Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:41

Prezidentlərin görüşündən nə gözləyək? [Video]


-


Konfliktoloqlar Arif Yunus və Əvəz Həsənov Azərbaycan və Ermənistan prezidentlərinin noyabrın 19-u Vyanada keçirilmiş görüşündən gözləntilərini açıqlayırlar.

Arif Yunus görüşdən elə bir nəticə gözləmədiyini deyir:

«Bu görüş bizə və ermənilərə deyil, daha çox ATƏT-in Minsk Qrupu həmsədrlərinə lazım idi. Çünki görüş alınmırsa, təhlükə yaradır. Çoxları hesab edir ki, müharibə başlaya bilər. Azərbaycan və Ermənistan prezidentlərinin mövqeləri bir-birindən uzaqdır. İlham Əliyev və Serzh Sargsyan-ın münasibətləri yaxşı deyil. Görüşdən bir-neçə gün əvvəl Ermənistan prezidentinin cəbhə bölgəsində olmağı vəziyyəti daha da gərginləşdirdi. Tərəflər demək olar ki, «soyuq müharibə» mövqeyindədirlər. Ona görə də bu görüşdən heç nə gözləmirdim…».

«Rusiya və ABŞ-ın mövqeyi Dağlıq Qarabağ məsələsində formal olaraq eynidir. Ancaq ABŞ münaqişənin həllini daha çox istəyir. Çünki geosiyasi, enerji və digər məsələlərdə marağı var. Ortada həm də Rusiya faktoru var. Qərblə Rusiya arasında konflikt var. Rusiya anlayır ki, iki dövlət razılığa gəlsə, nüfuzu aşağı düşəcək. Ona görə də, Qarabağdan hər iki tərəfə təzyiq vasitəsi kimi istifadə edir…».

Əvəz Həsənov isə budəfəki görüşdə ABŞ-ın daha çox maraqlı olduğunu düşünür:

«Bu görüş üçün Amerika daha çox canfəşanlıq edirdi. Budəfəki görüş daha çox prezidentlərin təkbətək görüşü ilə yadda qalıb. İki ildir görüş keçirilmirdi. Rusiya tərəfinin də görüşə şərait yaratmaması ABŞ-ı qıcıqlandırırdı. Çünki Qərb şovinist, postsovet ritorikası ilə heç vaxt barışmayıb. Ermənistan Dağlıq Qarabağ məsələsində açıq mövqeyə keçib. Ermənilərə status-kvo sərf edir. Azərbaycan isə real nəticə gözləyir. İstənilən görüş nəticəsiz, əhəmiyyətsizdir. Ancaq ikiillik sükutu pozmaq üçün görüş yaxşı addım idi…».

Görüşün baş tutmasında Türkiyənin rolunu Əvəz Həsənov belə qiymətləndirir:

«Görüşün keçirilməsində Türkiyənin rolu da danılmazdır. Ahmet Davutoğlu son vaxtlar bu məsələni tez-tez gündəmə gətirirdi. Türkiyə onlara sərhədlərin açılmasıyla bağlı olan təzyiqləri azaltmaq üçün Azərbaycanı da yumşaltmağa çağırır. Ahmet Davutoğlu kifayət qədər təcrübəsi olan siyasətçidir. Mən əminəm ki, Türkiyə Azərbaycana zərər gətirən addım atmaz. Türkiyəylə Ermənistan sərhədinin açılması məsələsində Azərbaycanın yumşalması danışıqların irəliləməsinə səbəb ola bilər...».

Şərhləri göstər

XS
SM
MD
LG