Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:31
-
Ali Məhkəmə Əli İnsanovun işinə dair Bakı Apellyasiya və Ali Məhkəmənin qərarlarını ləğv edib. İşə dair Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin qərarı dəyişdirilməyib və araşdırılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Əli İnsanovun vəkili Toğrul Babayev AzadlıqRadiosuna müsahibəsində qərarı «ədalətsiz, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına hörmətsizlik» adlandırıb.

Onun sözlərinə görə, Avropa Məhkəməsi birinci instansiya, apellyasiya və Ali Məhkəmənin qərarlarında kobud qanun pozuntuları müəyyənləşdirib. Cinayət Prosessual Məcəllənin tələblərinə görə, hər 3 məhkəmənin qərarları ləğv olunmalı, Əli İnsanov da dərhal azad olunmalıydı:

«Avropa Məhkəməsinin birinci instansiya məhkəməsində qanun pozuntusu olduğunu göstərməsinə baxmayaraq, Əli İnsanovu həbsdə saxlamaq üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərirlər».

Toğrul Babayev deyir ki, Ali Məhkəmənin qərarı ilkin instansiya və apellyasiya məhkəməsinin qərarlarından fərqlənməyib və bu səbəbdən hər 3 qərar ləğv olunmalıydı:

«Ancaq Plenum Bakı Apellyasiya və Ali Məhkəmənin qərarlarını ləğv edib işə yenidən baxılmaq üçün apellyasiyaya göndərdi. Yəni, birinci instansiya ləğv olunsaydı, Əli İnsanov buraxılmalıydı».

Vəkil qərarı «qərəzli, siyasi sifariş» sayır. Onun fikrincə, Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarını qismən icra edib. Vəkil qərardan Avropa Şurası Nazirlər Komitəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini deyir.

ƏLİ İNSANOVUN TƏRƏFDARLARI ALİ MƏHKƏMƏNİN QARŞISINA TOPLAŞIB

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, hazırda Ali Məhkəmənin qabağına keçmiş səhiyyə naziri Əli İnsanovun onlarla tərəfdarı, qohumu toplaşıb.
Ali Məhkəmənin qarşısı

Ali Məhkəmənin qarşısı


Həmin şəxslər arasında keçmiş təhsil naziri Firudin Cəlilov, El hərəkatının rəhbəri Eldar Namazov, Milli Şuranın üzvü Zəfər Quliyev və digərləri var.

Əli İnsanovun vəkili Toğrul Babayev AzadlıqRadiosunun müxbirinə deyib ki, keçmiş səhiyyə nazirinin bu gün azadlığa buraxılacağına ümid edir.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu AzadlıqRadiosuna bildirib ki, Ali Məhkəmənin Plenumunda 2003-cü ildə evindən götürülən qiymətli əşyaların qaytarılması ilə bağlı iddia qaldıracaq.

Ali Məhkəmənin Plenumunda müxalifətçilərin işi təxirə salınıb. Səbəb kimi işə baxan hakimlərdən biri – Fərhad Kərimovun xəstələnməsi göstərilib.

“10 MİN AVRO KOMPENSASİYA DA ÖDƏNİLMƏLİDİR”

Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiyada ittiham olunaraq 11 il azadlıqdan məhrumetmə cəzası alıb. 2013-cü il martın 14-də Əli İnsanovla bağlı qərarını açıqlayan Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti Əli İnsanova 10 min avro kompensasiya da ödəməlidir.

Bu gün Ali Məhkəmə həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin dörd müxalifətçi barədə qərarına baxır. 2003-cü ilin oktyabrında Azərbaycanda keçirilən prezident seçkisindən sonra həbs edilmiş Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, keçmiş baş nazir Pənah Hüseyn və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediblər.

2011-ci il, iyulun 26-da Avropa Məhkəməsi Arif Hacılı, Sərdar Cəlaloğlu, Pənah Hüseyn və Rauf Arifoğlunun məhkum olunmasını qanunsuz sayıb və onların məruz qaldığı ədalətsizliyə görə Azərbaycan dövlətini ümumilikdə 40 min avro cərimələyib. Qərara görə, Azərbaycan dövləti şikayətçilərin hər birinə 10 min avro maddi təzminat ödəməli idi. Müxalifətçilərə təzminat ödənilsə də, qərar özü yerinə yetirilməyib.

***

Noyabrın 15-də Ali Məhkəmənin Plenumu başlayıb. Bu barədə AzadlıqRadiosuna məhkəmədən məlumat verilib.

Plenumda sabiq səhiyyə naziri Əli İnsanov, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, AXP sədri Pənah Hüseyn, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu haqqında Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarlara da baxılacağı gözlənilir.

Əli İnsanovun vəkili Toğrul Babayevin AzadlıqRadiosuna verdiyi məlumata görə, məsələyə saat 15:00-da baxılacaq.

APA informasiya agentliyi xəbər verir ki, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov da iştirak edirlər.

İclası açıq elan edən Ali Məhkəmənin sədri Ramiz Rzayev Plenumda konkret cinayət işlərinə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması haqda cinayət işləri üzrə məhkəmə təcrübəsinin öyrənilməsi məsələlərinə baxılacağını deyib.

Bildirilib ki, həmçinin İnzibati Xətalar və Cinayət Məcəllələrində yol hərəkəti ilə bağlı qaydalara dəyişiklik edilməsi haqqında Milli Məclisə təklif verilməsi məsələsi müzakirə olunacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG