Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:16
-

Oktyabrın 12-də gecə Polşanın Qdansk şəhərinin mərkəzində, Qələbə prospektində yerli İncəsənət Akademiyasının 26 yaşlı tələbəsi Jerzy Szumczyk tərəfindən bir heykəl qoyulub.

Sənət əsərində bir əli ilə hamilə qadınının saçından tutub, digər əlindəki tapançanı ağzına dirəyərək onu zorlayan sovet əsgəri təsvir olunub.

Heykəltəraş öz işini sərgiləmək üçün 1945-ci ildə Qdanskın azad olunması uğrunda həlak olmuş sovet əsgərlərinin xatirəsinə qoyulmuş “T-34 tankı” abidəsinin yanını seçib.

Szumczyk tankın yanına qırmızı rəngli postament qoyaraq üzərinə öz əsərini yerləşdirib.

Bundan bir neçə saat sonra yerli əhalinin şikayəti üzrə, heykəl şəhər rəhbərliyi və polis tərəfindən götürülüb. (Ardı videodan aşağıda)



Heykəltəraş bildirib ki, bu əsər müharibə vaxtı baş vermiş tarixi həqiqətlərə və qadın talelərinə diqqət çəkmək üçün qoyulub.

Yarım tonluq heykəl müəllif tərəfindən “Komm, Frau” (Bura gəlin, xanım!) adlandırılıb.

Polisin dediyinə görə, Szumczyk-ə qarşı cinayət işi qaldırılsa da, yerli prokurorluq heykəltaraş tələbənin milli zəmində ixtilaf yaratmadığı nəticəsinə gəlib. Həmçinin prokurorluq “ictimai yerlərdə, tarixi hadisələrlə bağlı qoyulmuş heykəllərə xətər yetirilmədiyinə” dair də qərar verib. Ancaq Szumczyk-in heykəlinin şəhər əhalisi arasında narazılıq yarada biləcəyini nəzərə alınaraq onun işi polisə göndərib.

Qdansk polisinin verdiyi məlumata görə, “nalayiq hərəkət”ə görə mühakimə olunan Szumczyk-in günahı sübuta yetirilsə, onu azadlıqdan məhrumetmə, ya da 500 dollara qədər cərimə gözləyə bilər, həmçinin onun məhkəmədə bağışlanması da mümkündür.

Szumczyk özü məhkəmədən öncə hadisəyə hər hansı şərh verməkdən yayınsa da, onun vəkili Donat Palişevski, Qdansk şəhərinin mərkəzində çoxlu seks-şopların olduğunu və əgər həqiqətən də heykəl “əxlaqa ziddirsə” bu halda polisin həmin dükanlara qarşı da mübarizə aparmağının vacibliyini bildirib. Vəkil həmçinin Szumczyk-in, sadəcə, “öz düşüncəsini cəmiyyətlə bölüşmək” məqsədi güddüyünü, buna görə də hüquq-mühafizə orqanlarının onun hərəkətinə aşırı reaksiya verdiyini bildirib.

Szumczyk hadisədən dərhal sonra verdiyi açıqlamasında demişdi ki, “aqressiya göstərməyə can atmayıb”, əkinsə “həqiqəti bəyan edərək, gələcəkdə mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirmək” istəyib.

“Sovet əsgərinin həmin obrazı 1945-ci ildə, konkret yerdə, yəni Qdanskda, konkret hadisələrə münasibət kimi yaradılıb. Mən tarixi həqiqətlərlə bağlı səsimi yüksəltmək istəmişəm. Müharibədən əziyyət çəkmiş günahsız insanlar, qadınların taleyi məni narahat edib”, - deyə Şumçik bildirib.

Onun sözlərinə görə, 1944-45-ci ildə sovet əsgərlərinin Berlinə soxulması zamanı qadınları zorlaması faktı ilə heç cür barışa bilmir. Həmçinin, heykəltəraş deyib ki, əvvəlcə o bu heykəli Berlindəki Brandenburq darvazaları önündə yerləşdirmək istəyirmiş, amma sənət əsərini oraya aparmağa pulu çatmayıb.

Qdanskdakı hadisə Rusiya səfirliyi tərəfindən kəskin qarşılanıb. Rusiyanın Polşadakı səfiri Aleksandr Alekseyev “öz psevdosənəti ilə Polşanın azadlığı və müstəqiliyi uğrunda həyatını itirmiş 600 min sovet əsgərinin xatirəsini təhqir edən” tələbənin hərəkətlərindən dərin məyusluq keçirdiyini bildirib.

“Şəhərin mərkəzi küçəsinə yerləşdirilmiş bu vulqar heykəl təkcə rusların deyil, nasizmdən xilasın kimin sayəsində mümkün olduğunu xatırlayan bütün sağlam düşüncəli insanların duyğularını təhqir edir”, - deyə səfir öz açıqlamasında bildirib.

Szumczyk-in bu davranışı Polşa cəmiyyətində də pis qarşılanıb. Tanınmış polyak qəzetlərindən biri olan “Gazeta Wyborcza”nın əməkdaşı Marek Qorlikvski yazır ki, belə heykəl zorlanmışların xatirəsini əbədiləşdirmək üçün yararlı deyil. Məşhur polyak publisisti Yan Enqelhard isə “Mysl Polska” qəzetində yazdığı məqaləsində bildirir ki, gənc heykəltəraş diqqəti sonradan Polşanın tərkibinə keçmiş alman ərazilərinin əhalisinin problemlərinə çəkir. Əgər sovet əsgərləri tərəfindən belə bir zorlama halı baş vermişdisə belə, bunun qurbanları polyaklar deyil, almanlar idi, sovet əsgərinin bu davranışını isə sovet ərazilərini işğal etmiş faşistlərin vəhşiliyi ilə izah etmək olar.

Yan Enqelhardın dediyi kimi, 1940-cı illərin ortalarında Qdansk-Danziqin əhalisinin əksəriyyəti almanlardan ibarət olub. Yalnız 2-ci Dünya müharibəsindən sonra bu ərazilərin Polşaya aid olması təsdiqlənib.

Məsələ ilə bağlı mövqeyini bildirən Polşanın Avropa Parlamentindəki deputatı Rışard Çeneçki isə bildirib ki, bu heykəldə hökümət və xalq əleyhinə bir şey görmür. Sağçı “Hüquq və ədalət” partiyasından olan siyasətçinin fikrinə görə, heykəl sovet əsgərlərinin Polşa ərazilərində törətdiklərini kifayət qədər dəqiq ifadə edir.

BBC-yə istinadla
Tərcümə: Namiq Hüseynli

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG