Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:28

«Allah dini idman klubu olaraq yaratmayıb»


Naguib Mahfouz
Naguib Mahfouz
-

"İnsan üçün öz dindaşıyla yaxşı davranmaq daim namaz qılıb oruc tutmaqdan, alnını canamaza vurmaqdan daha mühümdür. Allah dini idman klubu olaraq yaratmayıb".

"Salman Rushdie-nin heç kimə, xüsusən də peyğəmbərə dil uzatmaq haqqı yoxdur".


Nobel mükafatlı Misir yazıçısı Naguib Mahfouz-un Amerikanın "Paris review" jurnalına müsahibəsindən


MÜXBİR

Senzura sizə çoxmu problem yaradıb? Yazılarınızın hansınısa yenidən işləməyə məcbur olmusunuzmu?

MAHFOUZ

Son dövrlərdə yox. Amma 2-ci Dünya Müharibəsi vaxtı "Yeni Qahirə" və "Radibus" senzura edilib. Mənim adımı solçu qoymuşdular. Senzorlar "Radibus"u "qızışdırıcı" adlandırmışdılar, çünki əsərdə xalq şahı öldürür, bizim şahımızsa o zaman hələ sağ idi. Mən onlara izah eləyirdim ki, bu, sadəcə, tarixi bir hekayətdir, onlarsa iddia edirdi ki, yox, tarixin saxtalaşdırılmasıdır və haqqında danışılan şahı xalq öldürməyib, o, "müəmmalı şəraitdə vəfat edib".

MÜXBİR

Deyəsən, senzorların "Cebelavi küçəsinin uşaqları"na da iradları olub.
Misir - Al-Azhar Universitetinin əsas giriş qapısı
Misir - Al-Azhar Universitetinin əsas giriş qapısı

MAHFOUZ

Bəli, olub. Baxmayaraq ki, mən o vaxt incəsənətin bütün növlərini əhatə edən senzura bürosunun* rəhbəri idim. Bununla belə, ədəbiyyat üzrə baş senzor mənə məsləhət gördü ki, Əl-Əzhərlə** - İslamın Qahirədəki ruhani mərkəzi ilə münaqişə yaranmasın deyə kitabı Misirdə çap etməyim. Kitab Beyrutda işıq üzü gördü və onu Misirə gətirmək qadağan idi. 1959-cu iliydi, Nasser-in*** hakimiyyəti dövrüydü. Kitabı hələ də burda tapıb ala bilməzsiz. İnsanlar onu Misirə qaçaq yolla gətirirlər.

__________
*Misirin Mədəniyyət Nazirliyində
**"Əl-Əzhər Universiteti. Dini təhsil ocağı. Universitetdə çalışan ruhanilər sünni aləmində böyük nüfuza malikdirlər və müxtəlif məsələlərlə bağlı fitvalar verirlər.
***Misirin ikinci prezidenti Gamal Abdel Nasser (1958-1970-ci illər arasında)

Müxbir yazıçıdan onu da soruşur ki, "Cebelavi küçəsinin uşaqları"nı yazmaqda məqsədi nə olub? Əsərin provokativ alınması kimi niyyəti olubmu? Mahfouz deyir ki, sadəcə, istəyib kitabı cəmiyyətdə elmə də yer olduğunu göstərsin. Demək istəyib ki, elm dini dəyərlərə zidd deyil. Oxucuları inandırmağa çalışıb ki, elmi inkar etmək olmaz. Mahfouz-un sözlərinə görə, bunu anlamayıb kitabdakı ideyaları yanlış yozan oxucular da olub.

"Cebelavi küçəsinin uşaqları"nda hadisələr 19-cu əsrdə Qahirədə baş verir. Amma bu hadisələr əslində İslam, xristianlıq və yəhudiliyin tarixinin alleqorik ifadəsidir. Əsər 1959-cu ildə çap ediləndə dindarların kəskin etirazına səbəb olmuşdu. Onlar əsərdə peyğəmbərlərin təhqir edildiyini iddia etmişdilər. Nobel mükafatından sonra yazıçının bu əsəri yenidən diqqət mərkəzinə gəlmiş və 1994-cü ildə ekstremistlər Mahfouz-u evinin qarşısında bıçaqla boynundan ağır yaralamışdılar.

Mahfouz isə "Paris review"ya deyir ki, 19-cu əsrdə yaşayan insanları peyğəmbərlərlə eyniləşdirmək, əsərdə peyğəmbərlərin qəddar adamlar kimi təsvir olunduğunu iddia etmək düzgün deyil. Alleqoriya hərfi mənada başa düşülməməlidir. O deyir ki, məsələn, "Kəlilə və dimnə"də şir sultanın alleqorik obrazıdır, amma bu o demək deyil ki, müəllif sultanı heyvana çevirib.

Daha sonra müxbir yazıçıdan 80-ci illərin sonu. 90-cı illərin əvvəlində ən çox dartışılan hadisələrdən birinə münasibət öyrənmək istəyir:


MÜXBİR

Salman Rushdie məsələsi haqda nə düşünürsünüz? Hesab edirsinizmi ki, yazıçının azadlığına heç bir sərhəd qoyulmamalıdır?

MAHFOUZ

Mən sizə nə düşündüyümü açıq deyəcəm. Mənə görə, hər bir cəmiyyətin öz ənənələri, qanunları və dini dəyərləri var. Cəmiyyət onları qorumağa çalışır. Zaman-zaman ortaya bəzi fərdlər çıxıb dəyişiklik tələb edirlər. Hesab edirəm ki, cəmiyyətin özünü qorumağa haqqı çatır. Eyni zamanda fərdlərin də razılaşmadıqları məsələlərə qarşı çıxmaq haqqı var. Əgər yazıçı o qənaətə gəlirsə ki, cəmiyyətin qanunları, inancları köhnəlib, yaxud artıq zərərli bir şeyə çevrilib, onda bunu açıq ifadə etmək onun borcudur. Amma o bunun bədəlini ödəməyə də hazır olmalıdır. Əgər açıq danışmağın bədəlini ödəməyə hazır deyilsə, susmalıdır. Tarixdə öz ideyalarını açıq şəkildə bəyan etdiyi üçün həbsə salınanlar, yaxud yandırılanlar çox olub. Cəmiyyət hər zaman özünü müdafiə edib. Cəmiyyət eyni şeyi öz polisi, məhkəməsi ilə indi də edir. Mən həm ifadə azadlığını, həm də cəmiyyətin buna etiraz etmək haqqını dəstəkləyirəm. Mən fərqli olmağımın bədəlini ödəməliyəm. Bu təbii bir şeydir.

MÜXBİR
Salman Rushdie "Şeytan ayələri" kitabı ilə, ABŞ, 2006
Salman Rushdie "Şeytan ayələri" kitabı ilə, ABŞ, 2006

"Şeytan ayələri"ni oxumusunuz?

MAHFOUZ

Oxumamışdım. O çap olunanda oxumaq artıq mənim üçün çətinləşmişdi - axır illərdə görmə qabiliyyətim xeyli zəifləyib. Amma Amerikanın İsgəndəriyyədəki hərbi attaşesi kitabı mənə fəsilbəfəsil anlatdı. Mənim üçün kitabdakı təhqirlər qəbuledilməz idi. Rushdie hətta peyğəmbərin qadınlarını da təhqir edir! Mən ideyalarla bağlı polemikaya girə bilərəm, amma təhqirə nə deyəsən. Təhqir məhkəməlik bir şeydir. Amma mən Xomeyninin də mövqeyini eyni dərəcədə təhlükəli sayıram. Onun hökm çıxarmağa haqqı yoxdu - bu, islami bir yol deyil. İslami prinsiplərə görə, insan sapıqlıqda suçlanırsa, ona seçim haqqı verilir, ya tövbə etməlidir, ya da cəzalanmalıdır. Rushdie-yə bu seçim verilməmişdi. Mən həmişə Rushdie-nin yazmaq hüququnu müdafiə etmişəm və onun hansı ideyaları ifadə etmək istədiyini anlatmışam. Amma onun heç kimə, xüsusən də peyğəmbərə, yaxud müqəddəs sayılan başqa anlayışlara dil uzatmaq haqqı yoxdur. Razısınızmı mənimlə?

MÜXBİR

Nə demək istədiyinizi anlayıram... Quranda təhqirlər və küfr müzakirə edilirmi?

MAHFOUZ

Əlbəttə. Quran da, bütün sivil ölkələrin qanunları da dinə ləkə yaxılmasının əleyhinədir.

MÜXBİR

Uşaq vaxtı dindar idinizmi? Hər cümə atanızla birlikdə məscidə gedirdinizmi?

MAHFOUZ

Erkən yaşlarımda çox dindar idim. Amma atam heç vaxt məni cümə günləri məscidə getməyə məcbur etməzdi. Baxmayaraq ki özü hər həftə gedirdi. Sonralar mən bu qənaətə gəldim ki, din müzakirəyə açıq olmalıdır; qapalı dinin axırı yoxdur. İfrat dini təəssübkeşlik mənə həyatın yorub əldən saldığı insanların son sığınacaq yeri kimi görünürdü. Mən dini çox mühüm, amma eyni zamanda potensial olaraq təhlükəli sayıram. Əgər sən insanları hərəkətə gətirmək istəyirsənsə, həssas məqamları seçirsən. Misirdə isə din qədər heç nə insanları hərəkətə gətirə bilmir. Kəndlini işləməyə nəylə sövq etmək olar? Din ilə.
Qahirədəki Al-Azhar məscidi
Qahirədəki Al-Azhar məscidi

Buna görə də, yazıçı hesab edir ki, dini yozumlar sağlam düşüncəyə əsaslanmalıdır. Din yalnız emosiyalarla yox, həm də inkişaf və sivilizasiyayla bağlı olmalı, sevgi və insanlıq təbliğ etməlidir. Amma Mahfouz təəssüf edir ki, çox vaxt dini yozumlar gerizəkalılığın nəticəsi olur və sivilizasiyanın ehtiyacları ilə ziddiyyət təşkil edir. Bu məqamda müxbir yazıçıdan soruşur ki, bəs başını, hətta üzünü, əllərini örtən qadınlar haqda nə düşünür? Demək olarmı ki, bu da dinin sivilizasiyayla zidddiyyət təşkil etməsinə nümunədir?

MAHFOUZ

Baş örtüyü artıq bir stilə, dəbə çevrilib. Çox adamçün artıq o bundan əlavə heç bir mənaya malik deyil. Amma mən dini ekstremizmdən doğrudan da qorxuram... Bu, bəşəriyyətin inkişafına tamamilə zidd olan dağıdıcı bir təzahürdür.

MÜXBİR

Hazırda namaz qılırsınızmı?

MAHFOUZ

Bəzən. Amma artıq yaşım imkan vermir. Öz aramızda qalsın, mən dini insanın çox mühüm davranış tərzi sayıram. Amma mənə görə, insan üçün öz dindaşınla yaxşı davranmaq daim namaz qılıb oruc tutmaqdan, alnını canamaza vurmaqdan daha mühümdür. Allah dini idman klubu olaraq yaratmayıb.

MÜXBİR

Məkkədə olmusunuz?

MAHFOUZ

Yox.

MÜXBİR

Getmək istərdiniz?

MAHFOUZ

Yox. Mən ümumiyyətlə, insan yığınına nifrət edirəm.

"Paris review" jurnalı (1992)
İngiliscədən Rövşən Qəmbərov çevirib.
XS
SM
MD
LG