Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:59

Naxçıvanda yanacağın qiyməti qalxdı...


Photo: Arxiv
Photo: Arxiv
-
Naxçıvan Muxtar Respublikasında yanacağın qiymətinin bahalaşdığı bildirilir.

Bu haqda AzadlıqRadiosuna məlumat verən yerli sakinlərin sözlərinə görə, bahalanmaya səbəb kimi Bakıdan Naxçıvana gətirilən yanacağın İran ərazisindən buraxılmasına yaradılan əngəl göstərilir. Məlumatlara görə, muxtar respublikadakı yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağı 1 manat civarında satılır.

«YANACAĞIN BİR LİTRİNİ 1 MANATA QALDIRIBLAR»

Bu bahalanmanın sürücülərlə yanaşı, sərnişinlər üçün də problemlər yaratdığı bildirilir. Taksi sürücüsü Məhəmməd Əliyev deyir ki, yanacağın qiymətinin qalxması onları gedişhaqqını qaldırmağa məcbur edib. O düşünür ki, yanacağın Naxçıvana məhdud şəkildə buraxılması işbazların əlinə bəhanə verib:

«İran yolunun bağlanması ilə əlaqədar artıq işbazlar yanacağın bir litrini 1 manata qaldırıblar. 10-15 gün əvvəl qəzetlərdə yazmışdılar ki, Azərbaycanda yanacağın qiyməti qalxacaq. Bizcə bu da rol oynayıb benzinin bahalaşmasında. Keçən dəfələrdə olduğu kimi, birinci Naxçıvanda qaldırırlar qiymətləri. Yolun bağlanması əllərinə bəhanə verib. Yolun açılmasında da maraqlı deyillər. Bu, bizə çox pis təsir edir. 10 gündür vəziyyət belədir. Məcbur olub biz də müştərilərə baha qiymət deyirik, bizim maşınlara minən yoxdur. Nə icarə haqqını verə bilirik, nə də evimizə çörəkpulu apara bilirik. Mən Culfa-Naxçıvan marşrutu üzrə işləyirəm. Əvvəl 15-16 manata gəlib gedirdik, indi 25-30 manatdan aşağı sərf eləməz. Ona görə minmirlər. Belə görünür ki, yol açılandan sonra da qiymətlər aşağı düşməyəcək».

«NAXÇIVANDA HƏR ŞEY NORMALDIR»

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyi ilə əlaqə saxladıq.
Natiq Cəfərli
Natiq Cəfərli
Nümayəndəliyin rəhbəri Həsən Hacıyevin Naxçıvanda yanacağın bahalaşması haqda deyilənlərə cavabı belə oldu:

«Naxçıvanda hər şey normaldır. Heç bir problem yoxdur».

«GÖRÜNÜR, ƏLLƏRİNƏ BƏHANƏ DÜŞÜB, QALDIRIBLAR».

İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, yanacağın Tarif Şurası tərəfindən müəyyən edilmiş qiymətdən baha satılması qanunla qadağandır:

«Qıtlıq yaranırsa, bunun çarəsi qiymətin qaldırılması yox, problemin çözülməsidir. Naxçıvana yanacağı Gürcüstandan keçib Türkiyə üzərindən də gətirmək olar. Başqa yollar da var. Bu, əhalinin yox, dövlətin problemidir. Ərzaq və digər məhsullarda, ola bilər ki, qıtlıq olsun, qiyməti bazar tənzimləsin, bahalaşma olsun. Bu məsələdə isə qiyməti yalnız dövlət qaldıra bilər. Naxçıvan illərdir blokadadadır deyə, onun ehtiyat yanacaq fondu olmalıdır ki, belə vəziyyətlərdə istifadə etsinlər. Görünür, ya belə ehtiyat yaratmaq yadlarına düşməyib, yaxud da qiyməti bilərəkdən qaldırıblar. Naxçıvanda siyasi rəhbərliyin iradəsi olmadan bu cür qiymət qaldırılması mümkün deyil. Görünür, əllərinə bəhanə düşüb, qaldırıblar».

Bu il noyabrın 5-də Naxçıvanda Araz çayında sahilbərkitmə işləri aparan traktor İran ərazisindən atəşə tutulmuşdu.

Bu olaydan sonra – noyabrın 8-də İran tərəfi Azərbaycanla həmsərhəd Biləsuvar və Culfa keçid məntəqələrini bağlamışdı.

Hazırda bu məntəqələrin fəaliyyəti qismən bərpa olunsa da, yük maşınlarının keçidinə məhdudiyyətlərin davam etdiyi bildirilir.
XS
SM
MD
LG