliyinin Fondun investisiya portfelinə mənfi təsirindən sığortalanmağa imkan verəcək».

«TƏSİS EDİLƏN ŞİRKƏTLƏRİN HAMISI 100% NEFT FONDUNA MƏXSUSDUR»

Fondun açıqlamasında AzadlıqRadiosunun «Neft Fondu ofşor zonalarda törəmə müəssisələr yaradıb. Ekspertlər iddia edir ki, bu müəssisələrin fəaliyyəti şəffaf deyil və fondun belə bir müəssisə yaratmasını tənzimləyən hüququ baza yoxdur. Bu barədə nə deyə bilərsiniz» sualı da cavablanıb.

Qurum bildirib ki, Dövlət Neft Fondunun törəmə şirkətlər qurmasında məqsəd daşınmaz əmlaka belə investisiyalarda vergilərin azaldılması və məsuliyyətin məhdudlaşdırılmasıdır:

«Məsuliyyətin məhdudlaşdırılması dedikdə, üçüncü şəxslərin daşınmaz əmlakla bağlı mülki iddialarından Fondu müdafiə etmək nəzərdə tutulur. Təsis edilən şirkətlərin hamısı 100% Neft Fonduna məxsusdur. Fond tərəfindən yaradılan şirkətlər tam şəffaf fəaliyyət göstərir və onların auditini «Böyük dördlüyə» daxil olan audit şirkətləri həyata keçirir».

Fond vurğulayır ki, bu investisiyanı Dövlət Neft Şirkətinin «Valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında qaydalar»ına və hər il təsdiqlənən investisiya siyasətinə əsasən, daşınmaz əmlaka yönəldir.

«FONDUN RİSKLƏRİ... ÜMUMİ PORTFEL BAXIMINDAN TƏNZİMLƏNİR»

«Azərbaycan dövlət büdcə siyasətinin təhlili: risklər və perspektivlər» araşdırmasında Neft Fondunun inkişaf etməkdə ölkələrdə olan banklara depozit yerləşdirməsi də riskli addım sayılır. Hesab edilir ki, bununla Neft Fondunun vəsaitləri təhlükə altına alınır.

Neft Fondu öz açıqlamasında bu məsələyə də münasibət bildirib:

«Neft Fondunun investisiya strategiyasına uyğun olaraq, qurumun investisiya portfelinin diversifikasiyası aparılır. Portfelə yeni valyutalar – Rusiya rublu və Türkiyə lirəsi daxil edilib. Bununla da bu valyutalara investisiya etmək məqsədilə Türkiyə və Rusiya banklarında vəsait yerləşdirilib. Ümumiyyətlə, Fondun riskləri ayrı-ayrı investisiyalar üzrə yox, ümumi portfel baxımından tənzimlənir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG