Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:33
-

Müəllim şagirdə hansı ali dəyərləri öyrədib ki, şagird o dəyərlərə hörmət edib, müəllimə, «elm müridi»nə hörmət eləsin?..


Günel Mövlud


ŞAGİRD MÜƏLLİMİ DÖYÜR VƏ DÖYƏCƏK...


Mövzuya başlamamışdan bir əhvalat danışmaq istəyirəm.

Bir dəfə yerli telekanallardan biri kitab, təhsil barədə bir veriliş edir.

Yazıçı Seymur Baycanı və meyxana ustası Namiq Mənanı qonaq çağırırlar.

Seymur kitabdan, ədəbiyyatdan, ali dəyərlərdən xeyli danışır. Namiq Məna da onun danışdıqlarını təsdiqləyir, amma vurğulayır ki, meyxana da lazımdı.

Verilişdən çıxandan sonra Namiq Məna qara Mersedesinə minib gedir. 5 kitab müəllifi Seymur Baycan isə kirayə yaşadığı evə getmək üçün piyada metroya tərəf düşür…

İndi keçək mətləbə.

Yəqin ki, biz indi durub, özümüzdən çox yox, on yaş balaca tanışlarımıza desək ki, şagird vaxtlarımızda müəllim bizim üçün sirli, mübhəm, ali, təxminən mələk kimi varlıq idi, gənc dostlar sadəlövhlüyümüzə əməlli-başlı gülərlər.
Sovet məktəbi

Sovet məktəbi


Axı onlara necə izah edəsən ki, şagird vaxtlarımzda müəllim hamıdan təmiz və səliqəli geyinən, hamıdan mədəni, özü də hamıdan fərqli və ali şeylər barədə danışan məxluq idi. Elə məxluq ki, kənd yerində, mal-qaranın, əkin-biçinin, toz-torpağın mərkəzində belə geyindiyi kostyum, taxdığı qalstuk əsla gülməli görünmürdü.

Necə izah edək ki, müəllimi biz o qədər sirli, ali varlıq bilirdik ki, ciddi-ciddi onun yemək yemədiyini və tualetə getmədiyini düşünürdük. Gülməli və absurd görünə bilər, amma dünyanın ən maraqlı, ən ali, ən fərqli tərəflərindən danışan bu ali varlıqlar axı bizim, sadə adamlar kimi necə yemək yeyib, tualetə gedə bilərdi?! Yox, onları bizim üçün qanadları görünməyən mələklər idi.

Necə izah edək ki, o vaxt kənd-kəsəyin ən varlı adamları sayılan kolxoz sədrləri, şəhərin varlıları – “zavmaq”lar, zərgərlər bu kasıb, səliqəli, mədəni adamlara hörmət edir, onlara ehtiramla salam verir, bu adamları öz uşaqlarına örnək göstərirdilər. Çünki hakim ideologiya durmadan kitabı, elmi təbliğ edirdi. Hakim ideologiya kitab oxuyana, elm, təhsil verənə hörmət tələb edirdi.

Bunu özümüzdən ən azı on yaş balaca adamlara ona görə izah etmək mümkün deyil ki, onlar bütün bunların əksini görüblər. Onların gördükləri müəllim obrazı ya urvatsız, heç kimin adam yerinə qoymadığı qocalardı – o müəllim qocalar ki, onların urvatı, hörməti sovetlərlə birlikdə yoxa çıxdı. Kitabın, elmin, təhsilin yerini din, cəhalət, pul, ucuz şöhrət aldı və bir vaxtlar təmsil etdikləri elmə, kitaba görə hörmət görən o adamlar insanların gözündə dəyərlərini itirdilər. Gördükləri başqa müəllim obrazı da… bir dəqiqə nəfəs dərək…

Bu günlərdə sosial şəbəkələrdə məktəbli qızın müəlliməsi ilə saçyoldu videosu yayıldı. (ardı sözügedən videodan aşağıda)

Bir müddət əvvəl də hansısa orta məktəbdə bir dəstə məktəbli oğlan yığışıb, kişi müəllimin dərsində rəqs eləmişdilər. Belə videolar çoxdur. Çünki belə hallar da çoxdu. Bəs nədir şagirdlərin müəllimlərinə hörmət etməməsinin, ehtiram göstərməməsinin, ona qarşı aqressiv olmasının, hətta bərk əsəbiləşəndə saçından alıb, yerə yatırmaqda özünü haqlı bilməsinin səbəbi?

Çox sadədi. Əgər şagird müəllimə pul verirsə, bayramda ətir, qızıl, alt paltarı, pul bağışlayırsa, imtahanda konkret məbləğ ödəməli olursa, adi günlərdə süpürgə, təbaşir, jurnal, daha nə bilim nələrin pulun verməli olursa, o nəyə görə bu «pulyığma» mexanizminə hörmət etməlidir?

Verdiyi keyfiyyətsiz təhsilə görəmi? Təbaşirin, jurnalın, süpürgənin pulunu tapıb gətirmədiyinə görə şagirdi sinif yoldaşlarının yanında utandırdığına görəmi? Axı elə uşaqlar var ki, tapşırılan məbləği gətirə bilmədiyinə görə utandığından dərsə gəlmək istəmir. Müəllim şagirdə hansı ali dəyərləri öyrədib ki, şagird o dəyərlərə hörmət edib, müəllimə, «elm müridi»nə hörmət eləsin?

Öyrətməyib. Çünki mənası yoxdur deyə düşünür. Çünki hakim rejim kitabın, elmin qiymətini qara quruşa endirib. Çünki meyxanaçısı bahalı maşınlarda gəzib, yazıçısı kirayədə yaşayan, ömrü boyu korluq çəkən ölkədə şagird müəllimi döyə bilər, döyür və döyəcək…

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG