Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:53

Bakıda birinci Beynəlxalq Turizm Filmləri Festivalı açılıb


«Qafqaza qayıdış» sənədli filmi

«Qafqaza qayıdış» sənədli filmi

-
Noyabrın 20-də Nizami Kino Mərkəzində birinci Bakı Beynəlxalq turizm filmləri festivalının təntənəli açılış mərasimi keçirilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, açılış mərasimində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev iştirak edib.

İki ildən bir keçiriləcək festivala dünyanın 45 ölkəsindən qonaqlar gəlib.

Festival Azərbaycan və Fransanın birgə istehsalı olan «Qafqaza qayıdış» sənədli filminin təqdimatı ilə açılıb.

Məşhur fransız aktyoru Jerar Depardye, illüstrasiyaçı rəssam Matyo Sapan, aktyor Ənvər Həsənov və tanınmış televiziya aparıcısı Fuad Axundovun da çəkildiyi filmin quruluşçu rejissorları Stefan Berqunyu, Jan-Pyer Devilerdir.

Filmin ssenari müəllifləri Fuad Axundov, Stefan Berqunyu, Jan-Pyer Deviler, Lesli Qranberq, quruluşçu operatoru Stefan Byon, prodüserləri Arno Friley və Cavid İmamverdiyevdir.

Ekran əsərində 1858-ci ildə Qafqaza, o cümlədən Azərbaycana səyahət etmiş məşhur fransız yazıçısı və səyyahı Aleksandr Dümanın «Qafqaz» əsərində yazdıqları şərh edilir, onun izi ilə J.Depardyenin Azərbaycana səyahətindən bəhs olunur.

A.Düma kimi J.Depardye də səyahət zamanı maraqlı insanlarla rastlaşır, gözəl məkanlar kəşf edir.

Birinci Bakı Beynəlxalq Turizm filmləri festivalının müsabiqəsi 7 nominasiyadan ibarətdir.

Festivala 38 ölkədən 140 rejissor 215 film təqdim edilib.

31 ölkədən 74 rejissorun 78 filmi müsabiqəyə buraxılıb.

Müsabiqənin proqramında 14 azərbaycanlı rejissorun filmi yer alıb.

Münsiflər heyəti hər kateqoriyada 3 film seçəcək.

Birinci yerə Qızıl mükafat, ikinci yerə Gümüş mükafat, üçüncü yerə Bürünc mükafat təqdim ediləcək.

Festivalın ən yaxşı filminə isə «Qran-pri»-diplom, mükafat və 4000 avro pul təqdim olunacaq.

Filmlər noyabrın 21-dən 23-dək hər gün səhər saat 11:00-dən başlayaraq Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Giriş sərbəstdir.

Festivalın bağlanış və mükafatlandırma mərasimi noyabrın 23-də baş tutacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG