Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:05
-
Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının sözlərinə görə, «Sülh TV» regionda sülhə töhfə verməyi hədəfləyib. Layihə barədə ilkin məlumat hakimiyyətyönümlü mediada, hətta rəsmi mətbuatda da yayıldığından, ortaya müxtəlif suallar çıxdı:

Ermənistan-Azərbaycan ortaq televiziyası təşəbbüsünün arxasında kimlər durur? Hər 2 ölkənin hökuməti, Azərbaycan və erməni ictimaiyyəti bu ideyanı necə qarşılayır? Təşəbbüs, sadəcə, qrant almağa, yoxsa ciddi hədəflərə hesablanıb? Və s.

İdeyanın müəllifi Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılıdır. O, AzadlıqRadiosuna deyir ki, internet televiziyasından əvvəl onlar sayt yaradacaqlar və bu saytda multimedia imkanları da olacaq. Başqa sözlə, həm sülhə səsləyən videosüjetlər, həm də məqalələr yayacaqlar. Toplanmış görüntü bazası daha sonra fəaliyyətlərini internet TV kimi davam etdirməyə imkan verəcək. R.Hacılı layihəyə Türkiyə və Gürcüstanın da qatıldığını bildirir:

- Saytın yaradılması istiqamətində texniki işlər gedir. Uzun və çətin məsələdir, çünki sülh materialları müxtəlif dillərdə olacaq. Əvvəlcə saytda materiallar iki dildə – Azərbaycan və ingilis dillərində, daha sonra rus, erməni, türk və gürcü dillərində yayılacaq.

- Saytı kim və haradan yönəldəcək?

- Layihənin mərkəzi Azərbaycandır və saytı Azərbaycan Avropa Hərəkatı yönəldəcək. Bu saytda sülhə dair bədii-sənədli filmlər, yazılar, müxtəlif münaqişələrlə bağlı materiallar yerləşdiriləcək. Ona diqqət ediləcək ki, bütün materiallar sülhə xidmət etsin. Digər ölkələrdən olan tərəfdaşlarımızın çəkdiyi süjetləri, «skype» vasitəsilə hazırlanmış verilişləri də sayta yerləşdiriləcəyik.

- Ermənistan və Azərbaycanda qıcıq oyatmaması üçün materialları necə seçəcəksiniz?

- Biz mütəxəssislərlə məsləhətləşəcəyik, xüsusən bu işdə təcrübəsi olanlarla. Məsələn, «İnternyus»un təcrübəsindən yararlanacağıq.

- Azərbaycanla Ermənistan arasındakı mübahisəli məqamlarla bağlı necə davranacaqsız? Tutalım, Xankəndinin adında, Şuşanın işğal günü, Xocalı faciəsi və bu kimi tarixlərdə, yer adlarında, digər məsələlərdə necə ortaq məxrəcə gələcəksiniz?

- Bunların hamısı çətin məsələlərdir. Bu kimi məsələlərə beynəlxalq hüquq çərçivəsində yanaşmağa çalışacağıq. Beynəlxalq hüquq Dağlıq Qarabağı və digər işğal olunmuş torpaqları Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Buna görə də yer adları da Azərbaycan türkcəsində olmalıdır.

- Bəs Ermənistan tərəfi necə reaksiya verəcək buna? Bir halda ki layihədə tərəfdaşdır, demək, mövqeyi də dinlənilməlidir...

- Ermənistan tərəfi ilə ciddi fikir ayrılığı olacağını düşünmürəm. Biz çalışırıq son dərəcə diqqətli olaq ki, bu istiqamətdə hər hansı hay-küy yaradacaq materiallar olmasın. Təbii ki, bəzi məqamlarda həm Azərbaycanda, həm də Ermənistanda hay-küy doğacaq. Amma biz çalışacağıq ki, mütəxəssisləri çağıraq və onların rəyi ilə hesablaşaq, hüquqi və etik incəliklərə həssas yanaşaq ki, bizi utandıracaq hay-küylər baş verməsin.

- Azərbaycan hakimiyyəti Ermənistanla fərdi əlaqələrə təhlükəsizlik baxımından həssas yanaşır. Xatırlayırsınızsa, «Eurovision» mahnı yarışmasında Ermənistan təmsilçisinə səs verən gənc MTN-ə çağırılmışdı. Bu ideya ilə bağlı sizi sorğulayıblarmı?

- Azərbaycan hökumətinin bizə qarşı hər hansı təzyiqi, hər hansı bir sorğulaması yoxdur, olacağına da inanmıram. Hətta kimsə istəsə ki, bizi dövlətlə üz-üzə qoysun, bu da alınmayacaq. Axı bu məsələyə peşəkar yanaşırıq. Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycan hökuməti münaqişənin həlli üçün sülh yolunu tutur, biz də bu istiqamətdə öz töhfəmizi veririk.

- Deyirsiniz ki, canlı verilişləriniz olacaq. Yəqin hakimiyyət təmsilçilərini də efirə çağıracaqsınız. Əməkdaşlıq üçün dövlət qurumları ilə görüşmüsünüz?

- Hökumətin iştirakında maraqlıyıq və biz bu görüşləri keçirəcəyik.

- Bu TV-nin hədəf auditoriyası kimlərdir?

- Regiondakı gənclər. Əsas hədəf kimi onları götürmüşük.

- Gənclər böyük qrupları əhatə edir: tələbələr, məcburi köçkünlər, atasını döyüşdə itirmiş nəsil…

- Bu, verilişdən-verilişə dəyişəcək. Bir verilişin hədəfi tələbələr, digərininki məcburi köçkünlər ola bilər.

- TV-nin ortaq dili nə olacaq?

- Daha çox ingilis dili.

- Region gənclərinin ingilis dilini anlayacağına əminliyiniz nədən qaynaqlanır? TV-də bu dili bilməyənlərin səsi necə eşidiləcək?

- Canlı yayımda ingilis dilindən istifadə edəcəyik, amma sonradan tərcümə edəcəyik. Açığı, belə incəlikləri hələ tam dəqiqləşdirməmişik. «Sülh TV»nin 5-6 ay sonra fəaliyyət göstərəcəyini düşünürük. Onadək bu məsələlərin də həllini taparıq.

- Saytın işinin idarə edilməsində erməni tərəfinin rolu nədən ibarət olacaq?

- Onlar saytın təbliğatını aparacaq və bizə süjetlər çəkib göndərəcəklər.

- Layihənin riskləri nədir? Kimlərdən narahatsınız?

- Narahat eləyən odur ki, hər hansı gənclər qrupu kimlərisə qızışdırar və bu, səs-küyə səbəb ola bilər. Başqa hər hansı təzyiq gözləmirəm.

- Erməni və Azərbaycan, eləcə də gürcü icmalarını hədəfləyən layihələr daha öncələr də olub, amma ömrü uzun sürməyib…

- Artıq mediaya çıxmış layihədir bu. Çox ciddi qurumlar dəstəyini bildirib. İdeyanın müsbət qarşılandığını görürük. Uğur qazanacağına inanıram.

Regionda sülhü dəstəkləyən layihəyə ABŞ-ın Marşal Fondu maliyyə dəstəyi verib. Ramin Hacılının sözlərinə görə, «Sülh TV»nin yaradılması üçün donorlarla danışıqlar gedir.

«BAŞA SALMAQ LAZIMDIR Kİ, BAŞQALARININ TORPAĞINI ZƏBT ETMƏK OLMAZ»

Yeni TV ideyasına cəmiyyətdən də reaksiyalar var.

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov azərbaycanlı və erməni gənclərin ortaq telekanal yaratmaq ideyasını dəstəkləyib. O, yerli mediaya açıqlamasında söyləyib ki, «Sülh TV» kanalının fəaliyyətə başlamasına yaxşı baxır:

«Gənclər bizim gələcəyimizdir. Onlar bir-biri ilə danışmalı, əlaqə saxlamalıdır. Bu səbəbdən gənclərin ortaq layihəsinə pis baxmıram. Erməni gənclərini də izah edib başa salmaq lazımdır ki, başqalarının torpağını zəbt etmək olmaz».

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı ortaq TV təşəbbüsünün əleyhinədir. O, modern.az saytına bildirib ki, bu da «xalq diplomatiyası»nın bir hissəsidir:

«Sənin torpağın işğal edilirsə, sən düşmən olmalısan. Torpağın işğal olunubsa və sən dost münasibətləri qurursansa, deməli, anormal adamsan. Nə qədər ki torpaqlar işğal altındadır sülhdən, dostluqdan söhbət gedə bilməz. Bunun əksini edənlər manqurtdur».

Konfliktoloq Əvəz Həsənov AzadlıqRadiosuna bildirib ki, «Sülh TV» ideya kimi müsbət qarşılanmalıdır, amma bu televiziyada yayımlana biləcək baza yetərli deyil. Onun fikrincə, bu elə videomateriallar olmalıdır ki, məsələyə pozitiv yanaşmayanlara da təsir göstərə bilsin.

Şərhləri göstər

XS
SM
MD
LG