Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:34

Ayətullanın qorxunc fitvası...


Böyük Britaniya - Salman Rushdie polis və mühafizəçilərin əhatəsində, 1992

Böyük Britaniya - Salman Rushdie polis və mühafizəçilərin əhatəsində, 1992

-

Yazıçı Salman Rushdie-nin ölüm hökmünə ilk reaksiyası

Ona fitva xəbərini səhər-səhər BBC-nin müxbiri çatdırmışdı. Müxbirin adı yadında deyil... Telefon nömrəsini haradan tapdığını demədən evinə zəng eləmişdi.

Günəşli bir çərşənbə axşamı idi, amma fitva xəbəri o gün aydın səmada qəfil ildırım kimi çaxmışdı.

Müxbir soruşmuşdu ki:

- Ayətulla Xomeyni tərəfindən ölümə məhkum edildiyinizi biləndən sonra nə hisslər keçirirsiniz?

- Xoş hiss deyil.

Bunu demişdi, amma öz-özünə başqa şey fikirləşmişdi. "Ölümün yetib..."

Qalmaqallı "Şeytan ayələri" kitabının müəllifi, Britaniya yazıçısı Salman Rushdie bunları bir müddət öncə çap edilən "Jozeph Anton" kitabında yazır.

Kitab onun 25 il qabaq başlayan və illərlə davam edən gizli həyatından bəhs edir. O, "Jozeph Anton" adı altında gizlənirdi.

Onu "Şeytan ayələri"ndə İslamı və peyğəmbərin həyat yoldaşlarını təhqir etməkdə suçlayırdılar.

Yazıçı müxbirlə telefon söhbəti zamanı düşünürmüş ki, görəsən, ömrünün axırına neçə günü qalıb. O məqamda əmin idi ki, 5-10 gün ola, ya olmaya.
Türkiyə - Iranın o vaxtkı baş naziri Mir-Hossein Mousavi fitva ilə bağlı suallara cavab verir, kitabı İslami dəyərlərə qarşı qəsd adlandırır, 16 fevral 1989irport, 17Feb1989

Türkiyə - Iranın o vaxtkı baş naziri Mir-Hossein Mousavi fitva ilə bağlı suallara cavab verir, kitabı İslami dəyərlərə qarşı qəsd adlandırır, 16 fevral 1989irport, 17Feb1989


Dəstəyi yerə qoyan kimi pilləkanla tələsik iş kabinetindən qonaq otağına düşmüş, pəncərələri taxta jalüzləri ilə birlikdə qapamış, daha sonra qapını başlamışdı.

"BİZ"

Fitvanı eşidəndə Valentin günü imiş. Amma onun şəxsi həyatında artıq sevgi deyilən şey yox idi. Arvadı, Amerika yazıçısı Marianne Wiggins bir müddət əvvəl Rushdie-yə açıq demişdi ki, "daha özünü onun yanında xoşbəxt hiss etmir".

Bir il yox idi ailə qurmuşdular, amma Rusdie-nin özü də səhv etdiyini anlamışdı. Boşanmanın bir addımlığında idilər.

Amma gözünü, fitva xəbərindən "elektriklənmiş kimi" evdə əsəbi şəkildə vurnuxan ərindən çəkməyən Marianne "bundan sonra necə hərəkət edəcəyik" deyə soruşmuşdu. O "biz" kəlməsi işlətmişdi. Rushdie "Jozeph Anton" kitabında onun bu reaksiyasını "cəsur hərəkət" adlandırır.
Livan - nümayiş zamanı qızın tutduğu plakatda Salman Rusdie-nin öldürüləcəyi vəd edilir, 26 fevral 1989

Livan - nümayiş zamanı qızın tutduğu plakatda Salman Rusdie-nin öldürüləcəyi vəd edilir, 26 fevral 1989


Bu zaman CBS televiziyasının maşını gəlir. Onu canlı səhər efirinə aparmağa. Amma fitvadan sonra bunu etməyə dəyərdimi? Rushdie qərar verir ki, getsin. Evdən çıxanda arvadı ondan həmin gün Bruce Chatwin-in pravoslav kilsəsində keçiriləcək anım mərasimi haqda soruşur. Bruce Salmanın yaxın dostu idi. 40 yaşında "SPİD"dən ölmüşdü. Rushdie yaxın dostunun anım mərasiminə getməyə bilməzdi. Amma evdən çıxarkən arvadına konkret cavab vermir.

Rushdie nəylə fəxr edir?

CBS-in efirində Rushdie-dən soruşanda ki, fitvaya münasibəti necədir, deyir ki, "Kaş ki kitabı bundan da kəskin yazardım". Rushdie "Jozeph Anton" kitabında vurğulayır ki, bu cavabı ilə həmişə fəxr edib.

Bir qədər sonra Rushdie-nin arvadı CBS-ə zəng edir və ərinə çatdırır ki, evə qayıtmasın, "çünki onu səkilərin üstündə iki yüz jurnalist gözləyir".

Yazıçı televiziyadan öz ədəbi agentinin ofisinə gedir. Arvadı da ora gəlir. Onun evdən çıxması asan olmur. Kameralar, fotoaparatlar... Ertəsi gün onun şəkli bütün qəzetlərin manşetində idi. Hətta bir qəzet onun üzündəki ifadəni 5 santimetrlik hərflərlə belə təsvir etmişdi: "Qorxmaq belə olur"

Onlar qara SAAB-da kilsəyə yollanırlar. Yolda yazıçı düşünür ki, görəsən, onun Kəraçidə yaşayan anası və kiçik bacısının taleyi necə olacaq. Bəs əvvəlki arvadından olan 9 yaşlı oğlu Zəfəri nə gözləyir?..

Hazırladı: Rövşən Qəmbərov
Hindistan - müsəlmanlar Rushdie-nin müqəvvasını yandırır, 1999

Hindistan - müsəlmanlar Rushdie-nin müqəvvasını yandırır, 1999

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG